KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Sadə vətəndaşın obyektiv qiyməti – Prezidentə yazırlar

17 aprel 2020 10:42
3830

Qorxuducu koronavirus statistikası hər keçən gün daha da qabarmaqdadır. Dünyanın ən inkişaf etmiş dövlətləri nə edəcəklərini bilmir. Çaşqınlıq içindədirlər. Nəinki milyardlar, trilyon dollarla büdcəyə sahib, dünyada söz sahibi olan dövlətlər hər gün minlərlə vətəndaşının bu virusa yoluxmasını seyr etməkdən uzağa gedə bilmir. Bununla bərabər elə həmin ölkələrdə minlərlə insan virusa təslim olur, dünyasını dəyişənləri dəfn edib çatdırmaqda belə çətinlik çəkirlər. Artıq həmin dövlətlərin tibb işçilərinin, ayrı-ayrı kəsimlərə aid vətəndaşlarının etiraz səsləri də yüksəlməkdədir. Adamlar sərt karantin rejimini belə gözə almadan küçələrə çıxır, öz dövlətlərinə etiraz edir, effektiv müdafiə tədbirləri tələb edirlər. Lakin bu da heç nəyi dəyişmir. ABŞ kimi dünya nəhəngi başda olmaqla Almaniya, İtaliya, Fransa, İspaniya, Böyük Britaniya da daxil olmaqla ən inkişaf etmiş ölkələrdə gündəlik yoluxma sayı minlərlə, ölüm sayı da yüzlərlədir. Bu ölkələrdə hazırda yüz minlərlə yoluxan, on minlərlə dünyasını dəyişmiş insan qeydə alınıb. Bu rəqəmlərin azalması ilə bağlı hələ də ümid yeri yoxdur. Böyük pullar xərclənir, ən ciddi alimlər qurtuluş aramaq üçün cəlb edilib, lakin yenə də çıxış yolu görünmür.

Dünya belə bir durumdaykən əlbəttə ki, hər kəsin özünü xilas etməsi, eyni zamanda ümumi bəşəri bəlaya birlikdə sinə gərmək üçün səfərbər olunması qaçılmazdır. O baxımdan Azərbaycan ilk gündən ən çevik davranan ölkələrin önündə gedir. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı edən ölkələrin də ilklərindəndir. O qurumla işbirliyi şəraitində vətəndaşlarımızın qorunması üçün ən effektiv tədbirlər həyata keçirilir. Eyni zamanda nəticələrlə mübarizəyə deyil, önləyici tədbirlərə üstünlük verir Azərbaycan. Hələ bir çox aparıcı dövlətlər koronavirusu ciddiyə almazkən ölkəmiz ilkin önləyici addımları atdı, xaricdəki vətəndaşlarımızı belə xüsusi çarter reysləri təşkil edərək ölkəyə qaytardı. Eyni zamanda müxtəlif səbəblərdən xaricdə qalmalı olan vətəndaşlarımızla da sıx əlaqə quraraq onların qayğılarını üzərinə götürdü.

Azərbaycan dövlətinin vaxtında atdığı çevik önləyici addımlar öz bəhrəsini verməkdədir. Dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrilə müqayisədə bizdə virusa yoluxanların ümumi sayı hazırda həmin ölkələrdə bir neçə saata yoluxanların sayından çox deyil. Ölüm halları da eyni qaydada ən aşağı həddədir. Əlbəttə, sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Lakin ən azından indiki halda vəziyyətimiz qənaətbəxşdir.

President Ilham ALIYEV

Üstəlik, dövlət karantin təcridi şəraitində insanların gündəlik tələbat məsələlərini də öz üzərinə götürüb. Artıq işsiz vətəndaşlara minimum məbləğdə qarşılıqsız yardım edilir. Kiçik və orta sahibkarlığın ayaqda qalması üçün dövlət hesabına tədbirlər görülür. Gündəlik tələbat malları, əsasən də ərzaq təminatında heç bir problem – sıxıntı yaşanmır, əksinə, bolluqdur. Yəni elə bir şərait yaradılıb ki, insanlarımız dünyanın bu sıxıntılı günlərində mümkün qədər az narahat olsunlar. Bu şəraiti Azərbaycan dövləti – onun başçısı Prezident İlham Əliyev yaradır.

