05 iyun 2026 16:04
83

Novak "Brent" markalı neft üçün ən əlverişli qiymətin 80 dollar olduğunu bildirib

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, həm neft istehsalçıları, həm də istehlakçılar üçün "Brent" markalı neftin ən optimal qiyməti bir barel üçün 80 ABŞ dolları səviyyəsindədir. Onun sözlərinə görə, bu göstəricidən təxminən 5 dollar yuxarı və ya aşağı dəyişiklik bazar iştirakçıları üçün qəbul edilə bilən hədd hesab olunur.

“İki sahil” xəbər verir ki,  Aleksandr Novak bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı danışıb. O qeyd edib ki, 75–85 dollar diapazonunda formalaşan qiymətlər istehlakçıların maraqlarını təmin etməklə yanaşı, istehsalçı şirkətlərə də investisiya proqramlarını uğurla həyata keçirməyə imkan verir.

Hazırda "Brent" markalı neft üzrə fyuçers müqavilələri təxminən 95 dollar səviyyəsində ticarət olunur. Bununla belə, Yaxın Şərqdə baş verən hadisələr və geosiyasi gərginlik fonunda bazarda yüksək volatillik müşahidə edilir və qiymətlər müxtəlif xəbərlərə həssas şəkildə reaksiya verir.