Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiya ilə strateji nəqliyyat bağlılığını reallaşdırmaq üçün əvəzolunmaz ölkə kimi dəyərləndirilir
Ölkəmizin ümumi iqtisadi inkişafından bəhs edərkən enerji amili xüsusi olaraq vurğulanır. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında da bu amilin rolu inkaredilməzdir. Bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə də bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyev çıxışında hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu önə çəkərək ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransından danışdı. Qeyd edildi ki, konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə Azərbaycan dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin əhəmiyyəti beynəlxalq səviyyədə də xüsusi vurğulanır. Ölkəmiz öz daxili tələbatını ödəməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatında fəal iştirakı ilə diqqətdədir. ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Analitika və Siyasi Tədqiqatlar üzrə direktoru, Serbiya Prezidentinin və Xarici İşlər Nazirinin sabiq baş müşaviri, eləcə də BMT Baş Assambleyası prezidentinin sabiq müşaviri Damyan Krneviç müsahibəsində bildirir ki, tarix sübut edir ki, Avropa İttifaqı (Aİ) üçün Qərb ölkələri xaricində neft və qazı boru kəmərləri ilə ən etibarlı şəkildə tədarük edən ölkə məhz Azərbaycandır. Əgər Cənub Qaz Dəhlizinin buraxılış gücü ikiqat artırılarsa, Azərbaycan Aİ-nin qaz tələbatının azı 10 faizini təmin edə biləcək. Əgər bura “yaşıl mənbə”lərdən əldə edilən elektrik enerjisi də əlavə olunsa, bu, onilliklərlə davam edə biləcək daha proqnozlaşdırıla bilən, sabit, təhlükəsiz və dostyana strateji enerji tərəfdaşlığına çevriləcək. O, həmçinin onu da əlavə edir ki, Azərbaycan Avropa İttifaqının Mərkəzi Asiyaya çıxışı üçün əsas ölkədir. Prezident İlham Əliyevin “Avrasiya nəqliyyat xəritəsini Azərbaycan və onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil” fikirlərini önə çəkən müsahib vurğulayır ki, Azərbaycan Aİ-nin Mərkəzi Asiya ilə strateji nəqliyyat bağlılığını reallaşdırmaq üçün əvəzolunmaz ölkədir. Bu yanaşma yalnız Aİ üçün deyil, istənilən digər xarici aktor və ya beynəlxalq birlik üçün də keçərlidir. Azərbaycan Orta Dəhlizin əvəzolunmaz dövlətidir. İpək Yolu regionunun istər şərqindən, istərsə də qərbindən hərəkətə başlasanız belə Azərbaycandan kənar keçmək mümkün deyil. Məhz buna görə də Azərbaycanın əvəzolunmazlığı ilə bağlı arqument həm Aİ, həm Türkiyə, həm Mərkəzi Asiya ölkələri, həm Çin, həm də digər tərəfdaşlar üçün eyni dərəcədə aktualdır. “Sizcə, uzunmüddətli perspektivdə Azərbaycanın Avrasiya nəqliyyat və enerji arxitekturasında rolu necə olacaq? Azərbaycan yalnız tranzit ölkəsi kimi deyil, həm də regional logistika və investisiya mərkəzinə çevrilə bilərmi” sualına gəldikdə isə Damyan Krneviç bildirir ki, bəli, Azərbaycan coğrafi mövqeyinə və bu mövqedən irəli gələn geosiyasi və geoiqtisadi nəticələrə görə unikal imkanlara malikdir. Mən “əvəzolunmaz ölkə” ifadəsini işlədərkən məhz bunu nəzərdə tuturam. Bu üstünlüyü maksimum dərəcədə və Azərbaycanın maraqlarına uyğun şəkildə reallaşdırmaq üçün danışıqlar prosesini düzgün qurmaq vacibdir. Azərbaycanın əldə etdiyi uğurlara — son onilliklərdə imzalanmış razılaşmaların tarixçəsinə nəzər salsaq, bu vəzifənin öhdəsindən uğurla gələcəyini əminliklə söyləyə bilərik.
Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək ölkəmizin gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın enerji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin, əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Azərbaycanın enerji təhlükəsizliyində yeni səhifə kimi dəyərləndirilən «8 Noyabr» Elektrik Stansiyasının açılışı mərasimindəki çıxışında da bu reallıqları xüsusi qeyd etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir: «Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.»
İstər qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərə, istərsə də beynəlxalq tədbirlərə diqqət yetirsək enerji sektorunda əməkdaşlığa, Azərbaycanın bu sahədə malik olduğu imkanlara xüsusi diqqət yönəldildiyini görərik. Qeyd edək ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə istər məhdud, istərsə də geniş tərkibdə görüşlərdə iki ölkənin münasibətlərinin gələcək inkişafından bəhs edərkən energetika sahəsində ölkəmizin malik olduğu imkanlar xüsusi qeyd edildi. Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini bildirdi.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı Anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Bu məqsəd üçün Azərbaycana ixrac marşrutları lazımdır. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda bu əminliyi ifadə edir ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.
Azərbaycanın son illərdə enerji sektorunda qazandığı uğurlardan bəhs edərkən Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini, Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməlinin qoyulmasını, Cəbrayılda bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasının davam etdirilməsini qeyd edə bilərik. Bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Bundan əlavə, Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində ciddi işlər görülür. Artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib və ya tikintisi davam etdirilir. Bu stansiyalar həm bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, həm də enerji təhlükəsizliyinə töhfə verir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur ki, bu da region üzrə ən yüksək göstəricilərdən biridir.
Azərbaycan qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olur. Ölkəmiz bərpaolunan enerji mərkəzi kimi tanınır. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir. Yuxarıda qeyd etdiyimiz müsahibədə də bu məqamlar xüsusi vurğulanır ki, enerji komponenti artıq bu gün olduqca mühüm rol oynayır və gələcəkdə daha da əhəmiyyətli olacaq. Hər zaman yeni körpülərin qurulmasında maraqlı olan Azərbaycan ənənəvi tərəfdaşlarla əlaqələrinin daha da möhkəmləndirilməsi üçün səylərini artırır. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP və TAP-ın tərkibinin genişləndirilməsi əsas hədəflərdəndir. Bu il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında günümüzün bu əsas çağırışı səsləndirilmişdir: Enerji təhlükəsizliyimizi birlikdə gücləndirək, bərpaolunan enerji resurslarına investisiyaları yatıraq və bazarlar arasında ticarəti təşviq edək.
Yeganə Əliyeva, “İki sahil”