KÖŞƏ

Nilufər Mustafaqızı

Ara qarışıb, məzhəb itib...

03 may 2019 11:15
4054

Uzun zamandır yaşadıqları iqtisadi, siyasi problemlərə görə artıq dünyadan təcrid mərhələsinə qədəm qoyan Ermənistanda daxili çəkişmələr ara vermir. Tarixin tozlu səhifələrinə atılmış məsələləri gündəmə təkrar  gətirərək açılmamış problemlərin həllini axtarmaq ölkədə yeni dəbə çevrilib.

2008-ci ilin 1 mart qırğınlarından sonra indi də erməni gündəmini məşğul edən mövzu  1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror hadisəsi ilə bağlı cinayət işinin qaldırılmasıdır. Ermənistan parlamentinin deputatı Edmon Manukyan  Milli Şuranın iclasındakı çıxışında bildirib ki, müxtəlif səbəblərdən 20 ildir üstü açılmayan 27 oktyabr hadisələri yenidən araşdırılmalıdır. “Bu il 27 oktyabr hadisələrinin 20 illiyidir.  O dəhşətli terror hadisəsini törədənlər üzə çıxarılmalıdır. Mənim yaxşı yadımdadır. 2002-ci ildə  deputat Manvel Canqiryan bu məsələyə toxunanda ölkənin 2-ci prezidenti Robert Koçaryan ümumiyyətlə, 27-oktyabr hadisələri ilə bağlı müzakirəni gündəmə çıxarmağa icazə vermədi. Mən hesab edirəm ki, həmin dəhşətli cinayətin qaranlıq məqamlarına aydınlıq gəlməlidir. Bu qaranlıq qalan hadisənin təşkilatçıları xalqa məlum olmalıdır”. Aralarında parlamentin spikeri Karen Dəmirçyan və müdafiə naziri Vazgen Sarkisyan da olduğu 9 nəfərin güllələnərək qətlə yetirildiyi olayın E. Manukyan tərəfindən yenidən qabardılması isə Ermənistan parlamentinin digər üzvlərinin də müsbət rəyini qazanıb.

Adıçəkilən hadisənin baş verdiyi zaman Robert Köçəryanın baş nazir, Serj Sarkisyanın isə təhlükəsizlik xidmətinin rəhbəri kimi çalışdığını xatırladan E. Manukyan 1999-cu il hadisələrinin təşkilatçıları  kimi bu iki nəfəri görür. “Onlar Karen Dəmirçyan və Vazqen Sarkisyanı siyasi səhnədən uzaqlaşdırmasaydılar, ölkədə “Qarabağ klanı” nın hakimiyyəti zəbt etməsi qeyri-mümkün olardı.”

Ermənistanda bir cinayət işi ətraflı araşdırılmadan üstü bağlanılır bir də yeni hadisələr yaşanana qədər xitam verilir.  Bu da bir daha təsdiqləyir ki, heç bir siyasi təməli olmadan qurulan və başıboş kəslər tərəfindən idarə olunan ölkə ömür boyu bu cür rəzilliklərə boyun əyməli olacaq. 1999-cu il hadisələri ilə yanaşı, 2008-ci ilin 1 mart hadisəsi də erməni gündəmini daim ağuşuna alan məsələdir. Belə ki, 1 mart olayları ilə bağlı Ermənistanda çoxsaylı həbslər davam edir. Haqqında cinayət işi açılan Ermənistanın sabiq istintaq idarəsinin rəisi, general-mayor Miqran Poqosyan isə Rusiyada həbs olunub. Onun həbsi ilə bağlı məlumat yayan  təhlükəsizlik xidmətinin rəisi Artur Vaneçyan ölkəni tərk edib qaçan generalların hamısının, o cümlədən keçmiş müdafiə naziri, general-polkovnik Mikail Arutunyanın da tapılacağını deyib.

Bütün bu hadisələrin qarşılığında baş nazir Nikol Paşinyan ölkənin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görməkdənsə, başı oliqarxlarla çəkişməyə qarışıb. Siyasi çəkişmələrin miqyasının genişləndiyi bir dövrdə məmurlar arasındakı ziddiyyətlərin gündən-günə alovlanması narazılıq və gərginliyi daha da artırır.

İrəvanın ən böyük təcarət mərkəzi hesab olunan və Qaqik Sarukyana məxsus “Arınc-Mol”da  aparılan süni vergi yoxlamaları sahibkarların əsəblərini tarıma çəkib. Normal şəraitdə işləyə bilmədiklərindən şikayətlənən işçilər  Paşinyanın seçkiləri qazanmaq üçün verdiyi vədləri çeynədiyini dilə gətirərək ölkədə işsizlər ordusunun yarandığını etiraf ediblər. 

Paşinyanın rəhbərliyi əlinə aldığı bu 1 ildə nə qədər mağazalar fəaliyyətini dayandırıb. “Bu gün bu ticarət mərkəzində 520 mağazadan demək olar yarısı işləmir.  Görün nə qədər  ailənin ac qalma təhlükəsi var.  Başqa heç yerdə iş tapmaq mümkün deyil”, - deyə etirazçılar narazılıq edirlər.

“Arınc-Mol” ticarət mərkəzinin Abovyan şəhərindəki filialında da eyni səbəblərdən etirazlar davam edir. Nikol Paşinyan və Qaqik Sarukyan çəkişmələrinin qurbanı olan sadə insanları isə sadəcə öz taleləri maraqlandırır.  Maraqlısı isə bundadır ki, bu insanların sabahı, gələcəyi özlərindən başqa heç kimə maraqlı deyil.