Türkiyə əhalisinin sayının azalması tendensiyası davam edərsə, yaxın 5 ildə ölkədəki liseylərdə birinci sinif şagirdlərinin sayı təxminən 900 min nəfər azalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib.
“Milliyet” qəzeti nazirə istinadla Türkiyənin demoqrafik xəritəsinin modelləşdirilməsindən əldə edilən məlumatlara diqqət çəkib.
Nazir əlavə edib: “Biz ən pis ssenarilərdən başlamalıyıq. Türkiyə Statistika İnstitutunun proqnozlarına görə, 2100-cü ilə qədər ölkə əhalisi indiki 85,6 milyondan 54 milyon nəfərə düşə bilər. BMT 38 milyon rəqəmini də istisna etmir”.
Onun sözlərinə görə, bu, ümumi qlobal tendensiyadır: doğum səviyyəsi aşağı düşür, əhali qocalır.
“Əgər 1990-cı illərdə Türkiyədə doğum səviyyəsi 3,11 idisə, bu gün söhbət 1,48 rəqəmindən gedir. Yəni 52 faiz azalma var”, - deyən nazir bildirib ki, əhalinin sayını sabit saxlamaq üçün istənilən ölkədə 2,1 və daha yüksək doğum səviyyəsi olmalıdır.
Türkiyəli nazirin sözlərinə görə, ailələrdə ənənəvi olaraq 2 və daha çox uşaq olan Cənub-Şərqi Anadoluda da doğum nisbətində azalma qeydə alınıb. O əlavə edib: “Türkiyədə kişilər arasında orta nikah yaşı 28,3, qadınlarda isə 25,8 yaşa yüksəlib. Qadınlar ilk dəfə 29,3 yaşında ana olurlar. Bu gün Türkiyədə ailələrin cəmi 6 faizinin 3 övladı var”.
Göktaş ölkədə doğum səviyyəsinin stimullaşdırılması istiqamətində dövlət tərəfindən atılan addımlara diqqət çəkib. O bildirib ki, gənc ailələrə güzəştli kreditlər ayırır, nikahın ilk iki ilində uşaq doğulduğu halda isə dövlət həmin kreditlərin ödənilməsinə möhlət verir.
Bundan əlavə, dövlət qulluqçuları üçün körpələr evi və uşaq bağçalarının sayı artır.
Eyni zamanda, nazir demoqrafiya sahəsində problemlərin həllinin uzunmüddətli məsələ olduğunu etiraf edib.