KÖŞƏ

Vəli İlyasov

Ermənistan regionda təhlükə mənbəyidir

28 iyul 2017 23:05
958

Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistan Cənubi Qafqaz regionunda  təhlükənin real mənbəyidir. İyirmi üç ildən artıq müddətdə işğalçılıq hərəkətlərini davam etdirən cinayətkar Ermənistan rejimi beynəlxalq ictimaiyyətin qəbul etdiyi qayda-qanunlara heç bir məhəl qoymayaraq saymazlıq nümayiş etdirir. BMT-nin məlum dörd qətnaməsini, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərar və tələblərini qulaqardına vuraraq onlara əməl etmir. Hərbi, iqtisadi, insan resursları, ərazi, təbii sərvətlər və digər sahələrdə Azərbaycandan qat-qat zəif olan Ermənistan hələ də öz alçaq inadından əl çəkmir. Ermənilər Azərbaycanın varidatını talayıb aparmaqla kifayətlənmirlər. Onlar tez-tez müxtəlif təxribatlar, diversiyalar, terrorlar törədərək Azərbaycanın genefonduna ağır zərbə vurmağı planlı surətdə həyata keçirməyə cəhd göstərirlər.

Erməni faşizmi dünyada pis ad qazanan ən qəddar barbarları belə geridə qoyub. Düşmənlərimizin bu il iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdikləri vəhşilik nə yerə, nə göyə sığandır. İki yaşlı Zəhranın və nənəsinin öz evlərində öldürülmələrini, həmçinin başqa bir qadının isə ağır yaralanmasını dünya ictimaiyyəti dəhşətli hadisə kimi qiymətləndirərək işğalçını  lənətlədi. Bundan əvvəl 90-cı illərdə Malıbəylidə, Xocalıda, Meşəlidə, Cəmillidə, Kərkicahanda, Qaradağlıda və digər yaşayış məntəqələrimizdə uşaqların, qocaların, qadınların vandal üsullarla qətlə yetirilmələri dünyada erməni dəst-xətti kimi yaxşı tanınır. Yaddan çıxarmayaq ki, onlar eyni vəhşilikləri 1905, 1907, 1918 və 1988-ci  illərdə də törədiblər.

Ermənistan təkcə Azərbaycana qarşı deyil, eyni zamanda tarixən qonşu Gürcüstana qarşı da ərazi iddiasındadır. Bir neçə gün əvvəl ermənilər bu iddia ilə yenidən Gürcüstanı narahat ediblər. Onlar  qədim gürcü torpaqlarını da “Böyük Ermənistan”ın xəritəsinə salıblar. Türkiyənin bəzi ərazilərini də özlərininki hesab edən ermənilər hərdən bu məzmunda dezinformasiyaları mətbuatın gündəminə gətirirlər. 

“O olmasın, bu olsun” filmindəki Qoçu Əsgərin keçisi kimi ərköyünlük edən ermənilər qonşularına buynuz vurmaqla məşğuldurlar. Ancaq yəqindir ki,  bunun da bir sonu olacaq. Artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini bilir və bizim haqlı mövqeyimizi müdafiə edir. Ermənistanın işğalçı kimi tanınması və beynəlxalq ictimaiyyətin kəskin qınaqlarına və etirazlarına tuş gəlməsi Dağlıq Qarabağ münaqişəsinin həllində böyük əhəmiyyət kəsb edə  bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşündə ölkələrimiz arasında dostluq və əməkdaşlığın davam etdirilməsi ilə bağlı qəbul olunan qərarlar şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcək. Dövlət başçılarının görüşü barədə mətbuatda yayılan rəsmi xəbərlərdə vurğulanır ki, birgə razılığa əsasən Dağlıq Qarabağ münaqişəsinin mümkün həll variantının tapılması barədə yekdil rəy bildirilib. Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini görən Ermənistan rəhbərləri özlərini daha həyasız aparır, cəbhə xəttində gərginliyi artırırlar. Ancaq buna baxmayaraq, Azərbaycanın və Rusiyanın siyasi dairələri  prezidentlərin Soçi görüşünü yüksək qiymətləndirir, Dağlıq Qarabağ münaqi.əsinin dinc yolla həllinə şans yarandığını bildirirlər.

Azərbaycan Xarici İşlər  və Müdafiə nazirlikləri  bu günlərdə işğalçı dövlətin silahlı qüvvələrinin atəşkəs rejimini intensiv surətdə pozması və ardıcıl təxribatlar törətməsi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalını bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.”

Bəyanatın sonunda bir fikir də vurğulanır ki, əgər Ermənistan işğalı davam etdirərsə, Azərbaycan Silahlı Qüvvələri öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək, baş verənlərə görə bütün məsuliyyət isə Ermənistanın üzərinə düşəcək.