Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib. Qərar UNESCO Baş Konfransının 43-cü sessiyasında təsdiq olunub.
Şübhəsiz, bu aşıqların yubileylərinin UNESCO-nun yubileylər proqramına daxil edilməsi onların irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Bunu həm də bəşəri mədəni irsin ayrılmaz hissəsi olan Azərbaycan aşıq sənətinə, onun çoxəsrlik ənənələrinə və xalq yaradıcılığına verilən dəyər kimi qiymətləndirmək olar.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bunu aşıq sənətimizin beynəlxalq təntənəsi adlandırdı: “Azərbaycanın UNESCO ilə çoxillik və səmərəli əməkdaşlığı ölkəmizin zəngin mədəni irsinin dünya miqyasında tanıdılması və qorunması baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Bu təşkilatın müxtəlif mexanizmləri çərçivəsində həm maddi, həm də qeyri-maddi irs nümunələrimizin beynəlxalq səviyyədə tanıdılması Azərbaycan mədəniyyətinin universal dəyərlər daşıdığını bir daha göstərir”.
Milli Məclisin deputatı vurğuladı ki, bu günə qədər Azərbaycanın bir sıra nadir memarlıq və tarixi abidələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası”, “Qobustan qayaüstü mədəni landşaftı”, “Xınalıq mədəni landşaftı və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı” mədəni irs kateqoriyası, “Hirkan meşələri”isə ilk təbii irs nümunəsi kimi Ümumdünya İrs Siyahısında yer alıb. Şübhəsiz, bütün bunlar ölkəmizin tarixinin müxtəlif mərhələlərinin canlı şahidləri olmaqla yanaşı, Şərq sivilizasiyasının inkişaf xəttini əks etdirən dəyərli mənbələrdir.
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı isə artıq iyirmi beşi (kamança hazırlanması və ifaçılıq sənəti, dolma, lavaş hazırlama və paylaşma ənənələri, Azərbaycan muğam ifaçılığı, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti və s.) keçib. Bu irs nümunələrinin hər biri Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı həyat tərzinin, estetik dəyərlərinin, sənətkarlıq ənənələrinin və mənəvi düşüncəsinin canlı daşıyıcılarıdır. Onların UNESCO tərəfindən tanınması milli mədəniyyətimizin həm qədimliyinin, həm də bu gün yaşayan gücünün göstəricisidir”.
UNESCO Baş Konfransının 43-cü sessiyasında Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyinin və Aşıq Ələsgərin vəfatının 100 illiyinin 2026–2027-ci illər üçün UNESCO yubileylər proqramına daxil edilməsi Azərbaycan aşıq sənətinin yalnız regional folklor hadisəsi deyil, ümumbəşəri mənəvi dəyər daşıyıcısı olduğunu təsdiqləyən yüksək qiymətdir.
Azərbaycan aşıq poeziyasının banilərindən biri sayılan Aşıq Dirili Qurbani Türk dünyasının humanist düşüncəsini, irfani dərinliyini və poetik zəkasını özündə birləşdirən nadir sənətkar kimi dünya ədəbiyyatı və folklorunun seçilən simalarındandır. Onun yaradıcılığı təkcə tarixi bir mərhələ deyil, bu gün də aktuallığını qoruyan mənəvi irsdir.
Aşıq Ələsgər isə Azərbaycan poeziyasının və aşıq sənətinin zirvəsidir. Onun poeziyasında xalqımızın ruhu, ləyaqəti, duyğuları və təbiətə, insana olan münasibəti ən saf şəkildə ifadə olunur. Aşıq Ələsgərin yaradıcılığı təkcə milli mədəniyyətin bir parçası deyil, bütöv bir ədəbi məktəb və mənəvi fəlsəfədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev 30 sentyabr 2024-cü ildə Bakıda aşıq Ələsgərin abidəsinin açılış mərasimində bu görkəmli el sənətkarı haqqında danışarkən demişdir: “Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük”. Həm də bildirmişdir ki, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.
UNESCO tərəfindən bu iki böyük sənətkarın yubileylərinin beynəlxalq səviyyədə qeyd edilməsi Azərbaycan mədəniyyətinə verilmiş yüksək dəyər olmaqla yanaşı, aşıq sənətinin dünyada daha geniş təqdim edilməsinə, tədqiqinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə olacaq. Bu qərar Azərbaycan irsinin bəşəri mədəniyyət xəzinəsindəki mövqeyinin gücləndiyini göstərən daha bir əlamətdar hadisədir.
Milli Məclisin deputatı, həmçinin indiyədək UNESCO tərəfindən ölkəmizin bir sıra görkəmli şəxsiyyətlərinin (Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev, Lətif Kərimov, Səttar Bəhlulzadı, Mir Cəlal Paşayev, Qara Qarayev, Fikrət Əmirov, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəylini və s.) yubileylərinin keçirildiyini xatırlatdı.
Millli Məclisin deputatı bildirdi ki, noyabrın 24-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib: “Ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda Azərbaycanla birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 161 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib. Şübhəsiz, Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir. Onu da qeyd edim ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının reallaşmasına nəzarəti həyata keçirən əsas icra orqanıdır”.
Qvami Məhəbbətoğlu, “İki sahil”