KÖŞƏ

Mənsumə Babayeva

AXCP-də kütləvi istefalar nədən xəbər verir?

03 iyun 2019 10:22
5470

Artıq çoxdan sübut olunmuş faktdır ki, insanları müəyyən bir dövrə qədər idarə etmək və aldatmaq mümkündür. Bu insanların inamını itirdikdən sonra siyasətçilərin arxasında uğursuzluq zolağında gedən insanlar artıq heç nədə maraqlı olmurlar. Ən azından uğursuzluğun səbəbini tapmayanda, təbii ki, hədəf bu siyasətin başında duran şəxslərə yönəlir. Ona görə də hazırda AXCP rəhbərlik səviyyəsində ciddi itkilərə məruz qalmaqdadır. Çünki bu insanlara inam qalmayıb. Bu partiya Azərbaycan siyasətində xəyanətin bünövrəsini qoymuş bir partiyadır. Xüsusilə bu, Əli Kərimlinin simasında belədir. Xəyanət onun müavinlərinə də sirayət edən bir xəstəlikdir. Yəni, bu “ənənə” AXCP-dən gəlib. Siyasətin bütün dönəmlərində Əli Kərimli dağıdıcı mövqedən çıxış edib. Ona görə də indiyə qədər atılmış bumeranqlar dönüb-qayıdır  və AXCP-nin özünə dəyir.

Göründüyü kimi, son zamanlar AXCP sədri Əli Kərimlinin başı yenidən dərddədir. Çünki bu partiyanı tərk edənlərin sayı durmadan  artmaqdadır. Son bir aya nəzər salsaq görərik ki, bu müddətdə 100-ə yaxın AXCP fəalının qurumdakı idarəçiliyə, fəaliyyətdəki uğursuzluqlara etiraz əlaməti olaraq partiyanı tərk edib. Proseslərə don geyindirmək üçün isə Əli Kərimli hər dəfə olduğu kimi, bu dəfə də maraqlı taktikaya əl atıb. Guya AXCP-yə yeni üzvlərin qəbul olunduğu barədə xəbərlər tirajlayır. Onu da qeyd edək ki, AXCP funksionerlərinin əksəriyyətinin son bir həftədə paylaşdıqları statusların əhəmiyyətli hissəsi təşkilata təzə üzvlərin gəldiyinə işarə məqsədi daşımır. Sözsüz ki, AXCP sədri, hətta onun müavinləri və fəal partiya üzvləri zaman-zaman verdikləri açıqlamalarda təşkilatın üzvlərinin sayını şişirdiblər. Qurumdan ayrılan kimi bu cür xəbərlər dövriyyəyə buraxılır.

AXCP-də bu cür halların son illərdə tez-tez baş verməsinin səbəbi isə nəticəsiz mübarizə, uğursuzluq, AXCP sədrinin insanlar üzərindən siyasi bazarlığa getməsi, özü lüks həyat yaşadığı halda tərəfdarlarının taleyinə biganə yanaşmasıdır. Partiyasından qopmaların davam edəcəyini görən Əli Kərimlinin yeni üzvlərin qəbulu barədə dezinformasiyaları özünə yaxın mətbuat orqanları və sosial şəbəkələr vasitəsilə cəmiyyətə yeritməyə cəhd etdiyi də bildirilir. Digər bir məlumat isə ondan ibarətdir ki, partiya daxilində Əli Kərimliyə qarşı “üsyançılar” da formalaşıb. Bir qism partiyadan getməyə deyil, yarıtmaz idarəçiliyə qarşı çıxıb, açıq etirazlar etməyə hazırlaşırlar. Artıq bu cür qüvvələr AXCP liderinin uğur qazanacağına olan inamlarının itdiyini açıq şəkildə bəyan ediblər.

Özünün çirkin məqsədləri naminə gizli məkanların birində keçirilən bir çox iclaslarda Əli Kərimlinin üzvlər qarşısında şərt qoyduğu, onları sərt mövqe sərgiləməyə və həbsdən belə qorxmamağa, rəqiblərə söyüş-təhqirlə də cavab verməyə çağırdığı da qeyd olunur. Həbslərin onların xeyrinə olduğunu deyən AXCP rəhbərinə sərt etirazın bundan sonra baş qaldırdığı da bildirilir. Etirazçıların həbslərin onların deyil, məhz sədrlərinin xeyrinə olduğunu dilə gətirdiklərini söyləmələri Əli Kərimlinin əsəblərinə toxunub və o da həmin şəxsləri partiyadan qovmaqla hədələdiyi bildirilir. Əli Kərimli ömürlərini AXCP yolunda qoyan şəxslərin üzərindən bir saniyədə xətt çəkməsi yaranan problemləri daha da dərinləşdirib. Partiyada baş verən qopmaların bu iclasdan qaynaqlandığı da ehtimal edilir. Hətta təşkilat daxilindən sızan məlumata görə, AXCP lideri partiyasından daha çox insanın həbs edilməsində maraqlı olduğunu gizlətməyib. Bununla o, həm xaricdən “siyasi məhbusların müdafiəsi” adı altında pullar alır, həm də daxildə “ana müxalifət”, iqtidara qarşı ən dirənişli təşkilat olduğu görüntüsünü yaratmağa çalışır.