KÖŞƏ

Elçin Zaman

Əli Kərimlini kimlər maliyyələşdirir?

06 avqust 2019 10:39
2949

Azərbaycanda müxalifət liderlərinin  dağıdıcılıq missiyası, eyni zamanda, riyakar xisləti xalq tərəfindən birmənalı olaraq pislənilir. Məhz buna görədir ki, son 25-30 ildə AXCP kimi tarixi olan partiyanın lideri Əli Kərimlinin antimilli və antidemokratikliyi nəticəsində sözügedən təşkilatın sosial bazası sürətlə əriyib. İndi həmin təşkilatın bir neçə funksionerindən başqa elə ciddi qüvvəsi də yoxdur. 

“Xalq və sıravi partiya üzvləri Əli Kərimlidən niyə üz çevirirlər” sualı bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu sualın cavabını heç də dərinlərdə axtarmağa ehtiyac yoxdur: hər şey açıq-aydın ortadadır. İlk öncə Əli Kərimlinin aylıq ailə xərclərinə diqqət etsək görərik ki, o, bir meşşan oliqarx həyatı yaşayır. Belə ki, Əli Kərimlinin oğlu Türkel Kərimli dünyanın ən nüfuzlu Bristol Universitetində təhsil alıb. Heç yerdə işləməyən AXCP sədri oğlunun təhsil haqqı üçün illik 25 min funt-sterlinq pul ödəyirdi. Xaricdə təhsil almaq adı ilə ölkədən gedən Türkel Kərimli qızlarla kef məclisləri, gecə həyatı, bar əyləncələri ilə bir neçə dəfə gündəmə gəlib. Onun sosial şəbəkələrdə paylaşdığı fotolar Türkel Kərimlinin heç də pis yaşamadığını, Avropada əsl kef çəkdiyini göstərir.

1993-cü ildən heç bir yerdə işləməyən Əli Kərilinin oğlunun aylıq xərcləri minimal hesabla 2500-2800 manat, bəlkə də daha çoxdur. Cəbhəçilərin dediyinə görə, Ə.Kərimli Londonda oğlu üçün mənzil də alıb.

Bundan başqa, Əli Kərimlinin həyat yoldaşı Samara Kərimlinin Dumanlı Albionda ən bahalı evdə yaşadığı və onun bu bahalı paytaxtın ən bahalı butiklərindən geyindiyi də bildirilirdi. Eyni zamanda, Londonda ən bahalı plastik əməliyyatı da məhz bu xanım etdirmişdi. Bu da aydındır ki, Əli Kərimli onu gəzdirən ən bahalı maşınlarını hər il yenisi ilə əvəz edir. Həmin avtomobillərin bazar qiyməti isə 30 min dollardan yüksəkdir. Haqlı olaraq sual olunur: “kasıb” partiya sədri bu maşınlarına, şəxsi sürücüsünə və cangüdənlərinə  ayda xərclədiyi təxminən 300 min manatadək vəsaiti haradan tapır?

Artıq Əli Kərimlinin tərəfdarları da onun bu korrupsiyasından beziblər. Hətta ən yaxın adamları ondan üz döndəriblər. Zamanla Asim Mollazadə, Əliməmməd Nuriyev, Sahil Kərimov, Qulamhüseyn Əlibəyli, Razi Nurullayev və daha onlarla partiya funksioneri məhz Əli Kərimlinin aşırı tamahına dözməyib bu partiyadan uzaqlaşıblar.

Əslində, bu partiyanın kağız üzərindəki mövcudluğu Əli Kərimliyə ona görə lazımdır ki, xarici qrantları asanlıqla alıb asanlıqla da xərcləyə bilsin. Bütün hallarda dağıdıcı müxalifətin siyasi davranışları hələ də feodal düşüncəsi təsiri bağışlayır. Dövlət, millət və Vətən məfhumlarını şəxsi mənafelərinə qurban verən bu düşərgə mənsubları nəinki bəşəriliklərini, hətta milliliklərini də itiriblər.

Məsələn, Əli Kərimlinin müavini Gözəl Bayramlının az qala hər ay Gürcüstan səfəri onun əqidədaşlarının da diqqətindən yayınmadı. O, burada gürcü ekstremistlərin dostu  olan Daşqın Ağalarovun və “Aros” adlı erməni qəzetinin əməkdaşı Arzu Qeybullayevanın vasitəsilə kirli pulların Əli Kərimliyə ötürülməsinə nail olmuşdu. Belə ki, Gözəl Bayramlı xaricdəki antiAzərbaycan qüvvələrdən 10 min dollaradək vəsaiti gizli yollarla Azərbaycana keçirib, şəxsən Əli Kərimliyə təqdim edirmiş.  

Qeyd edək ki, ötən ildən başlayan məhkəmə prosesinin nəticəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun hər ay Rusiyadan Əli Kərimliyə külli miqdarda pul göndərməsi faktı da öz təsdiqini tapıb. Faktla bağlı həbs olunanların və şahidlərin ifadələrində bildirilir ki, Əli Kərimli bu pulları ölkədə mitinqlər keçirmək, siyasi sabitliyi pozmaq üçün alırmış.

Bu məsələdə, yəni Əli Kərimlinin çirkli maliyyə mənbəyinin tapılması və onun kəsilməsi istiqamətində ölkəmizin hüquq mühafizə orqanlarının, o cümlədən Vergilər Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Axı Əli Kərimli biznesmen deyil, elmi nailiyyətləri yoxdur ki, onun ciddi maliyyə qaynaqları olsun. Əgər bunlar yoxdursa, onun anti-Azərbaycan fəaliyyəti üçün əldə etdiyi maliyyəsi haradan gəlir?

Bu, bir həqiqətdir ki, dağıdıcı müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma  “Milli Şura” xarici maliyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafelərinə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Məhz bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni bu partiyalar demokratiyadan dəm vursalar da əslində, burada azlığın çoxluq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 19 ildir ki, AXCP sədridir. Bu 19 ildə  onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında   heç proqressiv dəyişiklik yoxdur. Eyni zamanda, bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da partiya rəhbərliyindən uzaqlaşır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla  çıxış etmək gücündə də deyillər. Sanki onların  vəzifələri sadəcə  hakimiyyətə böhtan atmaq, cəmiyyətdə gedən prosesləri tənqid və təhdid etməkdir. Təbii ki, belə siyasətbazların fəaliyyətinin bir gün dalana dirənməsi gözlənilən idi. İndi dağıdıcı düşərgə elə bir iflas mərhələsinə çatıb ki, onları, necə deyərlər,  heç fələk də qurtara bilməz. Hətta xaricdən aldıqları çirkli pullar da bu antimilliləri xilas etmək gücündə deyil.