15 iyul 2025 10:12
162

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manatlıq investisiya

Fuad İbrahimov: Əsas hədəf  sabit və institusional iqtisadi sistem qurmaqdır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən sosial-iqtisadi layihələr ölkənin ümumi inkişaf trayektoriyasında xüsusi yer tutur. Qarabağ regionunda bərpa və quruculuq işləri paralel şəkildə aparılmaqla yanaşı, sahibkarlığın təşviqi və inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər təkcə infrastrukturun yenidən qurulmasına deyil, həm də regionun dayanıqlı iqtisadi sistemə inteqrasiyasına xidmət edir.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında aparılan işlər bunun bariz nümunəsidir. Həmin ərazilərdə 474 obyekt sahibkarlara icarəyə verilib və bu obyektlərə indiyədək 45,5 milyon manat məbləğində investisiya yatırılıb. Artıq 2 minə yaxın şəxs bu obyektlərdə işlə təmin olunub və gözləntilərə əsasən, yaxın gələcəkdə bu sayın 5 minə çatacağı proqnozlaşdırılır. Bu rəqəmlər sahibkarlığın regionda iqtisadi canlanmaya verdiyi töhfənin əyani göstəricisidir.

Sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə dövlət tərəfindən mühüm hüquqi və fiskal mexanizmlər də tətbiq olunub. Vergi Məcəlləsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərin rezidentləri 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediliblər. Bu təşviq tədbirləri regionda fəaliyyət göstərmək istəyən sahibkarlar üçün əlverişli mühit yaradır və investor risklərini minimuma endirir. Məhz bu səbəbdən təkcə yerli deyil, eyni zamanda, xarici investorlar da regiona maraq göstərməkdədir.

Qarabağda sənaye zonalarının və aqroparkların yaradılması sahibkarlığın strukturlaşdırılmış inkişafına təkan verən əsas mexanizmlərdən biridir. Dünya təcrübəsi göstərir ki, sənaye məhəllələrinin yaradılması yerli istehsalın və emal sənayesinin formalaşmasında, texnologiyaların transferində və məşğulluğun təminində həlledici rol oynayır. Aqroparklar isə kənd təsərrüfatı sahəsində müasir idarəetmə modellərinin tətbiqi ilə həm ərzaq təhlükəsizliyi, həm də kənd əhalisinin sosial rifahı baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda Qarabağda aparılan layihələr dövlət-özəl sektor tərəfdaşlığının uğurlu modelini ortaya qoyur. Həm infrastrukturun yaradılması, həm də biznes mühitinin liberallaşdırılması sahəsində koordinasiyalı fəaliyyət sahibkarlığın genişlənməsi üçün real əsaslar formalaşdırır. Bu yanaşma həm də ölkənin ümumi iqtisadi inkişafına mühüm töhfə verir.

Nəticə etibarilə, Qarabağda sahibkarlığın inkişafı təkcə iqtisadi layihələrin icrası deyil, həm də regionda həyatın bərpası, insan potensialının reallaşması və sülh şəraitində davamlı iqtisadi sistemin qurulması baxımından strateji əhəmiyyət daşıyır. Bu proses dövlətin siyasi iradəsi, hüquqi təşviq mexanizmləri və sahibkarlıq təşəbbüsləri ilə birgə formalaşaraq Qarabağın yeni iqtisadi həyatının əsasını qoyur.

İqtisadiyyat üzrə fəlsəfə doktoru Fuad İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Xankəndi, Ağdərə və Xocalı üzrə əldə edilən göstəricilər ilkin mərhələdə müsbət dinamika nümayiş etdirsə də, regionun real potensialı ilə müqayisədə hələ də kifayət qədər aşağıdır: “Əsl məqsəd bu göstəricilərin sadəcə faizlə deyil, dəfələrlə artırılmasıdır. Qarabağda sahibkarlığın geniş miqyasda inkişafı mərhələli şəkildə baş verir və bu, prosesin təbii axarı baxımından məntiqlidir. Regionun sosial strukturunun yenidən formalaşdırılması, Böyük Qayıdış Proqramının icrası, əhalinin yerləşdirilməsi və xidmət sahələrinin qurulması zaman tələb edən məsələlərdir. Bu baxımdan, hər bir iqtisadi göstərici – istər investisiya həcmi, istər məşğulluq, istərsə də istehsal potensialı – məkan və zaman çərçivəsində mərhələli şəkildə reallaşmalıdır”.

Fuad İbrahimov qeyd etdi ki, hazırda regionda sahibkarlığın inkişafında daha çox xidmət sektoruna üstünlük verilir : “Xüsusilə turizm potensialı nəzərə alınaraq bu sahənin canlandırılması üzərində iş aparılır. Lakin artıq sənaye sahəsində də real addımlar atılmağa başlanılıb. Xankəndidə istehsala dair ilk təşəbbüslər reallaşdırılır və bu, gələcəkdə istehsal sektoru ilə xidmət sektorunun balanslı şəkildə inkişaf etdirilməsinin xəbərçisidir. Ətraf bölgələrdə sənaye zonalarının – xüsusilə Ağdam Sənaye Parkının və Cəbrayılda Araz Vadisi İqtisadi Zonasındakı sənaye mərkəzlərinin – tam gücü ilə fəaliyyətə başlaması Qarabağın iqtisadi sisteminə böyük təsir göstərəcək. Eyni zamanda, regionda geniş infrastrukturun – nəqliyyat yolları, enerji xətləri, su və rabitə sistemlərinin  bərpası sahibkarların fəaliyyət dairəsini genişləndirəcək. Loqistika və infrastrukturun inkişafı isə həm xammalın, həm də məhsulun hərəkətini asanlaşdırmaqla iqtisadi dövriyyənin sürətlənməsinə səbəb olacaq”.

Həmsöhbətimizin sözlərinə görə, Qarabağ ərazisi zəngin təbii sərvətlərə malikdir. Bu resursların iqtisadi dövriyyəyə cəlb olunması təkcə ölkə daxilində deyil, regionda da iqtisadi təsir gücünü artıracaq. Odur ki, sahibkarlığın inkişafı təkcə xidmət və istehsalla deyil, həm də mədən sənayesi və təbii resursların rasionallaşdırılması ilə müşayiət olunmalıdır.

Fuad İbrahimli vurğuladı ki, əsas hədəf yalnız müvəqqəti məşğulluq yaratmaq deyil, dayanıqlı iqtisadi model qurmaqdır: “Mövsümi və qısamüddətli iş yerləri ilə kifayətlənmək iqtisadi zəminin uzunmüddətli sabitliyini təhlükə altına ata bilər. Bu səbəbdən bölgədə həyata keçirilən bütün layihələr institusional və makroiqtisadi səviyyədə planlaşdırılmalı, hüquqi və inzibati baza ilə möhkəmləndirilməlidir. Bu gün regionda görülən işlər, cəlb edilən investisiyalar və formalaşan biznes mühiti göstərir ki, Qarabağda sahibkarlığın inkişafı real və davamlı xarakter daşıyır. Prosesin mərhələli şəkildə aparılması isə həm sosial, həm də iqtisadi baxımdan daha sağlam və səmərəli nəticələrə zəmin yaradır. Qarabağ yalnız torpaq baxımından deyil, iqtisadi imkanlar baxımından da Azərbaycanın yeni inkişaf məkanına çevrilir”.

Nigar Orucova, “İki sahil”