11 iyul 2025 13:28
92

Srebrenitsa soyqırımından 30 il ötür

Bu gün İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımının 30-cu ildönümüdür.

“İki sahil” xəbər verir ki, bu gün Bosniya və Herseqovinada Srebrenitsa soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilir. Həmçinin qətliam zamanı öldürülən və kimlikləri müəyyənləşdirilən 7 nəfər Potoçari Memorial Qəbiristanlığında keçirilən anım mərasimində dəfn edilir. Onlardan ikisi - ən gəncləri öldürüldükləri zaman 19 yaşında, ən yaşlısı isə 67 yaşında olub.

Kütləvi dəfn mərasiminə minlərlə insan qatılacaq. Bununla da Potoçari Memorial Qəbiristanlığında dəfn olunan faciə qurbanlarının sayı 6765-ə çatacaq. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb. Faciədən 30 il keçməsinə baxmayaraq, 1300-dən çox soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Qeyd edək ki, BMT Baş Assambleyası ötən il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib. Əsasən Avropadan olmaqla bəzi ölkələr müxtəlif illərdə Srebrenitsa soyqırımını pisləyən qanun layihələri və qətnamələr qəbul ediblər. Avropa İttifaqı rəsmiləri isə hər il faciənin ildönümündə soyqırımını pisləyən çıxışlar edirlər. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. Xatırladaq ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn olunub.