Vəli İlyasov |
Ermənistanda parlament seçkilərinin vaxtı açıqlanandan dərhal sonra siyasi partiyalar və hərəkatlar fəal mübarizəyə başlayıblar. Məlumdur ki, Ermənistanda parlament seçkiləri bu il aprelin 2-də baş tutacaq. Serj Sarkisyanın ssenarisinə uyğun olaraq ölkə konstitusiyasında edilmiş dəyişikliklərə görə, Ermənistan parlamentli respublika elan olunub. Prezident kürsüsünü təhvil verməli olan Serj Sarkisyan ölkəyə rəhbərliyi əldən verməmək üçün bu üsula əl ataraq yeni seçkilərə gedir. Axı, konstitusiyaya edilən dəyişikliklər prezidentin səlahiyyətlərini məhdudlaşdırdığı halda, baş nazirin səlahiyyətlərini daha da genişləndirib. Ona görə də növbəti seçkilərdə qalib gələcək partiya faktik olaraq Ermənistanı idarə etməli olacaq. Bu səbəbdən də Sarkisyan hazırda cidd-cəhdlə baş nazir postuna yiyələnməyə can atır.
Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası və ona müxalif siyasi hərəkatlar artıq seçkiqabağı kampaniyaya başlayıblar. Onlar bir-birlərini xalqın gözündən salmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Hakim respublikaçılara qarşı mübarizədə kifayət qədər reytinq qazanmış keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi, həmçinin Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Tsarukyan və Robert Koçaryanın tərəfdarları daha fəaldırlar. Parlament seçkilərinə üç aydan artıq vaxt qalmasına baxmayaraq artıq namizədlər öz platformalarını yayıblar. Hər üçünün platformasında başlıca məsələ Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın xeyirinə həll edilməsi əsas yer tutub. Görünür, onlar bu məsələni qabartmaqla seçicilərin rəğbətini və dəstəyini qazanmaq niyyətindədirlər.
Levon Ter-Petrosyan və Robert Koçaryan rəqiblərə qarşı nisbətən “yumşaq” xətt yeritsələr də, Qagik Tsarukyan Sarkisyana qarşı aqressiv mövqe tutub. Bu isə köhnə dostların bir-biri ilə ədavət aparmasından irəli gəlir. Ermənistan mətbuatında yayılan məlumatlarda göstərilir ki, əvvəlki mehriban dostlar indi barışmaz düşmənə çevriliblər. Sarkisyan onu hətta biabırçı vəziyyətə salaraq həbs etdirmək də istəyib. Ancaq bundan xəbər tutan Tsarukyan ölkədən qaçaraq bir müddət xaricdə yaşayıb. O, zəngin var-dövlət sahibi olduğu kimi, ətrafına çoxlu tərəfdar da yığa bilib. Qisas almağa çalışan Tsarukyan seçkilərdə qalib gəlmək üçün hər vasitədən istifadə edəcək.
Sarkisyanın ciddi rəqiblərindən biri də keçmiş müdafiə naziri Seyran Ohanyandır. Heç şübhəsiz o, yenicə yaratdığı partiyası ilə qələbə qazanmaq ümidindədir. Sabiq nazir onu vəzifədən çıxaran prezidentə qarşı revanş götürüb. Fəaliyyətinin nəticəsi bunu açıq göstərir.
Ancaq Serj Sarkisyan da davakar siyasətindən əl çəkmir, seçkiqabağı kampaniyada cəbhə xəttində gərginliyin saxlanmasına rəvac verir. Bununla da sanki rəqiblərinə yerlərində sakit oturmaq mesajı göndərir. Gözləniləndir ki, rəqiblərinin qalib gəlmək şansı yaransa, o, gündən-günə azalan imicini yüksəltmək naminə Azərbaycana qarşı hərbi təxribatlara da başlaya bilər.
Bu günlərdə Serj Sarkisyana daha bir zərbə dəyib. Respublika Partiyasının sədr müavini, sabiq baş nazir Ovik Abramyan gözlənilmədən vəzifəsindən istefa verib və partiya sıralarını tərk edib. Səbəbini isə bir neçə gündən sonra açıqlayacağını bildirib.
2016-cı ilin apreli Serj Sarkisyanın mövqeyinə ciddi zərbə vurdu və vəzifə kürsüsünü laxlatdı. Proseslərin gedişi göstərir ki, qarşıdan gələn 2017-ci ilin aprel ayı Sarkisyan üçün ölüm-dirim ayı olacaq.