KÖŞƏ

Vəli İlyasov

ABŞ-dakı orta əsrlər “demokratiyası” yeni “libasda”

01 noyabr 2016 22:47
663

Noyabrın 8-i yaxınlaşdıqca ABŞ-da keçiriləcək seçki öncəsi qalmaqalların sayı da artmaqdadır. Prezidentliyə namizədlər və onların komandaları arasında hakimiyyət əldə etmək üçün siyasi ehtiraslar gündən-günə daha da qızışır. Namizədlərin bir-birinin nüfuzunu aşağı salmaq cəhdlərinin artması artıq adi hal alıb. İş o yerə çatıb ki, hətta onlar qarşılıqlı ittihamlardan və təhqirlərdən də çəkinmirlər. Respublikaçılarn təmsilçisi Donald Tramp Demokratlar Partiyasının namizədi Klintonu xəstə olmaqda və müəyyən maliyyə fırıldaqları ilə məşğul olmaqda, dövlətə ziyan vurmaqda, heç bir hazırlığa malik olmamaqda suçlayır. Onun Yaxın Şərqlə bağlı siyasətinin III Dünya müharibəsinə aparıb çıxaracağını da qeyd edir. Həmçinin Tramp rəqibinin seçkilərdə saxtakarlıq edəcəyini istisna etmir.

 Hillari Klinton isə öz növbəsində Trampı başqa ölkənin “adamı” kimi qələmə verir və bildirir ki, əgər Tramp prezident seçilsə, həmin ölkənin maraqlarına uyğun işləyəcək. Kinton Trampı yalnız mövcudiyyət adlandırır, onun mənəviyyatının təmizliyini şübhə altına alan fakt və dəlillər gətirir.

 Donald Tramp seçicilərinin qarşısında çıxış edərkən sərt şəkildə söyləyib ki, əlimizdə olan nüvə silahından niyə istifadə etmirik? Ondan istifadə etmək lazımdır. Təbii ki, Trampın bu dəlisov çıxışı xanım Klintonun kəskin reaksiyasına səbəb olub.

 Onu da qeyd etməliyik ki, Trampın davakar çıxışı təkcə ABŞ-da deyil, dünyanın bir sıra ölkələrində təşvişlə qarşılanır. Hələ indiyədək Amerikanın seçki tarixində belə eybəcər kampaniya keçirilməyib. Yüz milyonlarla insanın izlədiyi bu seçki marafonunda ABŞ xalqının rifahının yaxşılaşdırılması barədə namizədlər tərəfindən hansısa real plan, konsepsiya, doktrina və ya fikir irəli sürülməyib. Qısaca desək, budəfəki seçki ideyaların yarışı deyil, şəxslərin qarşılıqlı ittiham yarışlarıdır. Debatlarda demokratik prinsiplərin kobudcasına pozulması beynəlxalq ictimaiyyətin gözləri önündə davam etməkdədir.

 Ümumiyyətlə, ABŞ-ın “demokratiya tarixinə” nəzər salanda bu ölkədə orta əsrlər demokratiyasının mövcud olduğu aydın görünür. Amerikada hələ də ölüm hökmünün qalması orta əsrlərə məxsus işgəncə növünün saxlanmasına sübutdur. Halbuki ABŞ səlahiyyətliləri bəzi ölkələrdə ölüm cəzasının saxlanmasını demokratiyanın pozulması kimi qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda ölüm hökmü hələ 1998-ci ildə ləğv edilib. Bu cəza növü ömürlük həbslə əvəz olunub. Burada humanizm ondan ibarətdir ki, Allahın verdiyi canı yalnız Allah ala bilər. Görünür, bu barədə ABŞ-da başqa cür düşünürlər.

  “Demokratiya beşiyi”nin Kubada saxladığı Quantanamo həbsxanası dünyanın ən dəhşətli cəza müəssisələrindən biri sayılır. Orada “islah olunanlar” insan ağlına gələ biləcək ən təhqiramiz və dözülməz işgəncələrə məruz qalırlar. Nahaq yerə Quantanamonu “xalqlar həbsxanası” adlandırmırlar. Orada əsasən mənşəcə Orta Asiyadan, Yaxın Şərqdən və digər ölkələrdən “terrorçu” müsəlmanlar saxlanılır. Onlar lazımi dəlil-sübut olmadan da illərlə orada cəza çəkməyə məcbur edilirlər.

 Bəzən bizim başabəla dağıdıcı müxalifət təmsilçiləri demaqoqcasına deyirlər ki, ABŞ iki yüz əvvəl qəbul etdiyi Konstitusiya ilə yaşayır və heç bir dəyişiklik də etmir. Əlbəttə etməz, çünki o Konstitusiya o zamankı varlıların və indiki milyarderlərin hökmranlığının təminatçısıdır. Orada dövlət başçısı olmaq istəyən milyarderlər ya Respublikaçılar, ya da Demokratlar partiyalarına üzv yazılırlar. Ancaq ABŞ-da digər partiyalar da var ancaq onlar “kasıb” olduqları üçün heç seçkilərin kandarına belə buraxılmırlar. Başqa ölkələrdə seçki pozuntusu axtaran ABŞ-ın rəsmi təmsilçiləri öz ölkələrindəki seçki biabırçılıqlarından kəlmə belə kəsmirlər.

 Bu günlərdə ölülərin “ səs verməsi” barədə danışan prezidentliyə namizədlər dünya ictimaiyyətini xeyli təəccübləndiriblər. Məlum olub ki, indiyədək keçirilən seçkilərdə vəfat etmiş insanların adları seçki siyahılarına salınır və onlar “səs” verirlər. Özlərinin etiraf etdiklərinə görə, belə “seçicilərin” sayı 1,5-2 milyon nəfərdir. Bu da “demokratiyanın beşiyində” baş verənlər. Bir nəfərin bir neçə məntəqədə səs verməsi, şəxsiyyəti sənədlə təsdiq olunmayan adamların seçki prosesində iştirak etməsi və digər pozuntular saysız-hesabsızdır.

ABŞ-dakı budəfəki prezident seçkilərində namizədlərin qeyri-etik davranışları orada seçki mədəniyyətinin hələ də formalaşmadığını açıq göstərir. Ən adi seçki mədəniyyətinin çatışmamasıdır ki, bəri başdan Avropanın və digər xarici ölkə müşahidəçilərinin ABŞ-a gəlməsinə narazılıq ifadə olunur və seçki prosesini izləmələrinə qısqanclıq biruzə verilir. Burada sual yaranır: Əgər seçkilər şəffaf, ədalətli, azad və demokratik şəraitdə keçəcəksə, onda belə qadağalara nə hacət var?