KÖŞƏ

Günel Eyyubova

Çaqqal(lar)ın yuxusundakı toyuq...

23 oktyabr 2017 14:57
4915

Yox, yox, təmsil filan yazmaq fikrimiz yoxdur. Sadəcə artıq xeyli müddətdir sosial şəbəkələrdə “babam mənə kor deyib, gəlib-gedəni vur deyib”  “cəsarəti” ilə çıxış edənlər haqqında bir neçə kəlmə yazmaq istədik. Təbii onunla da razılaşırıq ki, virtual dünya xüsusən də XXI əsrdə çox şeyə qadirdir. Məsələn, hazırda “Facebook” dağıdıcı müxalifətin böhtanları üçün meydana çevrilib.

“Qobusnamə”də yazılır ki, ürəyi möhkəm, beyni küt olan adamlarin səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur. Lakin bizim bu dağıdıcı müxalifətə baxdıqca görürük ki, məlum “siyasətbaz”ların xalqa nəinki az xeyri, heç bir xeyri yoxdur. Əgər bu illər ərzində onlardan xeyir gəlməyibsə, demək bundan sonra da nə isə lazımlı bir hərəkət gözləməyə dəyməz. Necə deyərlər, qozbeli qəbir düzəldər. Onlar ancaq xarici day-daylarının yanında yerlərini daha da rahatlayaraq ağızlarına gələni, gözlərinə görünəni yalandan-palandan danışırlar, sosial şəbəkələrdə guruldayırlar. Bəh-bəhlə tədbir-filan da düzənləyirlər, “çağırış” edirlər. Belə yerdə deyirlər də, öləsən ay qurbağa, gəlir adam vurmağa. 

Bir neçə gündür müxalifətin radikal kəsimi ümidini ancaq antiazərbaycan dairələrə sığınmağa bağlayıb. Nəinki vətəndaş, hətta vətən daşı belə ola bilməyənlərdən bundan artığını gözləmək də yersiz olardı. Öz gözlərində tiri görməyib, amma yan-yörələrində tük axtarışına çıxanlar xainlik etməkdə, havasını-suyunu udduqları məmləkətə ziyan vurmaqda davam edirlər. Bunu da təbii ki, maddi maraqları baxımından ediblər və edirlər də. Xaindən başqa nə gözləmək olar ki? Nə etsinlər? Bu binəvalar nə qrantlardan keçə bilirlər, nə də Vətənə xəyanətdən usanırlar. Hər il marionetkaların önə çıxanları əməllərinin məqsədi eyni qalmaqla “çevir tatı, vur tatı” deyərək, xarici havadarlarının dirijor çubuğuna uyğun  siyasət yürüdürlər.

Hamıya məlumdur ki, “qızıl dövrdən” dəm vuran şəxslər, əslində Qərbdən alınan qrantlar və pullar uğrunda o qədər çirkin mübarizə aparır, bir-birlərinə o qədər zərbə vururlar ki, nəticədə insan onlara baxıb sadəcə təəssüf hissi keçirir. Bizim özlərini “siyasətçi” hesab edən bəzi millilikdən uzaq şəxslərin hər yağışdan sonra yaranan yeni-yeni səylərinin, xırda düşmənçilik hisslərini aşaraq nəticə verəcəyini təbii heç kəs ağlından belə keçirmir. Müxalifət partiyaları, eləcə də ayrı-ayrı radikal əks düşərgə təmsilçiləri cılız hisslər və düşmənçilikdən əl çəkmirlər.

Budur, yenə də gurultulu oyunlar davam edir. Nə deyək,  hər nədi xəstədən, cinayətkardan, filandan siyahıya alıb özlərinə bir “Şura”, “partiya” yaradıblar, günlərini bununla keçirirlər.  Bu məqamda çinlilərin ataları demiş, indi durub itin ağzında fil dişi tapa bilmərik ha! Heç axtarmırıq da, kimin qabında nə var odur...