KÖŞƏ

Vəli İlyasov

Əli Kərimlinin yeni sərgüzəştləri və ya daha bir tragikomediya

31 iyul 2017 23:02
2526

Parçaladığı AXCP-nin parasının sədri Əli Kərimlinin qurşandığı mühacir biznesinin yeni sərgüzəştləri bəlli olub. Partiyanın Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov Əli Kərimlinin daha bir “paxırının” üstünü açıb. Məlum olub ki,o, Kərimlinin Avropadakı mühacir biznesinin əlaqələndiricisi olan Fikrət Hüseynli tərəfindən aldadılıb və 5700 dolları onun tərəfindən mənimsənilib. Belə ki, Tural Hüseynov AXCP adından ona verilmiş sənədin saxta olduğunu  üzə çıxarıb.

Tural Hüseynov verdiyi məlumata nöqtə qoymadan bildirib ki, mühacir biznesində “Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransanın Strasburq şəhərində məskən salan Qənimət Zahid də bir neçə şəxsi aldadaraq onlardan külli miqdarda pul alıb. Ancaq bəzilərinin Avropa ölkələrindən siyasi sığınacaq ala bilmədiklərini də etiraf etməyə məcbur olub.

Burada maraq doğuran fakt odur ki, adı hallanan Fikrət Hüseynli əvvəllər  xarici ölkəyə getmək məqsədilə  özünə alibi düzəltmək üçün özünü bıçaqlayıb və sonra bıçaqlandığını və Azərbaycanda guya əqidəsinə görə izlənildiyini əsas gətirib. Qalan işlərdə Əli  Kərimli  isə ona “köməklik” göstərib. Yəni, ona mühacir statuslu arayış verərək xaricə göndərib. Fürsəti fövtə vermyən Fikrət xərclədiyi pulları çıxarmaq üçün özü də mühacir biznesinə qoşulub, “bazara” girərək  həm özünə, həm də “şefinə” pul qazanıb.  O, heç kəsə Əli Kərimliyə işlədiyi barədə danışmasa da saxta arayışlar bunun əksini sübut edir. Fikrət Hüseynlinin toruna düşən, ancaq “siyasi mühacir statusu” ala bilməyənlər və  bu barədə  dəfələrlə Əli Kərimliyə şikayət edənlər heç nəyə nail ola bilməyiblər. İstər “Milli Şura”nın funksionerləri, istərsə də Əli Kərimlinin şəbəkəsindən olanlar belə şikayətlərin üzərindən sükutla keçiblər.

Artıq neçə müddətdir ki, Əli Kərimlinin Avropa ölkələrinə baha qiymətə sırıdığı “siyasi mühacirlər” bir-bir ifşa olunduqca onların arasında gərginlik artır. Gərginlik artdıqca açılan sirlərin də sayı çoxalır, nəticədə Əli Kərimlinin və Cəmil Həsənlinin əməlləri ifşa olunur. Onlar ünvanlarına yağdırılan ittihamların qarşısında aciz vəziyyətdə qalırlar. İttihamlarda  zərərçəkmişlər bildirirlər ki, onların hər biri aldıqları saxta arayışlar müqabilində 3000-5000 dollar rüşvət veriblər. Belə ittihamlardan birini irəli sürən haqqında danışdığımız Tural Hüseynovdur.

Bütün narazılıqlar onunla nəticələnir  ki, Əli Kərimlinin alveri öləziyir, bazarı xeyli kasadlaşıb.  “Milli Şura”nın sədri Cəmil Həsənli belə ağır  məqamda şərikinə kömək məqsədilə vaxtaşırı piketvari mitinqlər keçirir və “bazarı” gurlaşdırmağa çalışır. Bir qayda üzrə xaricə getmək istəyənlər mitinqlərə gətirilir, onlar iqtidar əleyhinə  çıxış edirlər, fotoşəkillər çəkilir, sənədləşdirilir  və onlara saxta “siyasi mühacir” statusu verilir. Əslində həmin adamların demək olar ki, hamısı  xarici ölkələrə tez varlanmaq, böyük pullar qazanmaq marağı ilə gedirlər. Amma onların əvəzinə Əli Kərimli ilə Cəmil Həsənli varlanırlar. Tez varlanmaq istəyənlərin isə əlləri “Əli aşından da çıxır, Vəli aşından da.”  Burada belə bir deyim yerinə düşür: “Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin yaltaqlar.”