04 iyun 2026 10:37
219

Müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ əvəz edir - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tamhüquqlu sahibi olurlar

Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və didərgin salınmış məcburi köçkünləri həmişə diqqət mərkəzində saxlayıb. Obrazlı şəkildə desək, onları bağrında basıb. Hər dəfə onlarla görüşəndə “Arxayın olun ki, öz kəndlərinizə qayıdacaqsınız, mütləq qayıdacaqsınız” deyən Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı onların yaralı qəlblərinə məlhəm olub. Bu missiyanı Prezident İlham Əliyev də uğurla davam etdirib.

Faktlara müraciət edək. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Prezident tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Onların  arasında Prezidentin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə bu istiqamətdə əsas strateji sənədlərdən biri olub. Torpaqlarımızın işğal altında olduğu dövrdə çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayan və bir sıra sosial problemlərlə üzləşən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya, kommunal xidmət güzəştləri və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib. Məsələn, təhsil sahəsində tətbiq olunan dəstək tədbirləri məcburi köçkün ailələrindən olan gənclərin təhsil imkanlarının qorunmasına və inkişafına töhfə verib. 2025/2026-cı tədris ilində ödənişli əsaslar ilə yeni qəbul olmuş 3 923 məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanmaqdadır. Dövlət tərəfindən görülən tədbirlərin nəticəsində onların məşğulluq imkanları artırılıb, yoxsulluq həddi minimuma endirilib.

Məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqram”nın Tədbirlər Planı təsdiqlənib. Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə hazırda 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib. Onu da qeyd edək ki, onların rahat, təhlükəsiz yaşayışı üçün zəruri olan bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, müasir xəstəxanalar, məktəblər və bağçalar sıfırdan yaradılır.  Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan qaçqınlar probleminin həllində dünyaya nümunə göstərib. 

Uzun illər ərzində məcburi köçkünlərin müdafiəsinə yönəlmiş xüsusi mexanizmlər öz tarixi missiyasını yerinə yetirərək, bu gün yeni reallıqlara uyğun şəkildə yenidən formalaşdırılır. Elə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi də bundan irəli gəlir.  Müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur. Yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tamhüquqlu sahibi olurlar.  Şübhəsiz, mülkiyyət hüququ eyni zamanda sosial məsuliyyət hissini də gücləndirir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”