KÖŞƏ

Günel Eyyubova

Xalqdan gələn nifrət “seli” onları birdəfəlik “ağuşuna” aldı

12 aprel 2017 23:56
3400

Sivil mübarizə metodlarından və elementar müxalifətçilik təfəkküründən çox-çox uzaq olan dağıdıcı müxalifət partiyaları daxildəki  didişmələr səbəbindən olan-qalan sosial bazalarını itirməklə yanaşı, həm də cəmiyyətin dərin  nifrətini qazanıblar. Bir də  sivilizasiya hara, onlar hara?.. Onların işi böyük-böyük danışmaq və xaricdən aldıqları qrantlar hesabına dövlətin və xalqın maraqlarına zidd olan “layihələrlə” əlləşib-vuruşmaqdır. Elə götürək “Milli Şura”nı... İclas- filan keçirdi, “nəhəng” siyasətçilərlə planlar qurdu. Çayı keçmədən çirmələndilər heç “hop” deyə bilmədilər, hətta xalqdan gələn nifrət “seli” onları birdəfəlik “ağuşuna” aldı. Uzun sözün qısası, ötürdükləri mesajların heç biri özünü doğrultmadı. Heç nəyləri olmasa da, boş-boş guruldamaları var...

“Milli Şura”nın bu günlərdə keçirdiyi mitinqin “səbəbləri” hələ də müəmmalı qalmaqdadır. Amma bir şey dəqiqdir ki, 8 aprel mitinqi radikal müxalifətin iflasını, cəmiyyətin onlara arxa çevirdiyini və hər hansı bir perspektivlərinin olmadığını bir daha təsdiqlədi. Dağıdıcı müxalifətin indiyədək söylədiyi bütün fikirlər, verdiyi vədlər bir daha onu göstərdi ki, onlar üçün artıq hər şey fiaskoya uğrayıb. Bu, baş aldatmaqdan başqa bir şey deyil. Mitinq və aksiyalar cəmiyyətin fikrini qarışdırmağa və ayrı-ayrı istiqamətlərə yönəltməyə hesablanıb. Amma xalqın gözü tərəzidir, yaxşını pisdən ayırmağı bilir, populist, mənasız vədlərə inanmır.

Müxaliflər indi də yeni qalmaqalla gündəmə gəliblər.  Avropadan siyasi sığınacaq almaq istəyən şəxslərə verilən saxta partiya biletləri ilə bağlı gərginlik yaranıb. Belə ki, sosial şəbəkədə siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılıb və qeyd olunub ki, partiya bileti saxta şəkildə hazırlanıb. Almaniyaya köçmüş şəxs sənədin Ramin Hacılı adlı bir nəfər tərəfindən 3000 manata hazırlandığını iddia edib.

Sosial şəbəkə istifadəçiləri sözügedən şəxsin “Dalğa” Gənclər Hərəkatının keçmiş rəhbəri, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı olduğunu və onun adının saxta sənəd düzəltmə işlərində çox hallandığını qeyd ediblər. İddialara görə, R. Hacılı xaricdən sığınacaq almaq istəyən şəxslərə saxta partiya biletləri, saxta məhkəmə qərarları, polis tərəfindən saxlanma ilə bağlı protokollar satır. Həmin şəxslər də bu saxta sənədlərlə digər ölkələrdən siyasi sığınacaqlar ala bilirlər. Bu da belə... Amma əslində bu sahədə əsl peşəkar AXCP sədri Əli Kərimlidir. Mitinqlərdə iştirak edənlərə xaricə getmək üçün partiya bileti, viza, saxta sənəd düzəltməkdə mahir olan “islahatçı”sədr özünə kiminsə ortaq olmasına heç vaxt razı olmaz. Çünki hər bir sənədin özünəməxsus qiyməti, məzənnəsi var. Ona görə də asan yolla pul qazanmağın yollarını özü üçün maliyyə mənbəyi seçən Əli Kərimli heç Leyla Yunus kimi həmkarlarına belə imkanı yaratmamışdı.

İndi düşərgədə Əli Vəlini, Vəli də Əlini günahkar biləcək. Müxalifət arasında heç vaxt birlik olmayıb və olmayacaq da. İllərdir biz bunun şahidi oluruq. Dağıdıcı müxalifət, xüsusən AXCP və Müsavat siyasi uğursuzluqlarının bir səbəbini daim öz aralarındakı birliyin olmaması ilə əlaqələndiriblər. Bu düşərgənin hər bir təmsilçisi birlikdən dəm vursa da, zaman onlar arasında fikir ortaqlığının mümkünsüzlüyünü həmişə sübuta yetirib. Onlarınkı ancaq ağlamaq-sızlamaq, ağı qara görmək, beynəlxalq təşkilatlara ünvanlanan məktublar, birdə ki, ildə bir-iki dəfə xarici səfər adı ilə reallaşan turistik gəzintilərdir. Bu da onların siyasəti!

Son onillikdə cəmiyyət AXCP sədri Əli Kərimlini və Müsavat başqanı Arif Hacılını xəyanətkar və milli maraqları xarici havadarlarına satan dönüklər kimi tanıyır. Onlar partiya adından verdikləri hər qərarda, atdıqları hər addımda, səsləndirdikləri hər fikirdə heç vaxt nəinki milli maraqları, heç partiyanın dəst-xəttini belə əsas tutmayıblar. Yalnız öz mənafelərini əldə rəhbər tutaraq, iddialarını səsləndiriblər. Hətta mətbuatda zaman-zaman müxalifət düşərgəsindəki bəzi partiya rəhbərlərinin ianə, qrant və başqa adlar altında ayrılan vəsaitləri belə şəxsi və ailə məqsədləri naminə mənimsədiklərinə dair məlumatlar yer alır.

Azərbaycan müxalifətinin xarici qüvvələrlə iş birliyi təzə xəbər deyil. Xüsusilə də Müsavat və AXCP yetkililərinin antiazərbaycan mövqeli qruplarla münasibətləri çoxşaxəlidir. Hər il bu partiyalar xarici fondlardan, təşkilatlardan, ayrı-ayrı ölkələrdən məbləği milyonlarla ölçülən qrantlar alırlar.

Göründüyü kimi, dağıdıcı müxalifət bir-birini ifşa etmək, düşərgədə birincilik şansı qazanmaq uğrunda savaşmaqla yalnız daxili çirkinliklərini biruzə verir, xaricdən aldıqları qrantlar hesabına gül balalarını yedirdib içirməklə, naz-nemət içində bəsləməklə məşğuldurlar. Lakin radikal düşərgədə cərəyan edən proseslər onu da göstərir ki, AXCP və Müsavatın indiyədək sıx ünsiyyətdə olduqları ağaları, müxtəlif təlimatlar və maddi təminatlar aldıqları xaricdəki məlum antiazərbaycan dairələr artıq ənənəvi müxalifətin “etimadı doğrulda bilmədiyi” qənaətindədirlər.