07 oktyabr 2025 00:15
125

Süni intellekt dövründə peşə seçimi necə olmalıdır?

Süni intellektin iş dünyasına sürətli inteqrasiyası peşə anlayışını dəyişir. Dördüncü Sənaye İnqilabının təsiri artıq təkcə texnologiya sektorunda deyil, bütün sahələrdə hiss olunur. Süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma bəzi ixtisasları arxa plana keçirərkən, eyni zamanda, yeni peşə istiqamətləri yaradır. Məhz bu reallığın fonunda keçirilən “PeşəFest-2025” festivalı gənclərə gələcəyin əmək bazarına uyğun seçim etməyə dəstək olur.

Peşə öyrən, gələcəyini qur!

Astara rayonunda start verilən festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilib. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçimini asanlaşdırmaq, onların karyera istiqamətində uğurlu nəticə əldə etməsini təmin etmək məqsədi daşıyır. “PeşəFest-2025” festivalı yalnız peşələri tanıtmır, həm də gəncləri rəqəmsal bacarıqlar və innovativ düşüncə tərzi ilə tanış edərək düzgün istiqamətləndirməyi hədəfləyir.

Qeyd edək ki, festivalın Bakı mərhələsi oktyabrın 16-da Dənizkənarı Milli Parkda keçiriləcək. Paytaxt sakinləri və gənclər üçün nəzərdə tutulan tədbirdə müxtəlif sahələr üzrə interaktiv stendlər, təqdimatlar, master-klasslar və mütəxəssislərlə açıq görüşlər təşkil olunacaq. Festival iştirakçıları burada data analitika, 3D animator, turizm təşkilatçısı, zinət əşyalarının dizayneri, qida mühəndisi, barista, diş texniki kimi ixtisaslarla tanış olmaqla yanaşı, nəzəri və praktik bacarıqlarını sınaqdan keçirə biləcəklər.

Bəzi peşələr yoxa çıxır, amma...

Mütəxəssislər hesab edirlər ki, növbəti on il ərzində məlumat operatoru, kassir və bəzi inzibatçı kimi bir çox ənənəvi peşələr avtomatlaşdırılacaq. Lakin bununla yanaşı, Sİ etikası üzrə mütəxəssislər, kibertəhlükəsizlik mühəndisləri, data analitikləri, kontent strateqləri kimi ixtisaslar ön plana çıxacaq. Elə festivalda təqdim olunan 14 peşə istiqaməti bu dəyişimin göstəricisidir. “PeşəFest-2025” məhz bu reallığı nəzərə alaraq, gənclərə həm gələcəyin peşə bacarıqlarını, həm də texnologiya ilə işləməyi və texnologiyanı insan yaradıcılığı ilə balanslaşdırmağı öyrədir. Festivalda kibertəhlükəsizlik, 3D animasiya, data analitika, turizm təşkilatçılığı, diş texnologiyası, qida mühəndisliyi kimi sahələr xüsusi maraq doğurur. Bu istiqamətlərdə həm texnologiya bilikləri, həm də insan yaradıcılığı tələb olunur.

Müəllimlik və jurnalistika süni intellektlə əməkdaşlığa yönəlir

Festival çərçivəsində süni intellektin təhsil və media sahəsinə təsiri xüsusi diqqət mərkəzindədir. Təhsil sahəsində artıq süni intellekt əsaslı köməkçi sistemlər dərs planlaşdırılması və qiymətləndirmə proseslərini asanlaşdırır. Amma müəllimin emosional zəkası, şagirdlə fərdi əlaqəsi və yaradıcılığı heç bir alqoritmlə əvəz oluna bilməz. Eyni vəziyyət jurnalistikada da müşahidə olunur. Sİ xəbərləri sürətli şəkildə toplasa da, analitik düşüncə, emosional təsir və sosial məsuliyyət hələdə jurnalistin üstünlüyüdür. Buna görə də festivalda rəqəmsal jurnalistika və kontent istehsalı ilə bağlı təlimlərə xüsusi yer ayrılıb.

Müasir texnologiyalarla düşünən insan

Gələcəyin peşəkarı təkcə ixtisaslı deyil, həm də texnologiyanı anlamağı bacaran şəxs olacaq. Rəqəmsal savadlılıq, analitik təfəkkür, emosional intellekt və davamlı öyrənmə vərdişi gələcəyin iş bazarında ən çox dəyər qazanan bacarıqlar olacaq. “PeşəFest-2025” festivalının əsas məqsədlərindən biri də bu bacarıqları inkişaf etdirməkdir. Bununla da sübut olunur ki, süni intellekt dövründə də insan faktoru həlledici olaraq qalır. Süni intellekt dövrü gənclər üçün həm çağırış, həm də fürsətdir. Süni intellektin peşə sahələrinə inteqrasiyası gənclərə dünyanın dəyişən ritminə uyğun düşünmə bacarığı qazandırır. İnsan düşüncəsini texnologiya ilə birləşdirən peşə gələcəyin əmək bazarında ən çox dəyər qazanan ixtisas olacaq.

Şahnigar Əhmədova, "İki sahil"