KÖŞƏ

Zahid Rza

Niyə işğalçı Ermənistana sanksiyalar tətbiq olunmur?

09 fevral 2017 14:26
1676

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi, işğalçı dövlətin təcavüzünün aradan qaldırılmasıdır.

Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha vurğuladı ki, işğalçı Ermənistana təzyiq göstərilməməsi münaqişənin həllini bir qədər də uzadır: “Torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul etdiyi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar-İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul edib. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir”.

Beynəlxalq təşkilatların qəbul etdikləri  bütün sənədlər bir daha onu təsdiq edir ki, dünya birliyi münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır. Belədə ortaya haqlı olaraq, bəzi suallar çıxır: görəsən, niyə bu günə qədər regional və beynəlxalq təhlükəsizliyi təhdid edən bu münaqişə öz həllini tapmayıb? Niyə işğalçı Ermənistana sanksiyalar tətbiq olunmayıb?

Əslində işğalçı Ermənistanın pozucu mövqedən çıxış etməsi, ipə-sapa yatmaması heç də səbəbsiz deyil. Əvvəla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri işğalçı Ermənistana himayədarları tərəfindən yardım göstərilməsidir.  Həmçinin beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməmələri, qətiyyətsiz mövqe tutmaları, ikili standartlardan çıxış edərək işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq cəhdləri münaqişənin uzanmasına səbəb olmuş, onun dinc yolla nizamlanmasını çətinləşdirmişdir. Münaqişənin tənzimlənmə prosesində bütün imkanları tükənən təcavüzkar dövlətin iqtisadi, siyasi, ideoloji və hüquqi müstəvilərdə Azərbaycana uduzmasına baxmayaraq, indiyədək  bu sahədə əsaslı irəliləyişə nail olunmamışdır.

Ancaq Ermənistan və onun havadarları birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan xalq-iqtidar birliyinin gücü ilə gündən-günə qüdrətlənən Azərbaycan, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını düşmən tapdağından təmizləyərək  ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.