KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Avropa Birliyinin ədaləti və ya əsl polis şiddəti haradadır?

31 oktyabr 2019 10:40
1552

Oktyabrın 30-da Prezident İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi haqqında məlumat verilib, “münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu” vurğulanıb. Eyni zamanda Azərbaycanla Avropa Birliyi arasında əlaqələr haqqında fikir mübadiləsi aparılıb.

Belə baxanda, yaxşıdır. Avropa Birliyi ilə münasibətlərin intensivləşməsi, ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsi vətəndaş olaraq bizim də maraqlarımıza uyğundur. Lakin arada bəzən bizi narahat edən məqamlar olmasa.

Avropa Birliyi bir yandan xoş məram nümayiş etdirdiyini göstərir, digər tərəfdən də Azərbaycanla diktə dilində danışmağa çalışır. Elə o səbəbdən də ölkəmiz bu qurumla assosiasiya sazişini imzalamağa tələsmir. Çünki hər şey tam olaraq aydınlaşmadıqca, tərəflər, özəlliklə də Avropa Birliyi Azərbaycana diktə iddialarından əl çəkmədikcə hansısa rəsmi sənədin imzalanması mümkün olan deyil. Ən azından bu, Azərbaycan üçün məqbul deyil.

Bu ardaa bəlli olub ki, Avropa Birliyinin Bakıdakı təmsilçisi Kestutis Yankauskas radikal müxalifətçi Əli Kərimlini qəbul edib. Sonuncunun yaydığı xəbərə görə, səfir 19 oktyabr təxribatıyla bağlı təmsil etdiyi qurumun bəyanatını xatırladıb və təkrar edib ki, “Bakıda mitinqin dağıdılması araşdırılmalı və saxlanılanların hamısı azad edilməlidir”.

Maraqlıdır, bir qurumun-birliyin təmsilçisi gözünü yumub belə bir açıqlama vermək üçün nə qədər qeyri-ciddi olmalıdır? Axı Əli Kərimlinin 19 oktyabr təxribatı xəbərdarlıqlara baxmayaraq baş vermişdi. Üstəlik, polislər onu və tərəfdarlarını ərazidən uzaqlaşdırmaq, qanunsuz aksiyanın qarşısını almaq üçün dəfələrlə dinc xəbərdarlıq etmişdilər. Əlavə olaraq, ora toplaşanların ərazidən uzaqlaşdırılması zamanı da qanun çərçivəsində davranılmış, mümkün qədər nəzakətli münasibət göstərilmişdi. Halbuki Avropa Birliyi 19 oktyabrın ardından yayımladığı açıqlamada iddia edirdi ki, “aksiyanın dağıdılması zamanı hədsiz güc tətbiq edilib”miş…

Doğrudanmı elə idi? Deyildi əlbəttə. Polis aksiyanın qarşısını alarkən adi zopadan belə istifadə etməyə lüzum görmürdü. Baxmayaraq ki, Əli Kərimlinin tərəfdarları yalandan xəbər yayırdılar ki, əraziyə zirehli texnika yeridilib, görüntülərdə bunu təsdiq edəcək bir dənə də olsun dəlil yoxdur. Polis heyəti yalnız dinc üsullardan istifadə etməklə aksiyanın qarşısını almışdı. Dirəniş göstərənlərdən 60 nəfəri saxlanılmış, onlardan da 42-nə xəbərdarlıq edilərək dərhal buraxılmışdılar. Yerdə qalanlarla bağlı da qanun çərçivəsində tədbir görülüb.

Demək istədiyimiz odur ki, Azərbaycan qanun çərçivəsində keçirilən siyasi nümayişlərə şərait yaradır. Lakin bu aksiyaları qanunlar çərçivəsində keçirməkdən yayınanlara münasibətdə yenə də qanunun gücündən istifadə edir. Burada qeyri-adi heç nə yoxdur.

Belə bir durumda Avropa Birliyi niyə narahatdır? Niyə qanun pozuntusuna yol verənlərə qarşı qanun çərçivəsində tədbir görülməsi qanunsevər Avropalıları narahat edir? Həm də Avropa Birliyi hansı əsaslarla Azərbaycanın daxili işlərinə belə müdaxiləyə cəhd edir?

Əgər Avropa Birliyi doğrudan da mitinqlərin dağıdılması zamanı hədsiz güc tətbiqindən narahatdırsa, bunun üçün uzağa niyə gedir? Elə bu qurumun burnunun ucunda – Fransada aylardır sarı jiletlilərin aksiyaları zamanı polis dəhşətini bütün dünya seyr edir. Bu aksiyalar zamanı 11 nəfər öldürülüb. Xeyli sayda insan yaralanıb. Üstəlik, nümayişçilərin üzərinə itlər yeridilir. Ağır texnikadan, su şırnaqlarından, rezin güllələrdən, gözyaşardıcı qazdan geniş istifadə adi haldır. Belə hallar niyə Avropa Birliyini ciddi narahat etmir? Üstəlik də Fransa o Birliyin üzvüdür, AB bu ölkədə baş verənlərə münasibət bildirməkdə haqlıdır və buna borcludur.

Yaxud da AB-nin başqa bir üzvü olan İspaniyada yaşananları göz önünə gətirə bilərik. Burada da hədsiz şiddət az qala hər gün boy verir. Yenə də AB Azərbaycana münasibətdə olduğu qədər bu ölkədəki hadisələrə həssaslıq nümayiş etdirməkdə xəsis davranır. Bunun adı nədir? Təbii ki, ikili standartdan başqa bir şey deyil.

Biz bu siyahını uzada da bilərik. Almaniyada, Yunanıstanda, Böyük Britaniyada, Belçikada atlı-itli, zirehli polis qüvvələrinin nümayişçilərə divan tutmasını əvvəlki dövrlərdə olduğu kimi gizlətmək mümkün deyil axı. İllər öncə – hələ indiki informasiya texnologiyaları yoxkən AB kimi qurumlar öz ərazilərində baş verənləri gizlədə bilirdilər. İndi isə bizim də oralara əlimiz çatır, alternativ kanallar informasiya ilə dolub daşır.

Fikirlərimizi onunla tamamlamaq istərdik ki, AB kimi qurumlar əgər Azərbaycanla ikitərəfli və bərabərhüquqlu münasibətlərdə maraqlı və səmimidirlərsə, bizə münasibətdə ikili standartdan imtina etməlidirlər. Azərbaycan o ölkələrdən deyil ki, hər yerindən duran bizə nəyisə diktə etsin. Yaxud da Azərbaycan o dövlətlərdən deyil ki, öz daxili işlərinə dəxli olmayan qurumların müdaxiləsinə şərait yaratsın. Avropa Birliyi də daxil olmaqla istənilən beynəlxalq qurum və xarici dövlət ölkəmizlə münasibətlərdə bu amilləri mütləq nəzərə almalıdır. Almağa da borcludur. İşbirliyinin və qarşılıqlı anlaşmanın tək yolu budur, Azərbaycan başqa yöntəmlərin müzakirəsinə belə açıq deyil.

Bir də, bunlar doğrudan da ədalət və qanun dərdi çəkirsə, onda zəhmət çəkib, illərdir Azərbaycan torpaqlarını işğal altında tutan, milyondan artıq insanımızı didərgin salan Ermənistanla bağlı da belə “həssas” davransınlar. Davranarlarmı? Davranmazlar…