Vəli İlyasov |
Ermənistanda parlament seçkilərinin keçiriləcəyi vaxt məlum olub. Bu barədə prezident Serj Sarkisyan fərman imzalayıb. Fərmanda bildirilir ki, parlament seçkiləri bu il aprelin 2-də keçiriləcək. Ölkə konstitusiyasında edilmiş dəyişikliklərə görə, Ermənistan parlamentli respublika elan olunub. Dəyişikliklər prezidentin səlahiyyətlərini məhdudlaşdırdığı halda, baş nazirin vəzifə səlahiyyətlərini artırıb. Bu mənada növbəti seçkilərdə qalib gələcək partiya faktik olaraq Ermənistanı idarə etmək imkanlarına malik olacaq.
Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası və ona müxalif partiyalar artıq seçkilərə ciddi hazırlaşmağa başlayıblar. Hakim respublikaçılara qarşı mübarizədə kifayət qədər reytinq qazanmış Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi və keçmiş prezident Robert Koçaryanın tərəfdarları yer alıblar. Parlament seçkilərinə dörd aya yaxın vaxt qalmasına baxmayaraq artıq namizədlər öz platformalarını elan ediblər. Hər üçünün platformasında əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin müxtəlif müstəvilərdə həlli qabarıq yer tutub. Görünür, onlar bu məsələni qabartmaqla seçicilərin rəğbətini və dəstəyini qazanmaq niyytindədirlər. Levon Ter-Petrosyan və Robert Koçaryan nisbətən “yumşaq” xətt yeritsələr də Serj Sarkisyan əksinə, davakar siyasətindən əl çəkmir, seçkiqabağı kampaniyada cəbhə xəttində gərginliyin saxlanmasına rəvac verir. Bununla da sanki rəqiblərinə yerlərində sakit oturmaq mesajı verir. Aydındır ki, qoşunların təmas xəttində gərgin vəziyyəti saxlamaq və xalqın diqqətini yalnız özünə cəlb etməyə çalışır. Gözləniləndir ki, rəqiblərinin qalib gəlmək şansı yaransa, o, azalan imicini yüksəltmək naminə Azərbaycana qarşı hərbi təxribatlara da başlaya bilər.
Bu, danılmaz faktdır ki, Serj Sarkisyan unutmur ki, 2016-cı ilin aprel döyüşlərinin onun imicinə böyük zərbə vurduğunu və mövqeyini sarsıtdığını unuda bilmir. Artıq o, ermənilərin yaddaşında yarıtmaz prezident kimi qalıb.
Keçmiş prezidentlər-Levon Ter-Petrosyan və Robert Koçaryan isə 2016-cı ilin aprel məğlubiyyətini Serj Sarkisyanın ayağına yazmaqla onu xalqın gözündən salmağa çalışırlar. İddiaçılar son vaxtlar verdikləri açıqlamalarda müharibədən bezmiş erməni xalqının ictimai rəyini özlərinə yönəltmək üçün müharibəyə son vermək və Azərbaycanla Dağlıq Qarabağ münaqişəsini danışıqlar vasitəsilə həll etmək şüarlarını irəli sürürlər. Onlar söz verirlər ki, seçkilərdə qalib gələcəkləri təqdirdə, qonşularla normal münasibətlər yaradacaqlar. Çünki Ermənistanın bunsuz çıxış yolu yoxdur. Başqa halda Ermənistanı növbəti aprel hadisələri gözləyəcək.
Siyasi və hərbi ekspertlər belə hesab edirlər ki, prezident Sarkisyan cəbhədə vəziyyəti yalnız gərginləşdirə bilər, amma dərinə gedə bilməz, yəni ona verilən rol çərçivəsində oynaya bilər. Həmin ssenari isə yəqin onun üçün xarici havadarları tərəfindən yazılıb.
Davakar prezidentə müxalif mövqedə olan Levon Ter-Petrosyan ortaya tamamilə əks siyasət planı qoyur. Onun siyasi planında “Türkiyə yaxın qonşudur” tezisi əsas yer tutur. İddiaçılar öz ifadələrində tez-tez işğal olunmuş ətraf rayonların “Madrid” və “Kazan” prinsipləri əsasında qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyən olunması barədə fikirlər səsləndirirlər. Qeyd olunmalıdır ki, keçmiş prezidentin bu tezisləri ilə həmrəy olanlar heç də az deyil. Beləliklə, bütün hallarda parlament seçkiləri Ermənistan elitasını azı üç yerə parçalamaqdadır.
2016-cı ilin sonlarında Bakıya gələn erməni ictimai xadimlərinin bəyanatları bu fikri tamamilə təsdiq edir. Onların bəyan etdiklərinə görə ermənilər Dağlıq Qarabağda girov kimi yaşamaq istəmirlər. Keçən ilin aprel döyüşlərindəki ağır məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində düşkün əhval-ruhiyyə formalaşıb. Onlar qəsb etdikləri Azərbaycan torpaqlarını vaxt itirmədən boşaltmalı olduqlarını dərk ediblər. Çünki itirilən zaman onların əleyhinə işləyir.