Vəli İlyasov |
Müxalifət düşərgəsində “siyasi məhbus” biznesi ətrafdakıları elə şirnikləndirib ki, “bazarda” sıxlıq yaranıb. Təzə şəriklərdən biri olan araşdırmaçı jurnalist Xədicə İsmayıl əvvəllər mövqeyini müdafiə etdiyi Əli Kərimliyə qarşı çıxaraq onun “siyasi məhbus” bazarına təkbaşına sahibliyini qəbul etmədiyini bildirir. İnsidentin əsasında o məsələ durur ki, Xədicə İsmayılın 94 nəfərlik siyahısı Əli Kərimli tərəfindən qəbul olunmayıb. “Yurd” sədri ilə Milli Şura sədri Cəmil Həsənlinin hazırladıqları 166 nəfərlik siyahı isə bəzi Qərb dövlətlərinə və beynəlxalq təşkilatlara göndərilib. Hər iki siyahıda adları göstərilənlərin çoxu Nardaranda təxribat törədən şəxslərdir və hazırda məhkəmə onların hüquqazidd hərəkətlərini araşdırır.
Xədicə İsmayıl onu bu biznesə yaxın buraxmayan Əli Kərimlini sərt tənqid edərək onu bir neçə yerə casusluq etməkdə və bəzi xarici diplomatlarla şübhəli əlaqələrdə suçlandırır. Araqarışdıran araşdırmaçı jurnalist bildirir ki, Əli Kərimli “siyasi məhbus” siyahısını şişirdir və iddia edir ki, hətta həyatda olmayan insanların adları siyahılarda əks olunur. Bundan başqa “siyasi məhbuslar”ın ailələrinə xarici təşkilatlardan göndərilən ianələrin bir hissəsi ünvanlarına çatdırılsa da qalanını Əli Kərimli və ətrafında dolaşan bir neçə şəxs mənimsəyir. Xədicə İsmayıl da bunları bilir və pulun bölüşdürülməsində pay almadığına görə qalmaqal salıb. Ətrafa sızdırdığı məlumatların arasında isə möhkəm gizlədilən bəzi sirlərin üstünü ya bilərəkdən, ya da bilməyərəkdən açıb.
Deyəsən, açıqladıqları gizli faktlar o qədər gözlənilməz olub ki, yetdiyinə yetən, yetmədiyinə bir daş atan Əli Kərimli bu dəfə aciz qalaraq susub. Görünür, deməyə sözü yoxdur və ona görə də özünə “ağsaqqal” təyin etdiyi və “ Milli Şuraya” sədr gətirdiyi Cəmil Həsənlini irəli verib. Cəmil Həsənli də sinəsini qabağa verərək şefini müdafiəyə qalxıb. Onu da qeyd etmək lazımdır ki, tək Cəmil Həsənli deyil, “Milli Şuranın” bütün üzvləri Əli Kərimlinin çirkin işlərini ört-basdır etməklə məşğuldur. Belə məsələlərdə onların kifayət qədər təcrübələri var.
Xədicə İsmayıl geri çəkilməyəcəyini və mübarizəsini sonadək davam etdirəcəyini söyləyib. “Qoca” rolunda gedən Cəmil Həsənli isə “hamisi” Əli Kərimliyə öz sədaqətini nümayiş etdirir. Əslində, bu işdə Cəmil Həsənlinin şərikliyi var, yoxsa özünü oda-közə vurmazdı. İndi Xədicə İsmayılın əli Əli Kərimlinin yaxasındadır, “qalib” kim olacaq, bunu yəqin yaxın vaxtda görəcəyik.