31 may 2018 22:11
1379

Azərbaycanda iqtisadi inkişafın Cümhuriyyət dövrü

Xalqımıza istiqlaliyyətin şirinliyini bəxş edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) üzərinə götürdüyü çətin, tarixi vəzifələri çox böyük çətinliklərlə də olsa yerinə yetirməyə çalışdı. AXC çətin tarixi şəraitdə müstəqillik qazanıb. Qısa müddətdə ölkənin parlamenti, hökuməti formalaşdırılıb, bayrağı, himni və gerbi yaradılıb, o cümlədən ana dili dövlət dili elan olunub. AXC-nin xalq hakimiyyəti və insanların bərabərliyi prinsipini əsas götürdüyünü, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdığını, müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verdiyini  tarixi faktlar təsdiqləyir. AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə tariximizdə silinməz izlər qoyub. Cümhuriyyətin yaranması xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdi, ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdı.

Cümhuriyyətin ilk illərində yaranan biri-birindən ağır və müşkül olan çətinliklərə baxmayaraq problemlərin aradan qaldırılmasına çalışan hökumət üzvləri dövlətin daxili və xarici siyasətini müəyyənləşdirməklə ölkədə sabitliyin yaradılmasında, iqtisadiyyatın inkişafı istiqamətinlə başqa ölkələrdə Azərbaycanın tanınması istiqamətində önəmli addımlar atdılar. AXC daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı iqtisadi, siyasi əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində mühüm addımlar atdı.  AXC-nin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya təcrübəsi əsasında həyata keçirmək nəzərdə tutulurdu. Məsələnin bu şəkildə qoyuluşu dövrü mətbuatın səhifələrində müxtəlif baxışların ortaya çıxmasına səbəb olurdu. "Bakinskaya jizn" qəzetində çıxan bir sıra məqalələrdə Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin aradan qaldırılması təklifi irəli sürülürdü. "Azərbaycan" qəzetində dərc olunan məqalələrdə isə göstərilirdi ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə bağlansa da, bu iki respublika arasında qarşılıqlı iqtisadi əlaqələrdə gömrük hədləri olmalıdır, hökumət əmtəələrin idxal və ixracını tənzimləməlidir. Xüsusən, taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz satılması Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı.

Cümhuriyyətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri, ilk növbədə, ölkədə kapitalist münasibətlər sisteminin inkişaf etdirilməsi oldu. Bunun üçün o dövrdə regionumuzda geniş yayılmış bolşevik ideyalarının əksinə olaraq, mülkiyyətin çoxnövlülüyü qanunla təsbit edildi və müstəqil Azərbaycan iqtisadiyyatında iqtisadi subyektlərin başlıca stimul mənbəyi olacaq xüsusi mülkiyyətin üzərində dayanıldı.

İqtisadi siyasətinin digər bir istiqaməti maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsi idi. Qısa müddət ərzində Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank quruldu və bu bankın sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi Bəhramov "İki sahil" qəzetinə açıqlamasında məlumat verdi ki, 19-cu əsrin 90-cı illərindən başlayaraq Rusiya imperiyasında istehsal olunan neftin ümumi həcminin 85 faizi Bakının payına düşmüşdü, bu isə dünya neft istehsalının təxminən yarısını təşkil edirdi: "Neft sənayesini böhrandan çıxarmağa çalışan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən bu sahədə konkret addımlar müəyyənləşdirdi. Azərbaycan parlamenti neft istehsalı və satışını öz nəzarətinə aldı, bununla bağlı olaraq dəfələrlə hökumətin məruzələrini dinlədi, neft sənayesinin rentabelliyinin yüksəlməsinə yardım edən bir sıra qanunverici sənədlər qəbul etdi."

