KÖŞƏ

Vəli İlyasov

“Milli Şura”sız yeni birlik yaradılır

02 fevral 2017 14:45
684

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Azərbaycan müxalifətini yeni siyasi birlik yaratmağa çağırıb. O, müraciətində qeyd edib ki, yeni birlikdə “Milli Şura” yer almamalıdır: “Xalqın şurası adı altında “Milli Şura” yaratdılar. Amma bu şura nəinki xalqın, heç onu yaradanların da deyildi. “Yurd” sədri Əli Kərimli xalqın olmayan bu qurumun yaradılmasında belə əməyi olanları dışlayıb çöldə qoyub, özü üçün kiçik, cılız və mənasız siyasi klub formalaşdırıb. Xalqın olduğu iddia edilən “Milli Şura” antimillidir. Bu, faktdır və mübahisə obyekti deyil.”

O, mətbuata açıqlamasında “Milli Şura”nın uğursuz fəaliyyəti ilə bağlı geniş məlumat verib. Vurğulayıb ki, bu şura yarandığı gündən Əli Kərimlinin maraqlarını müdafiə etməklə məşğuldur. Bu, Nardaran hadisələrində həbs olunmuş radikallara münasibətdə özünü  daha qabarıq göstərir. Nardaranda dövlət əleyhinə təxribata əl atılanda Əli Kərimli təxribatçıları müdafiə etdi. O, təxribatçılara öz köməyini həm gizli, həm də açıq formada göstərirdi. Onun qara əməllərinin qurbanı isə müavini Fuad Qəhrəmanlı oldu. “Milli Şura”nın və “Yurd”un dini radikalları dəstəkləməsi isə təsadüfi deyil. Xaricdən təxribatçılara göndərilən pulların  bölüşdürülməsi Əli Kərimliyə etibar edilmişdi. Həmin pulların bir hissəsini həbs olunanların ailələrinə “yetim payı” verən “Yurd” sədri qalanını özü və yaxın adamları “həzm-rabedən” keçiriblər.

Razi Nurullayev bildirib ki, Əli Kərimli həmişə digər partiyaları öz “qarmağına” keçirərək şəxsi maraqlarını təmin etmək məqsədi güdüb. “Milli Şura”nı da özünə əlavə dəstəkçi kimi elə bu niyyətlə yaradıb. Şuranın sədri Cəmil Həsənli onun cızdığı planları həvəslə yerinə yetirir, çünki Əli Kərimli aldığı külli miqdarda puldan ona da kiçik bir miqdar ayırır.

“Milli Şura”nın “Yurd”un quyruğunda sürünməsi digər müxalifət partiyaları tərəfindən ikrahla qarşılanır. Ona görə də heç bir partiya onunla işbirliyinə getmir. İndi “Yurd” və “Milli Şura” təklənmiş vəziyyətə düşüblər. 2013-cü ildən bəri keçən dörd il bədnam şuranın Əli Kərimlinin uğursuz layihələrindən biri olduğunu ortaya qoydu. Məlum oldu ki, “Milli Şura”nın xalq, siyasət və ya müxalifət adına gördüyü və görəcəyi  heç bir iş yoxdur. Ona görə də müxalifət partiyalarının demək olar ki, hamısı bu qurumu müstəqil siyasi təşkilat kimi tanımır. İndi radikal müxalifət düşərgəsində hamı bilir ki, “Yurd” sədri Əli Kərimli şuranı öz alətinə çevirib, ondan istədiyi formada istifadə edir. Bir sözlə,  şura ciddi siyasi qurum deyil.