Vəli İlyasov |
Azərbaycan uzun illər aparılan informasiya “müharibəsində” Ermənistana qalib gələrək bütün dünyaya təkzibolunmaz faktlarla sübut etdi ki, Dağlıq Qarabağ onun əzəli torpağıdır. Artıq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tarixindən tam məlumatlıdır. Ən mötəbər dairələrdə də etiraf olunur ki, Azərbaycan zərər çəkən tərəfdir, Ermənistan isə vassalı olduğu xarici havadarlarının köməyi ilə qonşu dövlətin ərazilərini işğal edib.
Ancaq bu işğal erməni xalqını xoşbəxt etməyib və etməyəcək. Hazırda ermənilər işğal siyasətindən əziyyət çəkirlər, ictimai, iqtisadi-siyasi böhran Ermənistanı iflic vəziyyətə salıb. Son vaxtlar istər ölkə daxilində, istərsə də xarici ölkələrdə yaşayan ziyalı və gələcəyi görən ermənilər Ermənistanın təcavüzkar siyasətinə qarşı açıq çıxışlar edirlər. Onlar Azərbaycan torpaqlarını azad etməyi, Türkiyə ilə münasibətləri normallaşdırmağı tələb edirlər. Bir müddət əvvəl Bakıya gələn erməni ictimai xadimləri Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı cinayətkar əməllərinə görə üzr istədilər.
ABŞ-da yaşayan yazıçı Anna Paytyan bir neçə gün əvvəl bəyanat verərək bildirib ki, Xocalı qətliamının müqəssirləri tutulub cəzalandırılmalıdırlar. Erməni yazıçı bəyanatında “Azərbaycanlı uşaqları öldürənlər erməni uşaqları da öldürərlər” deyib.
Anna Paytyanın “şəkkaklığı” Ermənistan hakimiyyətini qıcıqlandırıb və onu “ağıllandırmaq” üçün tapşırıq verilib. Xüsusi xidmət orqanları yazıçının özünü axtarıb tapa bilməsə də, yaxın qohumlarını taparaq onları incidir və təzyiq göstərirlər. Ancaq Paytyan tək deyil və belələrinin sırası sürətlə genişlənir.
Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan yaxın günlərdə yerli mətbuata açıqlamasında Ermənistan hakimiyyətinin xalqazidd siyasətini ittiham edib. O, özünün və ailəsinin əslən Azərbaycanın Oğuz rayonundan olduqlarını söyləyib. Vurğulayıb ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə nizamlansa və barışıq olsa, ailəlikcə Oğuza gəlmək arzusundadır. Aşot Ovanesyan bildirib ki, çoxdan görüşmədiyi uşaqlıq dostları və tanışları ilə görüşməyi ən gözəl ziyarət hesab edərdi.
Ovanesyan onu da diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının işğalı, günahsız azərbaycanlıların qətli sadə erməni xalqının işi deyil, onu bu cinayətlərə sürükləyən yüksək dairələrə mənsub olan bir qrup iddialı şəxsin işidir. Ona görə də sadə xalqı təmsil edən diasporun üzvləri Ermənistan hakimiyyətindən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirlər. Onlar bildirirlər ki, münaqişənin sülhlə başa çatdırılması və münasibətlərin qaydaya salınması Ermənistana sərf edir. Ancaq eyni zamanda vurğulayırlar ki, Ermənistan hakimiyyəti öz xalqının rəyini qətiyyən hesaba almır, qonşulara qarşı qatı təcavüzkar siyasətini inadkarlıqla davam etdirir.
Aşot Ovanesyan Ukraynada yaşayan ermənilərin oradakı azərbaycanlılarla normal münasibət saxladıqlarını, heç bir insidentə yol vermədiklərini qeyd edib.
Göründüyü kimi, Azərbaycan torpaqlarının işğalı faktından əziyyət çəkən ermənilər nəhayət, dünyanın hər yerində səslərini qaldırırlar. Eyni zamanda Ermənistanın çox güvəndiyi dayaqlarından biri-diaspor təşkilatları da laxlayır. 2016-cı ilin aprel məğlubiyyətindən sonra Serj Sarkisyan hakimiyyəti istər ölkə daxilində, istərsə də xaicdə olan-qalan nüfuzunu da itirir və ermənilərin gözündən düşür.
Erməni ziyalılarının və ictimai xadimlərinin rəsmi İrəvanı Dağlıq Qarabağın və ona bitişik rayonların işğalı ilə bağlı ittiham etməsi beynəlxalq aləmdə və ölkənin daxilində Ermənistanın mövqelərinə ciddi zərbə vurur. Xalqının getdikcə ona qarşı çıxdığını hiss edən Ermənistan prezidenti Serj Sarkisyan bundan əsəbiləşir, qəddarlaşır və həmin adamları “xalq düşməni” elan edir. Amma düşünmür ki, erməni gənclərini ədalətsiz müharibəyə sürükləməklə xalqına əsl düşmənçilik edir. Bir sözlə, ermənilər artıq başa düşüblər ki, onların övladlarını nahaq yerə güdaza verən Serj Sarkisyan və onun başçılıq etdiyi cinayətkar hakimiyyətdir.