Vəli İlyasov |
Hər bir Azərbaycan vətəndaşı dünyada alternativi olmayan “ASAN xidmət”in nümunəvi fəaliyyəti barədə yalnız razılıqla danışa bilər. Ona görə ki, yarandığı gündən bu qurum öz operativ və mədəni xidməti ilə ona müraciət edən hər kəsi məmnun yola salıb. Hətta bu ünvana işi düşən xarici ölkə vətəndaşları belə “ASAN xidmət”in işindən razı qaldıqlarını bildirirlər. Çünki əvvəllər Azərbaycana gəlmək üçün viza almaqda çətinlik çəkən xarici vətəndaşlar artıq 2-3 gün ərzində ölkəmizə gəlmək imkanı əldə edirlər. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin dövlət və ictimai xadimləri ilə görüşlərində “ASAN xidmət”in uğurlu fəaliyyəti haqqında məlumat verib. Həmin rəsmi şəxslərin demək olar ki, hamısı bu qurumu yüksək qiymətləndiriblər. Onların hamısı öz ölkələrində də belə bir qurumun yaradılmasını arzuladığını bildiriblər. Hətta bəzi ölkələrdə Azərbaycanın təcrübəsindən istifadə etməyə başlayıblar.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı “ASAN xidmət”in fəaliyyəti barədə danışıb: “ASAN xidmət”lə bağlı burada məruzədə planlar haqqında deyildi. Qeyd etməliyəm ki, biz coğrafiyanı bundan sonra da genişləndirəcəyik və “ASAN xidmət”in funksiyalarını da genişləndirəcəyik. Çünki o öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq “ASAN xidmət”dəki kimi olmalıdır.”
Qeyd etməliyik ki, ölkəmizə turist axınının artmasında “ASAN xidmət”in böyük rolu var. Bundan sonra turistlər Azərbaycanın səfalı yerlərini ziyarət etmək üçün vaxt itirməyəcək, müəyyən məmur süründürməçiliyi və bürokratiya ilə qarşılaşmayacaqlar. 2016-cı ildə ölkəmizə turist axını o dərəcədə güclü oldu ki, bütün istirahət mərkəzləri, mehmanxanalar və otellər tamamilə doldu. Keçən il Azərbaycanda əsl “turist bumu” yaşandı desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Xüsusilə, ərəb ölkələrindən gələnlərin sayı daha da artdı. Bir neçə ildir ki, dünya dərin iqtisadi-hərbi böhran içərisində olsa da, Azərbaycana 2016-cı ildə turist axını əvvəlki ilə nisbətən 11 faiz artmışdır. Ekspertlərin qənaətinə görə, 2017-ci ildə bu faiz daha yüksək olacaq. Təbii ki, belə gözəl nəticənin əldə olunmasında “ASAN xidmət”in də sanballı payı var.
Son illər Azərbaycanda keçirilən böyük beynəlxalq idman yarışlarına, çempionatlara gəlib-gedən komandalar və azarkeşlər, festivallara, benefislərə, konsertlərə təşrif gətirənlər üçün sadələşdirilmiş qaydalar tətbiq edildi və bunun həyata keçirilməsində “ASAN xidmət”in də əhəmiyyətli xidməti oldu.
Keçən il “ASAN xidmət” mərkəzlərinin sayı artırılaraq 11-ə çatdırıldı. Yarandığı gündən indiyədək bu ictimai xidmət qurumuna 13 milyondan çox müraciət olub və hamısı müsbət həllini tapıb. Müraciət edənlərin bəyənmə əmsalı yüz faizə qədərdir. Bu, əlbəttə, böyük nailiyyətdir, əsl Azərbaycan brendidir. Ona görə də dövlət rəhbərliyi bu sistemin coğrafiyasının genişləndirilməsində maraqlıdır. Keçən il “ASAN kommunal”, “ASAN qatar” və “ASAN viza” təşəbbüsləri irəli sürüldü. Bütün təşəbbüslərin mahiyyətində soydaşlarımızın həyatının daha da asanlaşdırılması və yaxşılaşdırılması məramı durur.