İlham Əliyevin usta dövlət rəhbəri olması sirr deyil. Onun müxtəlif ziddiyyətli və dünya üçün narahat dönəmlərdə Azərbaycanı az itki ilə vəziyyətdən çıxardığı hallar əvvəllər də olub. O, ucsuz-bucaqsız okeanlarda tufana qərq olmuş gəmini ustalıqla sahilə çıxarmağı bacaran az saylı kapitanlar kimi ölkəmizi belə durumlardan xilas etməsilə bu günə qədər dəfələrlə tarixə düşüb. İstər milli, istərsə də beynəlxalq platformalarda onun seçkin davranışları nəinki ölkəmizdə, bizə dost olan ölkələrdə, hətta bizə qarşı olan ölkələrdə də etiraf edilib.

İndi də Prezident İlham Əliyev heç kimin proqnozlaşdırmadığı koronavirusla mücadilədə dünya liderləri arasında fərqlənir. Qeyd etdiyimiz kimi, nəticələrlə mücadiləyə deyil, önləyici tədbirlərə üstünlük verməsilə elə ilk andan uduşlu çıxmağı bacarıb o. Eyni zamanda vətəndaşın sağlamlığını ön plana çəkməsi, ən sadə insanların tələbatlarının ödənməsi üçün dövlətin iradəsini səfərbər etməsi diqqətdən qaçmır.

Prezidentin belə davranışı təbii ki, xalq tərəfindən də fərq edilir. Ona görə də ona hər gün müxtəlif bölgələrdən yüzlərlə vətəndaş təşəkkür məktubları göndərir, gördüyü işləri təqdir etdiyini bildirir. Biz president.az saytında, ayrı-ayrı media qurumlarında, sosial mediada yayımlanan bu təmənnasız məktubları görüncə bir daha anlayırıq ki, vətəndaş məhz öz prezidentinə güvənir, onun Azərbaycanı bu ağır sınaqdan da uğurla çıxaracağına inanır.

Məktubların məzmunu bərbəzəkdən uzaq, sadədir. İnsanlar sadəcə ölkəmizi belə çətin günlərdə sabit saxlamağı bacardığına, vətəndaşlarda arxayınlıq yaratdığına görə, Prezidentə təşəkkür edirlər. Onlar öz inamlarını ifadə edirlər ki, Azərbaycan məhz İlham Əliyevin bir lider kimi ustalığı sayəsində bu mərhələni də minimum itki ilə adlaya biləcək. Belə bir inamın olması isə təbii ki, təsadüf deyil. Çünki insanlarımız həmişə ən çətin anlarında öz yanlarında məhz Prezident İlham Əliyevi görüblər. Adi bir zəlzələ, su daşqını, hansısa fəlakət hadisəsi baş verəndə sahəyə məsul şəxslərdən də öncə Prezident İlham Əliyevin özü hadisə yerinə yetişib, vətəndaşın yanında yer alıb, ona ürək-dirək verib, problemini qısa müddətdə həll edib. Ona görə də insanlarımız indiki koronavirus erasında Azərbaycanın qurtuluşunu Prezidentdə görür, ona təşəkkürlə bərabər öz dəstəklərini ifadə edirlər.

Açığı, vətəndaşların Prezidentə bu qədər çoxsaylı təşəkkür yazması vətəndaş olaraq bizi də ümidləndirir. Çünki bir var bizim kimi ictimai-siyasi proseslərin içində olan insanlar duruma qiymət versin, bir də var sadə vətəndaşlar, ayrı-ayrı sahələrdə işləməklə proseslərdən bir qədər uzaq olanlar. Əlbəttə ki, onların verdiyi qiymət indiki dönəmdə ən obyektiv qiymət sayıla bilər. O baxımdan Prezidentə ünvanlanan çoxsaylı məktublar həm də koronavirus dönəmində Azərbaycan dövlətinin davranışlarını öyrənmək baxımından gələcək üçün yaxşı material olacaq.