Dünya yeni tarixi dövrə qədəm qoydu və bu, təbii ki, bütün bəşəriyyət üçün asan olmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciətində bildirib.
Onun sözlərinə görə, qlobal güclərlə dövlətlərarası birliklər arasında qarşılıqlı ziddiyyətlər getdikcə artır. Beynəlxalq münasibətlərdə gərginliyin və təcavüzün artması ilə əlaqədar müharibə və münaqişələrin sayı da çoxalır.
Tokayev bildirib: “Bəzi ölkələrin daxili və xarici siyasətində ifrat millətçilik meyilləri güclənir. Qlobal iqtisadi inkişafda qeyri-mütənasiblik və qeyri-bərabərlik artır: bəzi dövlətlər getdikcə geriləyir, digərləri isə süni intellekt sahəsində görkəmli irəliləyişlərə nail olur”.
Qazaxıstan dövlətinin başçısı qeyd edib ki, beynəlxalq hüququn aşınması getdikcə daha çox nəzərə çarpır, dövrümüzün əsas problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının rolu və statusu zəifləyir.
“Milli iqtisadiyyatlar üçün böyük itkilərlə nəticələnən ekoloji və texnogen fəlakətlər də tez-tez baş verir. Qərbin multikulturalizm, millətlərarası və dinlərarası harmoniya anlayışı böhran yaşayır. Qlobalist destruktiv qüvvələrin təsiri altında milli mədəniyyətlərin və adət-ənənələrin təməlləri sarsılır. Miqrasiya böhranı güclənir, silah və narkotiklərin qaçaqmalçılığı, insan alveri halları artır”, -deyə Tokayev qeyd edib.
O əlavə edib ki, süni intellekt əsasında fəaliyyət göstərən son dərəcə təhlükəli silahlardan istifadə ilə bağlı vasitələr də daxil olmaqla, insanların təhlükəsizliyinə təhdidlərin tamamilə yeni növləri yaranıb. “Geosiyasi paradiqmada əsaslı dəyişikliyə dəlalət edən başqa amillər də var. Başqa sözlə, yeni dünya nizamı gəlir”, -deyə Qazaxıstan Prezidenti vurğulayıb.