MDB xalqlarının idman birliyinin parlaq rəmzinə çevrilən bu Oyunların ölkəmizin regionlarında təşkilinin həm də bölgələrdə turizmin inkişafına, mədəni dəyərlərin və tariximizin təbliğinə geniş imkanlar açacağı şübhəsizdir
Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi idmana, idmançılara verdiyi xüsusi önəm, bu sahədə apardığı məharətli diplomatiya və həyata keçirdiyi inkişaf konsepsiyası sayəsində respublikamız müstəqillik illərində dünya ictimaiyyətinin nəzərində özünü idman ölkəsi kimi də layiqincə tanıda bilib. Respublikamız artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi də təsdiq edib. Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Müxtəlif illərdə Azərbaycan 2015-ci ilin Birinci Avropa Oyunlarına, 2017-ci ilin IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 yarışlarına ev sahibliyi edir. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişafı etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirib.
Sentyabrın 28-də növbəti mötəbər idman tədbirinin Gəncə şəhərində III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izlədilər.
III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam etdi. Oyunlar «Hər qəlbdə bir qələbə» şüarı altında Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunmuşdu. Yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edirdi. Beləliklə, ölkəmiz daha bir nüfuzlu idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Yarışların keçirilməsində ən yüksək standartlar təmin edildi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurla başa çatdı. Son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazandılar. Bununla da Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir. Bu möhtəşəm idman tədbirinin uğurla reallaşması ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı və diqqətinin nəticəsidir. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
Ümumiyyətlə, son vaxtlar ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət paytaxtla yanaşı, regionların da sürətli inkişafına təkan verməkdədir. Təsadüfi deyil ki, hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da Qarabağ bölgəsi başda olmaqla müxtəlif regionlarda inşası nəzərdə tutulur. Bu da həm kütləvi idmanın inkişafına, həm də beynəlxalq arenada uğurlar qazanmaq üçün zəmin yaradır. Ölkəmizdə baş tutan beynəlxalq tədbirlər, o cümlədən nüfuzlu idman tədbirləri həm də Azərbaycan reallıqlarının dünyaya təqdimatı baxımdan vacibdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri III MDB Oyunlarının açılış mərasimində də ideoloji baxımından vacib mesajlar verildi. Azərbaycanın böyük Qələbəsi başda olmaqla xalqımızın zəngin mədəniyyəti, dəyərləri də ustalıqla təbliğ olundu. Bu açılış həm də ölkəmizin idman platformasından təqdimatı idi. Eyni zamanda yarışlar çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları da keçirildi. İdmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərində də oldular. Şəhərin tarixi və mədəni məkanları ilə tanış oldular. Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verildi.
Beynəlxalq idman oyunlarında yüksək təşkilatçılığa dair müqayisə üçün qeyd etmək yerinə düşər ki, respublikamızda baş tutan 2015-ci ilin Avropa Oyunlarında, təqribən, 5000-5500, 2017-ci ilin İslam Həmrəylik Oyunlarında isə 3000-dən çox idmançı mübarizə aparıb. Özlüyündə bu rəqəmlər Azərbaycanın beynəlxalq tədbirlərə necə ciddi və məsuliyyətlə hazırlaşdığını göstərir. Bu xüsusda onu da vurğulamaq lazımdır ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” missiyasını uğurla yerinə yetirmək üçün dövlətimizin diqqəti, ayrılan maliyyə vəsaiti sayəsində bir ilə yaxın müddətdə başdan-başa yenilənib. Bu yenilik idman, səhiyyə, nəqliyyat, şəhər quruculuğu, tarixi abidələrin bərpası və digər istiqamətləri əhatə edib. Bütün infrastruktur layihələri vahid konsepsiya əsasında reallaşdırılıb, təşkilati məsələlər ölkə başçısının müvafiq Sərəncamına uyğun “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi”nin nəzarəti altında icra olunub.
Sevinc Azadi, “İki sahil”