Bu mənim Qarabağa ilk səfərimdir. Çox həyəcanlıyam. Biz dünən Füzuliyə gəldik, şəhər ilə tanış olduq. Daha sonra isə Şuşaya gedərək orada gecələdik. Şuşa haqqında çox eşitmişəm. Bu şəhərə səfər etmək və onu öz gözüm ilə görmək olduqca heyranedicidir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində beynəlxalq konfrans iştirakçısı, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus söyləyib.
“Hazırda isə biz Zəngilan şəhərindəyik. Yadımdadır, Prezident İlham Əliyev ilə ilk görüşümdə demişdim ki, ilk fürsətdə Qarabağ regionuna səfər edəcəyəm. Qarabağa səfər etmək fürsətinə görə çox xoşbəxtəm. Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır. Səfərimiz zamanı biz dağıdılmış yaşayış əraziləri və kəndlər ilə yanaşı, yeni inşa edilmiş yaşayış infrastrukturu və evləri gördük. İnanıram ki, Azərbaycan hökumətinin davamlı səyləri və investisiyalar nəticəsində bölgədəki infrastruktur, o cümlədən yollar, körpülər və tunellər daha da çoxalacaq, insanlar öz doğma yurdlarına qovuşacaqlar”, - deyə səfir bildirib.
Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər zamanı Zəngilanda olublar.