Vətən torpaqlarının azadlığı uğrunda başlanan 44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərərək tarix yazan Cəlilabad elinin igid oğlu Rəşad Abdullayevin 27 yaşı tamam oldu.
Qanı bahasına Vətənini alınmaz qalaya döndərən, şərəfli ölümü ilə milyonların qəlbində özünə yer edən Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, yağıya gücünü hələ Aprel döyüşləri zamanı göstərib. Belə ki, Rəşad Abdullayev “N” saylı hərbi hissənin komandir müavini kimi döyüşlərə qatılıb, ilk gündən bitənə qədər mühasirədə olsa belə, Ermənistan ordusunun xeyli sayda zabit-əsgər heyətini məhv etməklə oradan çıxa bilib. Və bu şücaətə görə 2016-cı ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ürəyi Vətən, torpaq eşqi ilə döyünən, doğma Azərbaycanı canından artıq sevən Rəşad Abdullayev 2014, 2015, 2017 və 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq döyüşdə vacib olan bütün vasitələrə mükəmməl yiyələnib.
Kapitan Rəşad Abdullayev Vətən müharibəsi zamanı isə öz hərbi dəstəsi ilə Murov dağında yağıya qarşı döyüşə girib. Öndə olmaqla 34 erməni postunu ələ keçirib və Murov yüksəkliyinə Azərbaycan bayrağını sancıb. Düşmənlə üzbəüz savaşda sinəsindən yaralanmasına baxmayaraq, 20 saat ərzində zabit yoldaşlarını tək qoymayıb. Yaralı vəziyyətdə ayağa qalxaraq irəli getmələrini əmr edib. O, Ağdərə və Kəlbəcər istiqamətində aparılan əməliyyatların iştirakçısı olub. 2020-ci ilin sentyabrın 29-da Murov yüksəkliyində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilməklə bərabər, həm də “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Cəlilabad camaatı öz qəhrəman oğlunu ürəyində yaşadır, onu unutmurlar. Doğum günündə məzarı ziyarət olundu, ehtiram əlaməti olaraq ona təzə güllərdən çələng hördülər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü