Darçın, e.ə. 2800-cü illərdə Çin təbabətində istifadə olunduğundan bəri tənəffüs, bakteriya və həzm sistemi kimi xəstəliklərin müalicəsində əhəmiyyətli mənbələrdən biri sayılır.Üstəlik, müasir elm belə bunu möcüzəvi bir ədviyyat kimi qəbul edir.
Diabetli xəstələr üzərində aparılan araşdırmalar dörd ay ərzində gündə yarım çay qaşığı darçın istifadə etməyin belə qanda şəkərin miqdarını azaltmaqda olduqca təsirli olduğunu göstərir. Şirniyyatları darçınla bəzəmək və su qabına bir ədəd darçın çubuğu əlavə etmək alternativ istifadə metodlarından biridir.
Darçının bakteriya əleyhinə təsiri
Darçın faydaları baxımından bakteriya, virus və bəzi göbələkləri öldürmə qabiliyyətinə malikdir. İnadlı bakteriya koloniyalarını məhv etməkdə müvəffəq olan darçın, tibbi AR-GE tədqiqatlarında da geniş araşdırılır. Boşqabınıza bir az darçın əlavə edərək bakteriyaların yaranmasının qarşısını ala bilərsiniz.
İltihabdan qoruyur
İltihablar orqanizmimizin müdafiə sistemi üçün vacibdir, lakin arzuolunmaz iltihab, xərçəng və alzheimer kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Darçın iltihablı molekulları idarə edərək sizi xəstəliklərdən qoruyur.
Qan dövranı sistemi üçün çox faydalıdır
Darçın güclü bir xolesterol stabilizatoru olaraq ürək-damar sağlamlığınızı maksimum səviyyədə qoruyur və qan təzyiqini aşağı salır.
Beyinin fəaliyyətini gücləndirir
Elmi araşdırmalar darçının faydaları arasında yaddaşın yaxşılaşdırılması və stress səviyyəsinin azaldılması olduğunu göstərir. Parkinson xəstəliyi üçün də çox faydalı olan darçın qoxusu belə idrak proseslərini gücləndirir.
Qadınların bioloji dövrünü tənzimləyir
Kolumbiya Universitetində aparılan bir araşdırmaya görə, darçın qadın problemləri üçün də faydalıdır. Darçını qəhvə, dondurma, qatıq və şokolad kimi qidalarla birlikdə istehlak edərək bu zaman rahatlatıcı təsirindən faydalana bilərsiniz.
Darçın xərçəngin qarşısını alır?
Heyvanlar üzərində aparılan təcrübələrə əsasən, bir çox şişin böyüməsini ləngidən darçın, xərçəng hüceyrələrinin böyüməsinə və yayılmasına səbəb olan amillərin qarşısını almağa kömək edir. Əlbətdə ki, xərçəngin qarşısının alınmasında belə faydalı qidaların və sağlam bir həyatın rolu böyükdür.
Samirə İsmayılova,
“İki sahil”