KÖŞƏ

Vəli İlyasov

Dinləmələr Smitin siyasi simasızlığını bir daha sübut edəcək

18 oktyabr 2017 16:20
1635

ABŞ-ın Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağda müharibənin yenidən başlamasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirmək planı  belə hoqqabazlıqlar ətrafında cavabı müəmmalı olan suallar yaradır. Doğrudanmı ABŞ-da bilmirlər ki, Azərbaycanla müharibəni kim başlayıb və kim davam etdirir? Ermənistanın arxasında kimlərin dayandığı məlum deyil? Hərbi sənayesi olmayan Ermənistanda külli miqdarda silahlar haradandır?

Xüsusi vurğulamaq lazımdır ki, bütün bunların cavabını bilən və  ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı olan Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitdir. Smitin köhnə  qart siması bizə “yaxşı” tanışdır. Gah demokratların, gah da respublikaçıların tərəfinə  keçən və daim sürüşkən mövqe tutan “cənab” Smit əsl erməni xislətli bir şəxsdir, yəni “su axıb çuxuru  tapıb.” O, həmişə  Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində Smit  erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla, hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in qəbuluna nail olan konqresmendir. O, ermənilərə nələrinsə müqabilində daim yarınmaqla  canfəşanlıq göstərməyə çalışır.

Bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hamparyamla görüşməsi və görünür, sıx əlaqə saxladığı erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi  dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan  kampaniyasına çevriləcəyindən xəbər verir. Şübhə yoxdur ki,  Smit  dinləmələr keçirməklə “yazıq” Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmağa təhrik etməyə çalışır. Saxta təqdimetmələrin mahir dirijoru olan Smit komissiyanın məlumatında 2016-cı il Aprel döyüşlərinin nəticələrini səbəb gətirərək  itkilərin statistikasını qabartmaqla açıq büruzə verir  ki, Azərbaycanın üstünlüyünü  bu və digər dairələr həzm edə bilmirlər.  Onları narahat edən bu faktdır  ki, keçən ilin aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi şərait yaradıb və Azərbaycanın hərtərəfli  mövqeyini  daha da möhkəmləndirib. Ancaq Aprel döyüşlərinin statistiksını aparan “cənab” Smit düşünməlidir ki, işğalçı Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmayana qədər belə döyüşlər olacaqdır. Güclü  Azərbaycan Ordusu erməni işğalçılarını başlı-başına buraxmayacaqdır.

Aranı Ermənistanın xeyirinə qarışdırmağa çalışan Kristofer Smit hiyləgərcəsinə  mühüm geosiyasi faktorlarla da  manipuliyasiya edərək   məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxilə edə biləcəyi kimi təhrikçi şərhlər  verir. Dolayısı ilə  bəri başdan mümkün  hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir: Əgər belə olmasaydı, “cənab” Smit bu günə qədər heç olmasa, bircə dəfə Helsinki Yekun Aktında təsbit olunmuş  dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarşı bu mühüm prinsipi pozduğunu xatırladar və onu ittiham edərdi. Smitin komissiyası bir dəfə də olsa azərbaycanlıların soyqırımına məruz qoyulmasını, bir milyonadək əhalinin Ermənistanda və Azərbaycanda öz ata-baba yurdlarından didərgin salındığını, ölkəmizin yeraltı və yerüstü sərvətlərinin talanıb Ermənistana daşındığını, azərbaycanlıların hüquqlarının cinayətkarcasına pozulmasını  müzakirəyə  çıxarmağı ağlına belə gətirməyib. Ona görə də Kristofer Smitin təşkil etdiyi dinləmələr cinayətkar Ermənistan hakimiyyətinə və  erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil.

Qısaca desək,  ABŞ-ın Helsinki Komissiyasının oktyabrın 18-də keçirəcəyi dinləmələrdən müsbət heç nə gözləmək olmaz. Çünki əgər Helsinki Komissiyasının sədri Kristofer Smitin  Azərbaycanla bağlı bu və ya digər məsələdə barmağı varsa, demək orada bizə qarşı normal münasibət olmayacaq. Kristofer Smit Azərbaycana qarşı ermənilərin mövqelərini  dəstəkləyən bir şəxs olduğuna görə istənilən vaxt bu dinləmələrin yekunu bəllidir.  Ancaq qeyd edək ki, Smit hər şeyi təkbaşına həll etmək iqtidarında deyil. Onun “fəaliyyəti”  milçəyin ürək bulandırmasına bənzəyir. Ancaq həmin  dinləmələrdə Azərbaycan tərəfdən də nümayəndələr iştirak etməlidirlər. Əgər bu baş verərsə, şübhəsiz, onlar Azərbaycanın haqlı mövqeyini kifayət qədər ciddi şəkildə və arqumentlərlə gündəmə gətirə biləcəklər və Smitin reallıqdan uzaq, qərəzli və ikrah doğuran yalanları ifşa olunacaqdır. 

Artıq Helsinki Komissiyasında da, bütövlükdə  beynəlxalq dairələrdə də yaxşı bilirlər ki,  adətən ABŞ-dakı erməni lobbisi tezisləri verir və özü arxa planda gözləmə mövqeyində  durur. İndi  erməni lobbisi ABŞ-da siyasi xadimlərin əli ilə Dağlıq Qarabağ məsələsinə diqqət yönəltməyə çalışır, belə dinləmələrdən Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması istiqamətində bir təbliğat vasitəsi kimi istifadə etməyə cəhd göstərirlər.

Ancaq ABŞ prezidenti Donald Tramp orada yuva salmış erməni lobbisinin prezident seçkilərindəki xəyanətkar əməllərini unutmur və erməniləri Ağ Evə yaxın buraxmır. Prezident seçkilərində ermənilərin ikili mövqeyi Donald Trampda onlara qarşı ikrah yaradıb və erməniləri xəyanətkar qaragüruh kimi tanıyıb. Ona görə də erməni lobbisinin orada əl-ayaq açmasına imkan verilmir. Bunu Kristofer Smit də yaxşı bilir, ancaq ermənilərə olan sevgisi onun gözlərini elə tutub ki, hər şeyi yaddan çıxarıb. Ancaq gücü çatan formada və hər vasitə ilə ermənilərə kömək etməyi düşünür. Onun əlacı yalnız  azərbaycanlıların ayaqlarının altını qazımağa qalıb və onu da edir.