C.Bəhramov qeyd etdi ki, neft Azərbaycanda ixracatın əsas mənbəyi olduğundan hökumət onunla əlaqədar iqtisadi əlaqələri bərpa etməyə çalışırdı: "Rusiya bazarı respublika üçün məlum səbəblərə görə itirildiyindən bütün diqqəti Azərbaycanın dünya bazarına neft ixracına imkan verən Bakı-Batum neft kəmərindən istifadə etməyə yönəltmək lazım idi. Bu kəmərin taleyi çox mürəkkəb idi. Onun tikintisinə hələ XIX əsrin sonlarında - 1897-ci ildə başlanmış, 1907-ci ilin iyulunda isə başa çatdırılmışdı. Ümumi uzunluğu 830 kilometr olan neft kəməri Zaqafqaziya Dəmir yolu boyunca uzanıb gedirdi. 1917-1918-ci illərdə neft kəməri üzərində iş aparılması haqqında olan müxtəlif məlumatlar mahiyyət etibarı ilə məhz həmin neft kəməri ilə bağlı idi. Azərbaycanın müstəqilliyi elan olunduğu məqamda neft kəməri  işləmirdi Bakı-Batum marşrutu ilə neftin ötürülməsi yalnız 1918-ci il dekabrın 12-də bərpa olundu. Bunun ardınca 1918-ci il dekabrın 26-da Azərbaycan və Gürcüstan arasında "Azərbaycan dəmir yolunun Zəyəm stansiyasından Gürcüstan dəmir yolunun Saloğlu stansiyasınadək neft ötürülməsinin müvəqqəti qaydaları" haqqında tranzit müqaviləsi bağlandı."

Neft və neft  məhsullarının satışı ilə əlaqədar xarici şirkətlərlə, xüsusən ingilis, italiya, amerika şirkətləri ilə iqtisadi sazişlər, ticarət kontraktlarının bağlanması  istiqamətində  müəyyən addımlar  atıldı.  Azərbaycan Demokratik Respublikası aqrar siyasət sahəsində  bütün torpaqların  əvəzsiz olaraq kəndlilərə verəcəyini elan  etdi. Lakin  məlum  səbəblər  ucbatından  ölkənin  iqtisadi inkişafı üzrə  müəyyən edilmiş  digər  tədbirləri  həyata  keçirmək  mümkün  olmadı.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi. Cümhuriyyət hökuməti tərəfindən ölkədəki maliyyə məsələrinə  də  diqqət  yetirilirdi. Hökumətin 3 mart 1919-cu il tarixli qərarı ilə  Bakı  bonunun  Zaqafqaziya  bonuna  sərbəst   dəyişdirilməsinin elan edilməsi  Maliyyə  nazirinə  tapşırıldı. Daha sonra  hökumətin  26  may   1919-cu  il  tarixli   qərarı  ilə  Azərbaycan  Dövlət  bankı  təsis  edildi.  Hökumətin  26   may  1919-cu  il  tarixli  digər  qərarı  ilə  maliyyə  nazirliyinə 250  manatlıq pul nişanının  buraxmasına  icazə  verildi.

Cəbi Bəhramov tarixi araşdırmalara əsasən bildirdi ki, AXC parlamentinin fəaliyyəti dövründə təqdim olunmuş 315 qanun layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi: "Parlamentə təqdim olunmuş bir qanun layihəsinə görə, vergi məsələsi ilə bağlı bütün şikayətlərə Maliyyə Nazirliyi əməkdaşlarından ibarət şura baxmalı idi. Bütün siyasi partiyalar, o cümlədən hökumət partiyası olan "Müsavat" da dolayı vergilərin ləğvi və mütərəqqi gəlir vergisinin tətbiq edilməsini istəsələr də, hökumət və parlament əlavə vəsait əldə edilməsi məqsədilə tez-tez dolayı vergilərin tətbiqinə məcbur olurdu. Azərbaycanın mövcud şəraitində kənd təsərrüfatının əsas özəyini əkinçilik təşkil etdiyi bir halda, ona müasir vergi sistemi tətbiq etmək çox çətin məsələ idi. Bütün bunlar dövlət büdcəsinin vaxtında tərtibinə və xərclərinin bölüşdürülməsinə mənfi təsir göstərirdi. Vergi siyasətindəki vəziyyət bir də o səbəbdən ağırlaşmışdı ki, bütün yerlərdə vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən məsul struktur orqanlar yox idi, o zaman vergiləri qəza rəisləri yığırdılar. Maliyyə Nazirliyi nəzdindəki müvafiq vergi şöbəsi obyektiv səbəblərə görə vergi növlərini və ölkə ərazisini bütünlüklə əhatə edə bilməmişdi. Buna görə verginin qədəri smetada qabaqcadan təyin edilmədiyi üçün yığım və inhisarlar şöbəsi təsis etmək məqsədəuyğun hesab edildi."

Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət vermişdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir."

Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Vüsal Cahanov, "İki sahil"

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan  edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda  müsabiqəyə təqdim edilir