Vəli İlyasov |
Son vaxtlar Əli Kərimlinin AXCP-si ilə Razi Nurullayevin rəhbərlik etdiyi AXCP müxalifət düşərgəsində liderlik uğrunda mübarizəni daha da gərginləşdiriblər. Qarşılıqlı ittihamlar, biabırçı faktlar, hədələr baş alıb gedir. Həmin partiyalar inhisarlarında olan qəzetləri də bu işə qoşaraq informasiya “döyüşünə” çıxıblar.
Razi Nurullayevin AXCP-si daim hücumçu rolunda çıxış edərək Əli Kərimlinin bütün siyasi fəaliyyətini təhlil edərək onun korporativ maraq və xalqa zidd hərəkıtlərini ictimailəşdirir. Müxalifətin sentyabr mitinqlərindən qazanc yeri kimi istifadə edən Əli Kərimlinin digər cəbhədaşlarına badalaq gəlməsini də cəmiyyətə faş edənlərdən biri, bəlkə də birincisi Razi Nurullayevin partiyasının üzvləri oldu. Onlar mətbuatda çap etdirdikləri bir neçə məqalədə bildirdilər ki, Əli Kərimli AXCP-nin deyil, yalnız kiçik qrup olan “Yurd” birliyinin başçısıdır. Həmin məqalələrdən birində Razi Nurullayev Əli Kərimlini “siyasi meyit” adlandıraraq yazır ki, onu “diriltmək” kimlərinsə marağındadır. Müəllif yazır: “Əli Kərimlinin yenidən siyasi səhnə üçün dirildilməsi prosesi işləndi. Ona görə bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan siyasətində yeniliyin, islahatların tərəfdarı idik. Lakin heç bir zaman deməmişik ki, Əli Kərimli klassik mənada xəyanətkardır. Bəli, özünün marağı olmayan, siyasəti işləməyən yerdə o, düşmənə çevrilir, bu, birmənalıdır.”
Bununla ürəyi soyumayan R.Nurullayev bədxah həmkarının ABŞ-ın və Qərbin antiazərbaycan dairələri ilə əlbir olduğunu söyləyir. Bildirir ki, həmin dairələrin pullu tapşırıqlarını yerinə yetirən Əli Kərimli xaricə adam daşımaqda onlardan lazımi dəstək alır. Mühacir biznesi isə ona külli miqdarda pullar qazandırır. Belə ki, o, tanınmamış adamlardan 600, nüfuzlu şəxslərdən 300 manat alaraq onlara bilet verir və partiya üzvlüyünə qəbul edir. Həmin adamlar “siyasi mühacir” və ya “qaçqın” adı ilə xaricə gedəndə isə hər birindən 6-7 min pul manat alaraq “statuslu” arayış verir. Qeyd olunur ki, bu qazanclı işdə Əli Kərimliyə oğlu Türkel menecerlik edir. Azərbaycanın hüdudlarından kənarda yaşayan Türkel Kərimli Avropaya adam daşımaqla məşğul olur və atasına “layiqli” kömək göstərir.
Gəlirli biznesi ilə bərk məşğul olan partiya sədri hərdən başı ayazıyanda siyasi rəqiblərinə, o cümlədən də Razi Nurullayevə qarşı hücuma keçərək onları neytrallaşdırmağa çalışır. Məsələn, bu yaxınlarda o, “qara məni basınca, qoy qaranı mən basım” deyərək mühacir biznesi ilə Razi Nurullayevin məşğul olduğunu iddia edib. Yəqin belə yerdə deyiblər ki, “Adımı sənə qoyum, səni yana-yana”. Nurullayevçilər isə bu iddianı rədd edərək bildiriblər ki, partiyanın möhürü Əli Kərimlidədir və bütün sənədləri də o verir. Nurullayevçilər “cavab zərbələri çərçivəsində” mətbuatda daha bir köhnə sirrin üstünü açıblar. Bildiriblər ki, mühacir biznesi əvvəllər Müsavatın əlində idi. Yaxşı qazanc mənbəyini görən Əli Kərimli hiylə işlədərək onlara şərik olub. Sonra isə ortaqlarına badalaq gələrək gəlirli biznesi rəqibinin əlindən alıb. İndi isə ata-bala kərimlilər Strasburqda yeni bir təşkilat yaradıb mühacir biznesini yalnız öz əllərində cəmləşdirməyə çalışırlar. Mühacir biznesinin təkmilləşdirilməsində ata-balaya Qənimət Zahidov sədaqətlə xidmət göstərir. Kərimlilər orada yerli turizm şirkətlərindən biri ilə şərik işləyirlər. Görünür, şərik istəməyən kərimlilər bütün pullara şəriksiz sahib olmaq iştahasındadırlar.