Vəli İlyasov |
Əsgərlərin təmas xəttində qeyri-döyüş şəraitində öldürülməsi faktları İrəvanda böyük ajiotaj yaradıb. Əsgər anaları ölkə rəhbərliyindən və hüquq mühafizə orqanlarından övladlarının öldürülməsi ilə bağlı izahat tələb etsələr də, onların haqlı tələblərinə məhəl qoyan yoxdur. Əsgər anaları iddia edirlər ki, onların oğulları təsadüfi qəzadan və ya güllədən deyil, hansısa cinayətkar hərbi qruplaşma tərəfindən məqsədli şəkildə qətlə yetirilirlər. Açıq surətdə bildirirlər ki, 2016-cı il aprelin 6-da Ermənistan ordusunun Azərbaycanla şərq istiqamətindəki sərhədində yerləşən mövqelərindən birində iki sıravi əsgəri güllələyən onların əsgər yoldaşı deyil, cinayətkar qruplaşmadır.
Erməni mənbələri xəbər verir ki, bu barədə hərbi ekspert Ruben Martirosyan sosial şəbəkələrdə məlumat yayıb. Onun dediyinə görə, insident həmin gün gecə baş verib. İstintaqın versiyasına görə, hər iki əsgəri onlarla birlikdə xidmət keçən David Dumikyan adlı sıravi əsgər avtomatla güllələyib. İddiaya görə, Dumikyan gecə Aramyanın növbə çəkdiyi postdakı çadıra daxil olub və avtomatla atəş açaraq onu öldürüb. Avetisyanı isə postun yaxınlığında güllələyib. Dumikyan hərbi polisə “könüllü təslim olub” və bildirib ki, Aramyanla Avetisyanı onu təhqir etdikləri üçün öldürüb.
Lakin hərbi ekspert Martirosyan bildirir ki, David Dumikyanın bu qətldən xəbəri yoxdur, əsgərləri həmi gecə adı açıqlanmayan cinayətkar qruplaşma güllələyib. İstintaq isə cinayətkarcasına bu qətlləri əsgər Dumikyanın boynuna qoyur. Çünki elə həmin gün axşam Dumikyan verdiyi ifadədən imtina edib. Bir neçə əsgər təzyiq altında David Dumikyanın əleyhinə ifadə versələr də, sonradan onlar da ifadələrindən imtina ediblər. Hazırda Avetisyanın qətli üzrə istintaq yekunlaşıb, Aramyanın işi üzrə istintaq isə davam edir.
Avetisyanın atası Qriqorun dediyinə, görə insident baş verən gün müstəntiq Gevorqyan Dumikyanın xidməti silahını qanunun tələb etdiyi kimi qablaşdıraraq möhürləyib saxlamaq əvəzinə öz köməkçisinə verib. Köməkçisi isə avtomatı “Niva” maşının baqajına atıb. Əsgərin atası bu qanun pozuntusu barədə dərhal yuxarı orqanlara xəbər versə də, heç bir tədbir görülməyib.
Ermənistan ordusunda qeyri-döyüş şəraitində itkilər tez-tez baş verir, yaxud düşmən tərəf döyüş itkilərinin bir çoxunu “qeyri-döyüş itkisi” kimi rəsmiləşdirir. Övladları orduda qeyri-döyüş şəraitində ölən erməni anaları mütəmadi olaraq prezident Sarkisyanın iqamətgahı, parlament və hökumət binası qarşısında aksiyalar keçirirlər. İki gün əvvəl bir qrup belə əsgər anası parlamentin qarşısına toplaşıb və deputatların qarşısını kəsməyə çalışıblar, ancaq deputatlar əsgər analarını görən kimi onlardan üz çeviriblər və tələsik içəri daxil olublar.
“Deputatlar başa düşməlidir ki, bu məsələni dondura bilməyəcəklər. Biz onlara öz kreslolarında rahat əyləşməyə imkan verməyəcəyik. Onlar ordudakı qətllərin üstünü açmağa borcludurlar. Cinayətkarları cəzalandırmaq lazımdır ki, ordudakı qırğının qarşısı nəhayət, alınsın” Nina Muradyan adlı aksiya iştirakçısı belə deyib.
Övladı orduda öldürülən Qoar Sarkisyan isə deyib ki, onların tələbləri ilk növbədə müxalifətdən olan deputatlaradır. Çünki hakim Respublika Partiyasından olan deputatlardan heç nə gözləmirlər. “Respublikaçılardan söhbət getmir, onlar cinayətkar, satqın və qatillərdir. Biz müxalifət deputatlarından başlayırıq. Bir ildir tələb edirəm ki, 2016-cı ilin aprel müharibəsində iştirak edən heç olmasa bir oliqarx və ya deputat oğlunu tapıb göstərsinlər, ancaq onlar bunu edə bilmirlər”, - deyə əsgər anası bildirib.
Orduda törədilən qətllərdən belə nəticə çıxarmaq olar ki, Ermənistan ordusundakı xüsusi hərbi cinayətkar qruplaşma Azərbaycana qarşı döyüşmək istəməyən və dözülməz şəraitdən kəskin narazılıq edən əsgərləri “başqalarına görk olsun” deyə məhv edirlər. Görünür onlar orduda kütləvi narazılıqların baş qaldırmaması üçün belə cəza üsullarına əl atırlar.