04 oktyabr 2025 00:58
89

Masallıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 82 fakt aşkar edilib

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psikotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, satışı və narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılmasını təmin etməkdir. Dövlət Proqramına uyğun olaraq  2025-ci il üçün Masallı rayon Narkotik vasitələrin, psixotrap maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı rayon komissiyasının tərəfindən aidiyyəti orqanlarla birlikdə bir sıra işlər və tədbirlər həyata keçirilmişdir.

Həmin tədbirlərin iştirakçıları qarşısında narkotik vasitələrdən istifadə daha çox gənclər arasında yayıldığını, gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, yüngül həyat tərzi keçirtməsinə, sağlamlığlarının zərbə altında qalmasına səbəb olduğunu və dünyada hər il on minlərlə insanın bu bəlanın qurbanı cevrildiyi barədə geniş maarifləndirici çıxışlar edilmiş, tələbə və şagirləri maraqlandıran suallara cavab verilmişdir.

2025-ci ilin müvafiq dövrü ərzində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ümumilikdə 82 fakt aşkar olunmuşdur. Faktlar üzrə ümumilikdə dövriyyədən 72 kq 108 (ötən il 69 kq 08qr) qram qanunsuz narkotik vasitə və pisxotrop maddə çıxarılmışdır.

Bu gün insan ölümü müxtəlif səbəblərdən sona çatır. Amansız müharibələr, ağır  xəstəliklər, yol-nəqliyyat və qətl hadisələri, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu amillərin sırasındadır. Sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da son dövürlər əlavə olunub. Narkotik maddələrdən istifadə ona düçar olanları tədricən məhv edir, ölümə sürükləyir.

Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan Respublikası da narkomaniyanın acı nəticələrindən ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil.

Güclü təsir edən narkotik vasitələri bir dəfə qəbul edən şəxs ondan ayrılmaqda çətinlik çəkir. Ona  görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu elə heç vaxt onu qəbul etməmək və özündən onu məsafədə saxlamaqdır.

Təcrübə göstərir ki, müasir tibbi preparatların köməyi ilə bu xəstəlikdən asanlıqla qurtulmaq mümkündür. Lakin narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan yaxa qurtara bilmir.

İnsanın sinir sisteminə xüsusi təsir edən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq,  "mania"- cəzb etmə, ağılsızlıq deməkdir. Hələ qədim Cin ərazisində insanlar narkotik maddələrdən tibbi məqsədlər üçün istifadə etməyə başlamışdır. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir və hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Narkotik vasitələr insanda yaratdığı  hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir və narkomanlıq-xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından  bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardır. Lomka fiziki asılılıq sindromunun tərkib hissəsidir. Narkotiklərə alışmış orqanizmin abstinent sindrom zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman  narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər.

Bu dəhşətli bəlanın yayılması insanların normal həyat tərzi üçün ciddi təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhvə doğru gedir. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə, ailəyə, cəmiyyətə qarşı laqeydlik və biganəlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə səbəb olur. Nəticədə orqanizmin zəhərlənməsi, daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

Narkomanlar içərisində ən geniş yayılmış xəstəliklərdən əsası hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV-/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/-QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.Bu da narkotik bəlasına düçar olmuş şəxslərin ailə üzvlərinin də günahsız yerə yoluxmasına gətirib çıxarır.

Təhqiqat araşdırmaları ilə məlum olur ki, narkotik maddələrdən istifadə edən şəxslərdə əvvəl xoş hisslər yaranır, bu aldadıcı təsirin, sevinc və enerjinin həmin maddələrdə olmasına onlarda inanmağa başlayır. Həmnçinin ailə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Yeniyetmə və gənclər arasında narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması təssüf doğrusudur.

Narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları - qara ciyəri, böyrəyi öz funksiyasını itirməyə başlayır və sonda həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.

Hazırda narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.

Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil. Odur ki, nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir.

Narkomanlıqla qarşı mübarizə hər bir şəxsin şərəfli borc və vəsifəsi olmalı, bu sahəyə nəzarət edən dövlət qurunları isə mübarizə işini ardıcıl və sərt formada davam etdirməlidirlər. Bu bəladan yayınmaq məqsədilə gənclərinin mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə tədris müəssisələrində, hərbi hissələrdə müxtəlif idman növlərindən yəni  futbol, voleybol, boks, güləş, ağırlıq qaldırma, şahmat, dama, estafet qaçışları,  digər yarış və turnirlər keçirilmişdir.

Bu sahədə kütləvi informasiya vasitlərinin geniş imkanları nəzərə alınaraq  yeniyetmə  və gənclərin antinarkomaniya ruhunda tərbiyə olunması günün vasib və aktual məsələsinə çevrilməlidir.

Tohid Hüseynov,
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkotik vasitələrin, psixotrap maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı rayon komissiyasının sədri