KÖŞƏ

Sevinc Mürvətqızı

Həyatımızdakı “Ağlama divarı”: anlayana qədər ağlamaq...

06 mart 2019 10:37
737

Nəhayət ki, ağlımın başıma gəldiyi o göz(əl)lənilən günlərin birində özümü artıq hər anlamda böyümüş şəkildə illərdir önündə göz yaşı axıtdığım bir “Ağlama divar”ının önündə tapdım. Bu, bütün ruhumla, mənəvi və fiziki mövcudluğumla mən idim. Günah, xəta, yanlış hesab etdiklərimi gözümün bitməyən yaşı ilə paklamağa çalışaraq üzümü söykəyib sıtqadığım bu soyuq, faydasız divarlar nə idi bəs? Dilimdəki dualarımla, beynimdəki illüziyalarımla, bacardığım qədər içimdə qoruyub saxlamağa çalışdığım işıqla, bəzən ətrafdakıları güldürəcək qədər saflığımla qarşında durub dua edər kimi tapındığım bu divar adamlar kim idi belə? Mən nə zaman öz ruhumun qibləsini unudub içimdəki bir parça işığı bu “divarların” qaramatına etibar edəcək qədər kütləşmişdim? İllərdir müqəddəs bildiyim bu “ağlama divarları” lal-dinməz məni dinləməkdən, iztirablarımı sadəcə bir nəfəs məsafəsindən izləyərək sarsıntılarıma soyuq daş üzləri ilə şahidlik etməkdən başqa nə etmişdilər?  Bunu anlayacaq məqama niyə belə gec qalmışdım?  Ovuclarımı bu daşların soyuq sinəsinə sıxıb üzümü söykədiyim  bu “Ağlama divarı”nın fərqinə niyə indiyədək varmamışdım axı? Həyatın gündöyənində başıma isti vuranda, ayaqlarımı qəddarlıqların ayazında buz kəsəndə mən bu “ağlama divarları”ndan nə ummuşdum?

Xatırlayıram, bu divarların soyuq üzündə istehzalı baxışları da görürdüm, o baxışların bəzən ani görünən mərhəmət və sevgi parıltısı məni illərlə müqəddəs sanıb əl və ürək qoyduğum o daşlara sadəlövhcəsinə inanmağıma səbəb olurdu. Bəzən dilimdəki duaların əks-sədası geri qayıdırmış kimi hiss etdiyim də olurdu. Amma bu, sadəcə mənim hissiyatım idi. Bunu isə çox sonralar anlayacaqdım...

Həyatın ən ağır ironiyasını üzünə çırpdığı günlərdən biri də müqəddəs sandığının qarşısında özünü, günahsızlığını, təmizliyini  isbatlamağa çalışdığın “ağlama divarları”nın sadəcə quru, kələ-kötür daşlardan ibarət bir maneə olduğunu dərk etdiyin gündür. Daş-kəsək ruhlu o divarın sənin heç bir dərdinə dərman olmadığını anlayanda  ovucunu və ürəyini qoyduğun  o “Ağlama divarı”na min illərin hikkəsi ilə yumruq vurub aralandığın gün gəlir. İndiyə qədər soyuq üzünü üzünə söykədiyin o daşların bu gün amansızlıqla əlini qanatmasına rəğmən o yumruqlar həyatı anlamanın möhürü kimi çırpılır hədəfə...

O divarın saxta əzəməti ilə nə zamansa qutsal bildiyindən qopmağın zövqü də bir o qədər düz mütənasibdir. Əlbəttə, gözəl günlərin birində müqəddəs sandıqlarının sənin göz yaşlarına, illərinə,  fədakarlığına və özünüisbatına  dəymədiyini anlamaq ən çəkilməz iztirabların qarantıdır. Amma iztirablar bir gün bu və ya digər şəkildə mütləq bitir. Ona görə də üzünü çevirib tərk etdiyin divarlara gedərayaq dönüb baxmaqda fayda var. Çünki sinəsinə söykənib ağladığımız və isindiyini güman elədiyimiz o divarları sadəcə göz yaşlarımızın və ürəyimizin hərarətinin qızındırdığına əmin olmalıyıq. Bitirməyin ən gözəli, tərk edilən divarları kənardan izləməkdir. Yalnız bu zaman sözün tam anlamında sadəcə ürəyindən asılmağa xidmət edən o daşları unutmaq, həyat yolunun üstündən birdəfəlik süpürləyib atmaq mümkündür.

Bir gün hər kəs gec-tez öz “Ağlama divarı”nın həyatındakı anlamsızlığını anlayır; Kimi duasının ən şirin yerində, kimi göz yaşının yanağını kəsdiyi məqamda, kimi öz duaları daşlara dəyib ah kimi üstünə  töküləndə, kimi iki əlini açıb divarı qucaqlayıb isitmək istəyəndə daşların kələ-kötürü ilə əziləndə, kimi də bir gün başqalarının ondan əvvəl yumruqlayıb laxlatdığı o divarlar üstünə çöküb  sonunu gətirəndə mütləq anlayır...

Anlamağın  xəyal qırıqlığından bizi qurtaran da əslində elə o dərketmənin verdiyi daha böyük zövqdür. Anlamaq əzablıdır, amma həm də sonunda hüzur verir, ruha dinclik gətirir. Dilində dualar gətirib göylərə ucaltdığını bir gün üzünü çevirib gedərək yerlərə endirməyə əşhədü-ehtiyac olur...

Dönüb geri baxanda daşların üstündən süzüldüyünü gördüyünüz illərlə sizin axıtdığınız göz yaşlarıdır, əslində. Yoxsa ki,  “Ağlama divarları” heç ağlamırlar, unutmamaqda fayda var... Siz gedəndən sonra da o divarları yenə müqəddəs bilib qarşısında  dua edib ona sığınıb ağlayanlar olacaq. Anlayana qədər ağlayacaqlar...

Amma bu yazı ağlamaqlı təziyə ilə deyil, gerçək “Ağlama divarı”na aid  təbəssüm doğuran qaravəlli ilə sonlanacaq: “Qüdsdə çalışmaq üçün göndərilən bir jurnalist ixtiyar  bir musəvinin hər gün səhər-axşam oradakı “Ağlama divarı”nın qarşısında dua edib ağladığını  müşahidə edir. Bir gün icazə alıb ondan müsahibə götürür. Keçirdiyi ömür, həyatı, arzuları haqqında suallar verib qənaətbəxş cavablar alır. Sonda jurnalist soruşur:

-Deyirsiniz ki, 50  ildir hər gün “Ağlama divarı”nın önündə dua edirsiniz. 50 ildir bezmədiniz? Bu gün necə bir duyğu içindəsiniz, nələr hiss edirsiniz?

Musəvi dərindən ah çəkib bezgin  səslə cavab verir:

-Vallah, bilmirəm  artıq. Sanki illərdir daş-divarla danışırammış kimi  bir hiss var içimdə...”

Təbəssümlə  bitirdiniz yazını, eləmi? Həqiqətən anlayanda nsonda hamı üçün təbəssüm tapılır...

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər