Vəli İlyasov |
ABŞ Dövlət Departamentinin 2016-cı ildə insan haqlarının vəziyyətinə dair hazırladığı hesabat Ermənistan hakimiyyətini məyus edib. Hesabatda bu ölkəyə geniş yer ayrılsa da, faktlar və rəylər onun əleyhinədir. Sənəddə vurğulanır ki, Ermənistanda keçirilən seçkilər bir qayda olaraq saxtalaşdırılır: “Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və Respublika Partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendumda qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır. 2008-ci il prezident seçkilərindən sonra öldürülən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb.”
İrəvanda nəşr olunan “Joxovurd” qəzetinin yaydığı məlumatlarda bildirilir ki, qanunazidd seçki proseslərinin keçirilməsini qabartmaqla ABŞ Dövlət Departamenti Serj Sarkisyanın saxta üsulla prezident seçildiyini ona xatırladır və dolayısı ilə qeyri-qanuni prezident adlandırır.
Parlament seçkilərinə hazırlaşan Serj Sarkisyan bu məlumatı “soyuq duş” kimi qəbul edib. Həmişə ağaları tərəfindən əzizlənən Serjik bu dəfə onların birindən başgicəlləndirən tərs sillə yeyib. Məsələ bundadır ki, “müstəqillikdən” sonra Ermənistan Sarkisyanın prezidentlik etdiyi dövrdə ilk dəfə ABŞ-ın “qara siyahısı”na düşüb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp ermənilərə nəinki rəğbət bəsləmir, hətta onları xəyanətkar rolunda görür. Təbii ki, Trampın əlində təkzibolunmaz faktları var.
ABŞ-dakı prezident seçkilərində Donald Trampa məlum idi ki, oradakı erməni diasporu əvvəldən Hillari Klintonu dəstəkləyir və ona hər cür yarınmağa çalışır. Ona görə də ermənilərin ikibaşlı oyunlarına inanmadı və onların təklif etdikləri maddi dəstəyi rədd etdi. Seçki ərəfəsində rəqibi Klintondan fərqli olaraq Tramp erməni məsələlərindən bir kəlmə də danışmadı.
Hələ ABŞ-dakı seçkilərdən əvvəl Serj Sarkisyan və xaricdəki erməni lobbi təşkilatları qəti əmin idilər ki, Hillari Klinton prezident seçiləcək. Ondan sonra ermənilərin işi “xod” gedəcək. Ermənilərdən maddi dəstək alan Hillari bunun müqabilində uydurma “soyqırımı” məsələsini gündəmə gətirəcək, Türkiyəyə və Azərbaycana təzyiqlər ediləcək, təzminat tələb olunacaq, Ermənistanın mövqeləri bir az da güclənəcək. Amma sürprizlərlə dolu həyat Serjiki sevindirmədi və “oxu daşa dəydi.”
Seçkilərdən sonra Ermənistan prezidenti riya niqabını üzünə çəkərək Donald Trampa prezident seçilməsi münasibətilə təbrik məktubu göndərdi. O, cəmi bir neçə gün əvvəl “antidemokrat” adlandırdığı Donald Trampa yarınaraq bildirdi ki, ABŞ 25 ildir ki, Ermənistan demokratiyasının və iqtisadiyyatının formalaşmasına mühüm kömək göstərir. Ardınca Ermənistanın ABŞ-dan yenə də dəstək gözlədiyi vurğulandı. Ancaq reaksiya gözlənilən kimi olmadı, çünki Donald Tramp cırılmış pərdədən Sarkisyanın əsl sifətini görmüşdü. Ona görə də Ağ evdən soyuq, quru və heç nə vəd etməyən cavab alındı.
ABŞ-dakı erməni lobbisindən sızan məlumatlarda bildirilir ki, ermənilər Ağ evə yaxın düşə bilmirlər. Oradakı ermənilərin 1915-ci il hadisələrinin 102-ci ildönümü ilə bağlı göndərdikləri müraciət isə hələ də cavabsız qalır.
Bundan az sonra Prezident Trampın təyin etdiyi dövlət katibi Reks Tillerson da Senatdakı ilk çıxışında erməniləri məyus etdi. Uydurma “erməni soyqırımı”na belə münasibət bildirdi: “1915-ci il olayları “bədbəxt hadisədir” və onu araşdırmaq tarixçilərin işidir.”
Yaxın günlərədək ermənilər yalnız bir şəxsə - Prezident Trampın təhlükəsizlik müşaviri təyin etdiyi general Maykl Finnə ümidli idilər. Çünki general Finn indiki ABŞ hökumətində yeganə ermənipərəst kimi tanınmışdı. Lakin naməlum səbəbdən gözlənilməz halda Maykl Finn vəzifəsindən istefa verdi.
Qeyd olunan faktları ümumiləşdirsək belə nəticəyə gəlmək olar ki, Ermənistan okeanın o tayından həmişə gördüyü dəstəklərdən məhrum ediləcək. ABŞ-ın yeni rəhbərliyi Serj Sarkisyanın legitimliyini qəbul etmir və onu dövlət başçısı postunda görmək istəmir. Bu isə aprel ayında keçiriləcək parlament seçkilərində Sarkisyanın məğlubiyyətə uğramasında əsas arqumentlərdən biri olacaq. Qısaca desək, zaman bədbəxtliklər basmış Serjikin əleyhinə işləyir...