KÖŞƏ

Vəli İlyasov

Seyran Ohanyan həbs olunacaqmı?

22 fevral 2017 23:10
1037

İrəvanda nəşr olunan “Haykakan Jamanax” qəzetinin yaydığı məlumata görə, keçmiş müdafiə naziri Seyran Ohanyan həbs edilə bilər.  Belə ki, müdafiə naziri Vigen Sarkisyanın göstərişi ilə respublika hərbi prokurorluğu nazirliyin 2016-cı  ildəki maliyyə durumunu yoxlamağa  başlayıb və ciddi mənimsəmə faktları aşkarlayıb.

Keçən ilin aprel döyüşlərində Ermənistan ordusunun biabırçı məğlubiyyətindən sonra  prezident  Serj Sarkisyan bir neçə generalı, o cümlədən müdafiə naziri Seyran Ohanyanı vəzifələrindən uzaqlaşdırdı.  Vəzifəsindən çıxarılan Seyran Ohanyan müxalifətə keçərək  Üçüncü Respublika Partiyasını təsis etdi. Bu ilin aprelində keçiriləcək parlament seçkilərinə qoşulan eks-nazir prezidentə qarşı revanş götürmək üçün üçlükdən ibarət seçki bloku da yaradaraq qüvvələrini səfərbər etməkdədir. O, prezidentdən narazıları öz partiyasına cəlb etməkdə maraqlıdır.

Hakimiyyət məsələsində hətta ən yaxın dostlarına belə güzəştə getməyən Serj Sarkisyan bu məlumatı alan kimi keçmiş dostunu sıradan çıxarmaq üçün hər vasitədən istifadə edir. Onun tapşırığına əsasən,   müdafiə naziri Vigen Sarkisyan respublika hərbi prokurorluğuna Seyran Ohanyanın vəzifədə işlədiyi müddətdə müdafiə nazirliyində rüşvətxorluq və korrupsiya hallarının araşdırılması barədə göstəriş verib. Hərbi prokurorluq ilkin yoxlamalarda xeyli qanun pozuntusu və mənimsəmə faktları aşkar edib.   Məlum olub ki, Seyran Ohanyan nazirliyin büdcəsinin talanmasına şərait yaradıb. Nazirliyin elan etdiyi tenderlərdə qalib bir qayda olaraq onun himayəsində fəaliyyət göstərən  şirkətlər çıxıb. Həmin şirkətlər görülməmiş işlər barədə hesabat sənədləri təqdim edərək dövlətin milyonlarla dollar vəsaitini mənimsəyiblər. Məsələn, istintaq aşkar edib ki, “Hesperus” Qapalı Səhmdar Cəmiyyəti tikmədiyi hərbi geyimlər üçün 245000 dollar vəsaiti mənimsəyib. “Eko plastik” şirkəti isə nazirliyin sifarişi ilə plastik boru istehsal etməli olduğu halda,  sifarişi yerinə yetirməyib və saxta üsulla 72  min dolları ələ keçirib.  Ümumiyyətlə, Seyran Ohanyanın nazir işlədiyi dövrdə belə qanun pozuntularının sayı kifayət qədərdir. Bu isə prokurorluğa onun həbs edilməsi üçün əsas verir. Heç şübhəsiz ki, Serj Sarkisyan əgər ipə-sapa yatmasa Seyran Ohanyanı bağışlamayacaq və yaranmış fürsətdən istifadə edərək onun həbsinə qərar verəcək.

Qeyd etmək lazımdır ki, mətbuatda  Seyran Ohanyanın qanunsuz əməlləri barədə məlumatlar yayılan kimi başçılıq etdiyi  Üçüncü Respublika Partiyasından bir çox funksionerlər, o cümlədən tanınmış sima Viktor Dallakyan partiyadan uzaqlaşıb. Dallakyan bəzi maliyyə məsələlərində partiyaya köməkliklər göstərirdi. Onsuz da maddi sıxıntılar yaşayan partiya bundan sonra daha çətin duruma düşüb.

Hazırda Ohanyan-Oskanyan-Ovanesyan seçki bloku iflas  həddinə çatıb. Görünür, “üçlər ittifaqı” Serj Sarkisyanın sonrakı zərbələrinə davam gətirməyəcək. Çünki ilk zərbələrin nəticəsində Ohanyanın ətrafının  seyrəlməsi və partiyasının sürətlə tənəzzülə uğraması bu fikri  əsaslandırır.