O xalq xoşbəxtdir ki, ən çətin günlərində böyük rəhbəri var . Bizim də xoşbəxtliyimiz müstəqilliyimizin kövrək dövründə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır. Hamımıza məlumdur ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qət edilən yol tarixi hadisələrlə o qədər zəngindir ki, ölkəmiz sanki yüz illik inkişaf yolu keçib. Ancaq unutmaq olmaz ki, o zamankı kövrək müstəqilliyimiz möhkəmlənənə qədər saysız-hesabsız çətinliklərlə üzləşib.
1993-cü ilə qədər müstəqilliyimiz təhlükə altında qalsa da, həmin ilin iyununda Azərbaycanın dahi oğlu Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu şübhə aradan qaldırıldı. Mahir idarəetmə ustası olan Ulu Öndər hüquqi dövlət quruculuğu üçün lazım olan siyasi şəraitin formalaşdırılmasına nail oldu.
O zaman ölkənin ictimai-siyasi həyatı olduqca mürəkkəb idi və müxtəlif silahlı qruplar sözün əsl mənasında ölkədə at oynadırdılar. Xalqımız böyük çətiniklərlə qarşılaşmışdı. Əvvəlki beş ildə dəyişən dörd rəhbər ölkəni anarxiya və xaos vəziyyətinə gətirmişdi, cinayətkarlıq, siyasi ziddiyyətlər baş alıb gedirdi, iqtisadiyyat çökmüş, çörək qıtlığı yaranmışdı. İndi demokratiyadan dəm vuran, lakin hakimiyyətə silahlı çevrilişlə gəlmiş AXC-Müsavat cütlüyü iqtidarda olanda ölkəni vətəndaş müharibəsinin astanasına sürükləmişdi. Separatçılar xarici dairələrlə əlbir olub gizli danışıqlar apararaq Azərbaycanı parçalamaq üçün razılaşdırılmış xəbis planlarını işə salmışdılar. Bunlardan istifadə edən Ermənistan silahlı qüvvələri isə qarşısında ciddi maneə görməyərək daha da işğalı genişləndirir, ölkənin içərilərinə doğru irəliləyirdi.
1991-ci il oktyabrın 18-dən 1993-cü il iyunun 15-dək keçən dövrü itirilmiş illər kimi qəbul etsək, yəqin səhv etmiş olmarıq. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev çox qısa müddətdə bütün problemləri özünəməxsus tərzdə həll etdi. Dahi rəhbərin müdrikliyi onda idi ki, həlli çətin olan problemləri səbr və təmkinlə, yüksək ağıl və siyasətlə aradan qaldırırdı. Uzaqgörən lider yaxşı bilirdi ki, Azərbaycanı vətəndaş müharibəsindən və başqa təhlükələrdən qurtarmaq üçün Ermənistanın başladığı müharibə tezliklə dayandırılmalıdır. Ona görə də ilk növbədə Ermənistanla atəşkəsə nail olundu, milli müstəqilliyin qarantı olan ordu quruculuğuna başlandı, ictimai-siyasi sabitlik bərqərar edildi. Əlikram Hümbətovun, Surət Hüseynovun və Rövşən Cavadovun dövlət çevrilişlərinə cəhdlərinin qarşısı alındı, bununla da Azərbaycanda əmin-amanlıq təmin edildi. Xarici siyasət fəallaşdırıldı, milli maraqlara uyğunlaşdırıldı və neft strategiyası həyata keçirilməyə başlandı. 1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığı və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığına geniş meydan açıldı, mətbuat üzərindən senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də məşhur “Əsrin müqaviləsi” imzalandı.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Qətiyyətlə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir.
Beynəlxalq arenada apardığı fəal siyasət ulu öndər Heydər Əliyevə böyük şöhrət qazandırmışdır. Dünyanın məşhur siyasətçiləri və dövlət xadimləri onu yüksək qiymətləndirmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl demişdir: “Heydər Əliyev Azərbaycanı israrla və demokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur.” Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer isə Ulu Öndəri belə xarakterizə etmişdir: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.”
Bəli, fəxrlə demək lazımdır ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək.”
Hamımız üçün fərəhlidir ki, Azərbaycan xalqı üçüncü minilliyə öz müstəqil dövləti ilə qədəm qoymuşdur. Minilliyin başlanğıcında Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dövlətçilik, iqtisadi-siyasi, sosial-mədəni sahələrdə böyük uğurlar qazandı, dünya birliyində öz yerini möhkəmlətdi.
Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirməklə xalqımıza daha bir böyük xidmət göstərmişdir. Dahi rəhbər 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə həm Ümummilli Liderin, həm də xalqın ona bəslənən ümidlərini tamamilə doğrultdu. Həmin vaxtdan Azərbaycanda bütün sahələrdə aparılmış islahatlar daha da dərinləşdi, ölkəmiz dinamik inkişaf yoluna çıxarıldı. Bir çox yeni istehsal sahələri yaradıldı, işsizliyin səviyyəsi ilbəil azaldı, əhalinin maddi rifah halı yaxşılaşdı.
Müstəqilliyimizin bərpasından ötən iyirmi altı ildə keçilən yola nəzər salarkən gələcəyə doğru inamla gedən azad, suveren, demokratik və sürətlə tərəqqi edən firavan Azərbaycan aydın görünür. Bu azad, suveren və müstəqil dövləti bizə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Ona görə də biz Ulu Öndərimizin xatirəsini daim minnətdarlıqla yad etməliyik.
Vəli İlyasov, “İki sahil”