06 sentyabr 2025 00:58
122

Amerika şirkətlərinin Pakistanın neft və qaz sektoruna marağı artıb

Pakistan hökuməti ölkənin neft və qaz sektoruna marağın artması fonunda kəşfiyyat işləri üçün tenderlərin keçirilməsi ilə bağlı Amerika şirkətləri ilə danışıqlar aparır. Bu barədə xarici KİV-lər Amerika administrasiyasının Pakistandakı nümayəndəsi Natali Beykerə istinadən məlumat yayıb.

Xatırladaq ki, Macarıstanın “MOL Group” şirkəti tərəfindən işlənilən “Makori East” və Pakistanın “Oil&Gas Development” şirkətinin nəzarətində olan “Naşpa” da daxil olmaqla Pakistanda iki böyük neft yatağı kəşf edilib.

“MOL” Pakistanda 1999-cu ildən fəaliyyət göstərir. Ancaq ümumilikdə son vaxtlar bu ölkədə xarici investorların sayı azalır. 2024-cü ildə “Kuwait Petroleum” korporasiyası 40 illik fəaliyyətindən sonra aktivlərini geri çəkməyə başladı, “TotalEnergies” şirkəti  yanacaq biznesindəki payını satdı və “Shell” şirkəti Pakistanda 75 illik fəaliyyətindən sonra 2023-cü ildə bazardan çıxdı.

Pakistan neft idxalına ildə təxminən 11 milyard dollar və ya ölkənin ümumi idxalının demək olar ki, beşdə birini xərcləyir. Buna görə də son dövrlərdə kəşfiyyat üçün daha çox imkanlar yaratmağa çalışır. 2025-ci ilin əvvəlində hökumət Hind çayı hövzəsi də daxil olmaqla 40 dəniz blokunun işlənməsi üçün tender elan edib.

“Oil&Gas Development” şirkəti hərracda iştirakla bağlı bir neçə Amerika şirkəti ilə danışıqlar aparır. Dəniz bloklarının işlənməsi üçün ərizələr 2025-ci ilin oktyabrında təqdim edilməlidir.

Bununla belə, ekspertlərin fikrincə, sərmayəçilər “texnologiya və infrastrukturun olmaması, eləcə də təhlükəsizlik məsələləri nəzərə alınmaqla əhəmiyyətli risklərlə üzləşəcəklər”.

Qeyd edək ki, “Oil&Gas Development” Pakistanın baş ofisi İslamabadda olan ən böyük milli neft və qaz şirkətidir.

Nubar Süleymanova, “İki sahil”