Vəli İlyasov |
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri Ermənistanda böyük siyasi ajiotaj yaradıb. Azərbaycanla İsrailin hərbi, siyasi, iqtisadi, mədəni və milli təhlükəsizlik sahələrində əməkdaşlığının dərinləşdirilməsi istiqamətində göstərilən səylər təcavüzkar dövləti çıxılmaz vəziyyətlə üzbəüz qoyub. Düşmən dövlət İsrailin hərbi və təhlükəsizlik sistemlərindən çəkindiklərini açıq etiraf edir.
Ermənistan mətbuatında ardıcıl dərc olunan məqalələrdə iddia edilir ki, Netanyahunun səfəri gedişində Ermənistanın “İskəndər-M” raketlərini neytrallaşdıracaq “Dəmir Gümbəz” raket hücumlarından müdafiə sisteminin Azərbaycana verilməsi barədə yekun anlaşma əldə olunub. Anlaşmaya uyğun olaraq bu sistemlərin ölkəmizə gətiriləcəyi də bildirilir. Ermənistan KİV-lərində dərc edilən “Azərbaycan Cənubi Qafqazın İsrailinə çevrilir” sərlövhəli məqalədə vurğulanır ki, İsrailin möhkəmləndiyi regionda Ermənistanın müttəfiqləri ondan geriləyəcəklər. “Nəzərə alsaq ki, Türkiyə və bu ölkə arasında isti münasibətlər var və bu, o deməkdir ki, İsrail Knesseti “erməni soyqırımı” məsələsini gündəmə gətirməyin daşını birdəgəlik atacaq.
Ermənilərin çəkindikləri daha bir məsələ də var. Bu, Rusiya-İsrail münasibətlərinin daha da dərinləşməsidir. Artıq məlumdur ki, İsrail açıq formada olmasa da, Suriya məsələsində Rusiyaya lazımi dəstək verir. Rusiya bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlarda Təl-Əvivdən ciddi dəstək alır.
Məhz bu səbəblərdən ermənilər İsrailin Cənubi Qafqazda möhkəmlənməsinə Rusiyanın narazılığını bildirməməsindən əndişələnirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Netanyahu ilə birgə mətbuat konfransında söylədiyi bir faktı Rusiyada bilməmiş deyillər. Prezidentimiz diqqətə çatdırdı ki, biz son bir neçə ildə İsraildən 5 milyard dollara yaxın müasir silahlar almışıq.
Siyasi ekspertlərin qənaətinə görə, rusların Suriyada reallaşdırdıqları planların yəhudi ideoloqları tərəfindən cızılması heç də istisna deyil. Bu fakt ermənilərin gözünü daha da qorxudur. Onları qorxudan odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail Azərbaycanı beynəlxalq arenada dəstəkləyər.
Tarixi ədəbiyyatda lətifə şəklində olsa da deyilir ki, ermənilərin yəhudiləri görən gözləri yoxdur. Yəqin ermənilər indi Ermənistanda bir nəfər də olsun yəhudinin yaşamamasından peşimandırlar. Əksinə, Azərbaycanda 17 mindən çox yəhudinin yaşaması və burada onlara layiqli həyat şəraiti yaradılması bizim tolerantlığımızdan xəbər verir. Yəhudi gəncləri, o cümlədən Albert Aqarunov Dağlıq Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə igidliklə vuruşaraq həlak olublar. Albert Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Yəhudilər ölkəmizin ictimai-siyasi həyatında da fəal rol oynayırlar. Onların nümayəndəsi Yevda Abramov Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
“The Jewish Press” qəzeti yazır ki, İsrail idxal etdiyi neftin yarısını Azərbaycandan alır. Hər iki dövlət müdafiə sənayesi, kibertexnologiya, kənd təsərrüfatı, telerabitə, tibb, turizm sahələrində əməkdaşlıq edir. İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşıdır. İsrail vətəndaşları Azərbaycanın hava limanlarında birbaşa viza almaq imkanına malikdir. Belə əlverişli imkanlar İsrailə dünyanın cəmi bir neçə ölkəsində yaradılıb.
İsrail bundan sonra da Azərbaycanın dünyada getdikcə güclənən mövqelərini müdafiə edəcək, ən çətin məqamlarda ölkəmizin yanında olacaq.