KÖŞƏ

Vəli İlyasov

Sarkisyan gözdən niyə düşüb?

13 iyun 2017 00:39
905

Dünyanın supergücü hesab edilən ABŞ-ın Prezidenti Donald Tramp Ermənistana və bu ölkənin prezidenti Serj Sarkisyana qeyri-ciddi münasibətini davam etdirir. Donald Trampın dövlət başçısı seçilməsindən yarım il keçsə də Serj Sarkisyan həmkarı ilə heç cür münasibət yarada bilmir. Səbəbini şübhəsiz ki, yaxşı bilir. Bilir ki, həmişə özgələrə qazdıqları quyuya bu dəfə özləri düşüblər. Sarkisyan və dünya erməniləri ABŞ-dakı prezident seçkilərində gizli şəkildə demokratların nümayəndəsi Hillari Klintonu dəstəkləyəndə “xoşbəxt” olacaqlarını düşünürdülər.

Donald Tramp seçkiöncəsi kampaniyada ABŞ-dakı erməni lobbisinin onun əleyhinə çalışdığını bilirdi. Ona görə də ikiüzlü erməni lobbisi hər ehtimala qarşı ona da öz yardımını təklif edəndə qətiyyətlə rədd edib. Həmişə ABŞ-da prezident seçkiləri keçiriləndə ikibaşlı oyun oynayan ermənilər bu dəfə ifşa olunublar və etibarı itiriblər. O vaxtdan ermənilər və onların ən çox güvəndikləri lobbiləri Ağ Evin həndəvərinə yaxın düşə bilmirlər. Hətta iş o yerə çatıb ki, Serj Sarkisyan lobbinin köməyi ilə ABŞ Prezidenti ilə telefonla danışmağa dəfələrlə cəhd göstərsə də alınmayıb. Yalnız vitse-prezident Mayk Pensi ilə danışa bilib. Sonra Sarkisyan dəfələrlə bu işə girişsə də nəticəsi mənfi olub. ABŞ prezidenti isə ənənəvi çıxışında 1915-ci il hadisələri ilə bağlı “böyük faciə” ifadəsi işlətməklə kifayətlənib. “soyqırımı” ifadəsi əvəzinə “böyük faciə” kəlməsini qəbul etməyən ermənilər bundan çox məyus olublar.

Artıq ermənilərə məlumdur ki, rəsmi Vaşinqton Ermənistanın qonşu dövlətlərə-Azərbaycana və Gürcüstana qarşı yeritdiyi işğalçılıq siyasətindən və ərazi iddialarından narazıdır. Ermənistanın yedək dövlət kimi müstəqil siyasət yürütməməsi, hətta normal seçki keçirə bilməməsi orada ironiya ilə qarşılanır. Qısaca desək, Ağ Evdə Ermənistana qeyri -ciddi münasibət formalaşıb.

ABŞ Prezidenti Donld Trampın Ermənistandan fərqli olaraq dünyada müstəqil siyasət yürüdən Azərbaycana və Prezident İlham Əliyevə göstərdiyi xoş münasibət erməniləri təşvişə salır. Ağ ev rəhbəri Azərbaycanın həyata keçirdiyi neft və qaz layihələrini, xüsusilə TAP və TANAP layihələrini, yəni ölkəmizin Avropanın əsas enerji təchizatçısına çevrilməsini, terrorizmə qarşı fəaliyyətini yüksək qiymətləndirir.

Təkcə son günlərdə ABŞ Prezidentinin Azərbaycan rəhbərinə iki dəfə təbrik məktubları göndərməsi, ölkəmizi bir çox məsələlərdə özünün strateji tərəfdaşı kimi görmək istəməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdar olması erməni ictimaiyyətində yerli hakimiyyətə qarşı hiddət yaradıb.

ABŞ Prezidenti Donald Trampın 28 May- Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubları sübut edir ki, Amerika -Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Məktublarda vurğulanır ki, ABŞ Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və islahatların reallaşdırılması istiqamətində görülən işləri, iki ölkə arasında faydalı biznes münasibətlərinin gücləndirilməsini dəstəkləyir.

Kəskin tənqidlərə və təzyiqlərə məruz qalan prezident Serj Sarkisyan isə  indi çıxılmaz vəziyyətdə qalıb. O, İrəvandakı şeytan yuvasında tələyə düşmüş ov kimi ora-bura vurnuxur.