Vəli İlyasov |
Parlament seçkiləri ərəfəsində rejimdən narazı qüvvələr Serj Sarkisyana qarşı birləşməyə çalışırlar. Ancaq siyasi qurum rəhbərləri bir-birinin dəstəyindən yalnız öz xeyirlərinə istifadə etmək məqsədi güdürlər. Bu mənada Ermənistanın iki sabiq naziri- Seyran Ohanyan və Vardan Oskanyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə birgə getmək barədə razılıq əldə etsələr də, artıq məlum olub ki, tərəflər arasındakı fikir ayrılıqları buna mane olur. İrəvanda nəşr olunan “Jamanax” qəzetinin yazdığına görə, bu iddiaçılar liderlik məsələsində eyni fikirdə deyillər. Digər tərəfdən, onlar maliyyə çatışmazlığı ilə üzləşiblər. Hətta iş o yerə çatıb ki, onlar nəzarətlərindəki politinfo.orq saytını bağlamağa məcbur olublar. Vəziyyətin belə davam edəcəyi təqdirdə onda Qarabağ ermənilərinin lideri kimi Seyran Ohanyan rəqibləri tərəfindən sıradan çıxarılacaq. Bununla da yarım ay əvvəl hakim Respublika Partiyası sədrinin müavini vəzifəsindən istefa vermiş sabiq baş nazir Ovik Abramyanın Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Sarukyanla yaratdığı siyasi blok ön mövqelərə çıxacaqdır.
Qeyd olunmalıdır ki, Ovik Abramyan bu gün Ermənistanda güclü siyasi nüfuza malikdir. O öz siyasi imkanlarını Qagik Sarukyanın kapitalı ilə birləşdirərək güclü blok yaratmağa can atır. Əgər proses onun düşündüyü kimi davam etsə, Ermənistanda Serj Sarkisyanın mövqelərini laxlada biləcək qüvvəyə malik şəriksiz lider meydana çıxacaq. İndiki situasiyada bu cütlüyün qarşısında eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası durur.
Parlamentdə daha çox deputat yeri qazanmaq uğrunda mübarizəyə qoşulmuş siyasi qurumlardan Respublika Partiyasından sonra yalnız Çiçəklənən Ermənistan Partiyası tam təminatlıdır. Ona görə də Qarabağ klanının seçkilərdə məğlub olacağı şəksizdir.
Ermənistanda seçicilərin səsini pulla almaq təcrübəsi olduğundan Serj Sarkisyana qarşı revanş götürən Qagik Sarukyan düşmənini “yıxmaq və məhv etmək” üçün varidatından belə keçməyə hazır olduğunu bildirib. Belə görünür ki, milyonlarını əsirgəməyən Sarukyan bu yolla liderliyi ələ ala bilər.
İki gün əvvəl Ermənistan Nəzarət Palatasının sədri İşxan Nazaryan Sarkisyan hakimiyyətinə etiraz əlaməti olaraq vəzifəsindən istefa verərək müxalifətə keçib. O, Sarukyanın seçki blokunun qərargahına rəhbərlik edəcəyini bildirib. Göründüyü kimi, Sarukyanın ətrafında birləşən nüfuzlu şəxslərin sayı sürətlə artır və bu transferlər onun mövqeyini daha da gücləndirir.
Ermənistanda müxalif partiyaların əksəriyyəti maliyyə çətinliyi ilə üzləşib. Hakim partiya və Çiçəklənən Ermənistan Partiyası istisna olmaqla digər partiyalar bu seçkilərdə maliyyə dəstəklərindən məhrum olublar. Məlum olduğu kimi, Ermənistana pul axıdan diaspor təşkilatları və ayrı-ayrı erməni milyonerləri İrəvandakı siyasilərə daha pul göndərmirlər. “Kim Dağlıq Qarabağ məsələsini həll edəcəksə, pullar ona veriləcək” deyən maliyyə mənbələri yardımları dayandırıblar. Ona görə də müflisləşən partiyalar heydən düşüblər və hətta gündəlik qəzet çıxarmağa da çətinlik çəkirlər. Belə davam etsə, müdafiə naziri işləyərkən korrupsiyaya qurşanmış və xalqın nifrətini qazanmış Seyran Ohanyan, eks-xarici işlər naziri Vardan Oskanyan və digərlərinin şansları tamamilə azalacaqdır.
Ermənistanda gedən proseslər onu deməyə əsas verir ki, “kasıb” partiyalar Sarkisyan rejimindən can qurtarmaq üçün qiyama əl atacaqlar. İqtisadi, siyasi böhranlardan cana doymuş xalq isə qiyamçılara dəstək verə bilər. Bunu əvvəllər dəfələrlə paytaxtda və bölgələrdə qaldırılan qiyamlar da təsdiq edir. Terrorçuluq və qiyamçılıq isə bədnam təcrübəyə malik olan ermənilərin xarakterik xüsusiyyətlərindəndir.