Günel Eyyubova |
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbətlə yanaşan ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev həm də bu dəyərlərin qoruyucusu idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Ulu Öndər həyata keçirdiyi dövlət quruculuğu ilə paralel şəkildə mədəni-mənəvi və milli-tarixi yaddaşın bərpası işini də reallaşdırdı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Dahi siyasi xadim Heydər Əliyev ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi üçün müstəsna xidmətlər göstərirdi. Ümummilli Lider söyləyirdi ki, mən bütün həyatım boyu həmişə və hər yerdə, həyatımın bütün mərhələlərində, cəmiyyətin inkişafının bütün dövrlərində mədəniyyətə böyük əhəmiyyət vermişəm.
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsası qoyuldu. Mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Hələ sovetlər dönəmindən ulu öndər Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. 60-cı illərdən başlayaraq kinoda milli özünüdərk və özünüifadə olduqca qüvvətləndi. Mənəvi-əxlaqi dəyərlərə qayıdış milli kinonun yönünü şablon ideologiyadan insan amilinə, onun dərin hiss və duyğularının tərənnümünə istiqamətləndirdi. Azərbaycan kinosunun inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bir çox filmlərimizin yaranmasında da Ümummilli Liderin şəxsi təşəbbüsü olub. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulan kino istehsalı bərpa edildi, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı sanki kino xadimlərini yenidən ruhlandırdı, fəaliyyətə qaytardı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, artıq 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film ərsəyə gətirildi.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, ulu öndər Heydər Əliyevin bütün sahələr kimi, mədəniyyətə də diqqət və qayğısı sanki Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları yenidən Vətənə döndülər, onlar xüsusi qayğı, diqqətlə əhatə olundular. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Bundan əlavə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, 1993- cu ildə Heydər Əliyev tərəfindən ilk dəfə irəli sürülmüş Azərbaycanın mədəniyyət konsepsiyası, UNESCO üzrə Azərbaycan Respublikasının Milli komissiyasi, 1995-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1994-cü ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyev Fondu milli mədəni irsimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində və Azərbaycanın beynəxalq mədəni əlaqələrinin həyata keçirilməsində əvəzolunmaz rol oynayırlar. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mədəniyyət və turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün yüzlərlə Fərman və Sərəncam imzalayıb. Təkcə 2004-2008-ci illərdə bu istiqamətdə 71 beynəlxalq saziş və konvensiya imzalanıb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin strukturunda dəyişiklik edilməsi nəticəsində dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi daha çevik xarakter aldı, bu sahədə islahatlar sürətləndi, Dövlət proqramlarının reallaşması istiqamətində uğurlu addımlar atıldı. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratdı. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkənin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani sübutudur.