KÖŞƏ

Günel Eyyubova

TERROR...

12 yanvar 2017 16:08
2939

1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları törədilib

Bu gün bütün dünya terrorla mübarizə aparır. Hamı dərk edir ki, onların özləri də istənilən an terrorizmin hədəfinə çevrilə bilərlər. Əgər indiyə qədər sən və sənin yaxınlarından terrora qurban olanlar yoxdursa, bu, heç də sənin dünənini sığortalamır. Lakin terror qurbanlarına nəzər yetirsək, görərik ki, onların əksəriyyəti günahsız insanlardır.

Terror və ya terrorizm siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədi ilə özündə hər cür zorakılığı birləşdirən bir anlamı ifadə edir. Əlbəttə, bu terrorun dəqiq açıqlaması deyil. Terror termininin dəqiq akademik tərifi yoxdur. 1936-1981-ci illər arasında terrorizmə 109 fərqli tərif verilib. “Terrorizm” ifadəsi isə ilk dəfə 1975-ci ildə Fransada 1973-74-cü illərdə hökm sürən ictimai qarışıqlığa qarşı hökumətin tətbiq etdiyi çəkindirmə siyasətini ifadə etmək üçün istifadə edilib.

Xəbərlər buraxılışlarında “partlayışa görə məsuliyyəti filan terror qruplaşması öz üzərinə götürüb” cümləsini eşitmək artıq adiləşib. Terrorun “ağ”lığından, “qırmızı”lığından fərqli olmayaraq fakt odur ki, müasir dövrdə terrorizmin qurbanları hər gün daha da artır. Və bu günahsız kütlə arasında müxtəlif ölkələrin nümayəndələri, fərqli dinlərin, başqa-başqa irqlərin nümayəndələri var. Elə bu səbəbdəndir ki, dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparması zəruridir. Axı, nə kraliça, nə adi vətəndaş terrordan sığortalanıb. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını “Canadian Pacific Airlines”-ın (CP) Toronto reysi üçün qeydiyyata saldırır və xahiş edir ki, yükü Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi yükdə partlayış baş verir. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.

Həmin terrorist ilə birbaşa əlaqəsi olan digər fakt. Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçası olan təyyarə havaya qalxır. Sinqh isə 38-ci yerə bilet alsa da, sərnişinlərin arasında olmur. 07.15-də “Air İndia”ya  məxsus təyyarə İrlandiyanın radarlarından itir və partlayış səsi gəlir. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilir. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olur. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük terror hücumu idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talvinder Sinqh Parmar isə 2005-ci ildə Pəncabda polislə atışma zamanı öldürülür.

Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorunun 100 ildən çox tarixi var. Erməni terror təşkilatının törətdikləri 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həyatını itirib. XX əsrdə “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur. Bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində daha da genişlənib. 1975-ci ildə - Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insanlar erməni terrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədi ilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları törədilib. Adıçəkilən terror qruplaşmalar hərbi əməliyyatların getmədiyi ərazilərdə belə terror aktları təşkil etməklə, minlərlə günahsız insanı qətlə yetiriblər.

Bir zamanlar fəaliyyətini dayandırdığını deyən ASALA nə səbəbdənsə bir müddət sonra yenidən “dirildi”. Təşkilatın vaxtilə Parisdə Türkiyə səfirliyinə qarşı terror həyata keçirən iki üzvü mətbuat konfransı keçirdilər.  Həmin mətbuat koonfransında terrorçulardan biri Vazgen Sislyan dedi ki, ASALA fəaliyyətini dayandırmayıb və həm Ermənistanda, həm Türkiyədə və digər ölkələrdə fəaliyyətdədir. Lakin onun dediyinə görə, təşkilat silahlı əməliyyatlara fasilə verərək öz mübarizəsində siyasi vasitələrdən istifadə etməyə çalışır. Bununla belə, istənilən vaxt yenidən silahlı mübarizəyə əl ata bilər.