05 iyun 2026 17:23
118

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

Rusiya Azov dənizində “Natra” və “Sirkon” teploxodlarına hücumlardan sonra Azərbaycanla sıx əlaqə saxlayır. Bu hücumlar nəticəsində gəmilərin heyətləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşları arasında həlak olanlar və yaralananlar var.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib.

Rusiya hakimiyyət orqanlarının məlumatına görə, iyunun 5-də, səhər saatlarında Azov dənizində Beliz və Palau bayraqları altında Türkiyədən Rostov-Don limanına üzən “Natra” və “Sirkon” motorlu gəmilərinə hücumlar edilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib: “Hər iki gəmidəki heyət, o cümlədən Azərbaycan Respublikası vətəndaşları arasında həlak olanlar və yaralananlar var. Yaralı dənizçilərə yoldan keçən Rusiya gəmisi və RF FSB-sinin sərhəd dəstəsi kömək edib”.

RF Xarici İşlər Nazirliyi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə şəfa tapmalarını arzulayıb.

M. Zaxarovanın sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır.

“Biz Moskvadakı Azərbaycan səfirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Rusiya tərəfi hadisənin başvermə səbəbləri barədə məlumat almaqda və Azərbaycan vətəndaşlarının konsulluqla əlaqə saxlamasını təmin etməkdə tərəfdaşlarımıza bütün lazımi köməkliyi göstərəcək”, - deyə bəyanatda bildirilir.