Vəli İlyasov |
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı növbəti Fərman təkcə məcburi köçkün ailələrinin deyil, bütövlükdə xalqımızın ürəyincə oldu. Fərmanda göstərilir ki, 2017-ci ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət veriləcək. Bununla da bu qəbildən olan şəxslərin həyat şəraiti stimullaşacaq və daha rahat olacaq.
Bu gün artıq belə bir ümumi rəy formalaşıb ki, Azərbaycan dövləti əhalinin aztəminatlı təbəqələri, o cümlədən qaçqın və məcburi köçkünlər üçün hər cür lazımi şərait yaratmaqda dünyanın ən sivil ölkələrinə belə nümunə ola bilər. Məlum olduğu kimi, xeyli müddətdir dünya qaçqın böhranı yaşayır. Vətəndaş müharibəsi, xarici müdaxilə və daxili siyasi qarşıdurmalar nəticəsində əsasən müsəlman ölkələrindən olan yüz minlərlə qaçqın öz vətənlərindən didərgin düşüb başqa ölkələrə üz tuturlar. Onlar yad ölkələrdə alçaldıcı həyata da razıdırlar, təki əmin-amanlıq və bir tikə çörək olsun.
Təkcə bu fakt sübut edir ki, Azərbaycan dövləti təkcə qaçqın və məcburi köçkün vətəndaşlarının deyil, ümumiyyətlə, əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri görür. Sevindirici haldır ki, sosial siyasətlə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulan Azərbaycan Respublikası öz vətəndaşlarının təminatını daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, Azərbaycan hökuməti yaşayış yeri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş soydaşlarımıza 1994-cü ildən xüsusi məcburi köçkün statusu verib və bu təbəqədən olan şəxslər ilk günlərdən sosial təminatla əhatə olunublar. Keçən illərdə dövlətimiz qaçqın və məcburi köçkün ailələrinə qayğısını daha da artırıb. Onlar üçün tikilmiş yaraşıqlı şəhərciklər, kənd rayonlarında məskunlaşanlara əkin üçün verilən torpaqlar, digər imtiyazlar buna ən bariz nümunədir.
Laçın rayonundan olan Bəsirə Məmmədli bizimlə söhbətində dövlətimizin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğını belə qiymətləndirdi: “1992-ci ildən 1993-cü ilin ortalarına qədər çox məşəqqətlər çəkdik. Ancaq ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra vəziyyətimiz yaxşılaşmağa başladı. Hazırda Bakı şəhərində məskunlaşmışıq və dolanışığımız yaxşıdır. Ailədə səkkiz nəfərik. Bu ilin yanvar ayından başlayaraq hər birimizin ayda 36 manat müavinət almağımız vəziyyətimizi daha da yaxşılaşdıracaq. Bu məbləğ bizim kommunal xərclərimizi və bəzi ehtiyaclarımızı ödəyəcək. Qeyd etməliyəm ki, dörd nəfərimizin işləyib maaş, iki nəfərimizin isə pensiya alması ilə yaşayışımız normal səviyyəyə yüksəlib. İndi heç nədən çətinlik çəkmirik. Bunun üçün bütün ailə üzvlərim adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.”
Bəli, dövlətimizin başçısının atdığı növbəti humanist addım bütün məcburi köçkünlər tərəfindən böyük razılıqla qarşılanıb. Onlar yekdilliklə qaçqınların və məcburi köçkünlərin böyük himayədarı Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan edirlər. Bildirirlər ki, Ali Baş Komandan, Prezident İlham Əliyev nə vaxt əmr versə, Qarabağ torpaqlarını erməni işğalçılarından azad etməyə hazırıq.