KÖŞƏ

Elçin Zaman

Şuşaya, Xankəndinə bayraq sancacaq igidlər

30 sentyabr 2020 17:57
2081

«İki sahil» qəzetinin baş redaktorunun müavini və daha  iki əməkdaşının övladları Azərbaycan Ordusunun sıralarına qatılıblar

Bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün Vətən müharibəsini davam etdirir. Əslində, bu mübarizə  bizim ölüm-dirim savaşımızdır. Ona görə ki, qismətimizə ermənilər kimi barbar, şərəfsiz və işğalçı bir millətlə qonşu olmaq düşüb. Ona görə də biz daim döyüşlərə, qanlı savaşlara hazır olmalıyıq ki, düşmən qarşısında dik dura, onlara qüdrətimizi və  möhtəşəm varlığımızı göstərə bilək.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları bu gün də böyük qələbələrlə davam edir. Bir gündə 7 kənd və onlarla strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Son 3 gün ərzində Ermənistan silahlı qüvvələrinin  2300-dən çox  hərbçisi öldürülüb və yaralanıb. Yüzlərlə ağır texnikası, artilleriya qurğuları məhv edilib.

Bu gün də savaş meydanında hərbi üstünlük Azərbaycan Ordusu tərəfindədir. Erməni hərbçiləri silahlarını və hərbi texnikanı səngərlərə atıb qaçırlar. Hətta xaricdən gətirdikləri terrorçuların və muzdlu döyüşçülərin Azərbaycan Ordusu qarşısında vahimə ilə qaçması faktları mövcuddur.

Bir sözlə, bu hərbi üstünlüyümüz Azərbaycan xalqında böyük döyüş əhval-ruhiyyəsi yaradıb. Xalqla Ali Baş Komandanın birlik nümayiş etdirməsi qələbələrimizin əsas təməl prinsipidir. Məhz  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin «Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında» 2020-ci il 28 sentyabr tarixli Sərəncamı bütün ölkəmizdə olduğu kimi «İki sahil» qəzetinin kollektivində də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Artıq «İki sahil» qəzetinin baş redaktorunun müavini, həmçinin qəzetimizin daha iki əməkdaşının övladları da yenidən ordu sıralarına hərbi xidmətə çağrılıblar. Onlar işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur hissi keçirdiklərini vurğulayıblar.

Biz inanırıq ki, digər qəhrəman Azərbaycan övladları kimi,  onlar da Ordumuzun zəfər döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurmaqla xalqımıza yeni qələbələr bəxş edəcəklər. İnanırıq ki, onlar Xankəndinə, Şuşaya, Ağdama, Füzuliyə, Qubadlıya, Kəlbəcərə, Laçına, Zəngilana və işğal altındakı digər  torpaqlarımıza üçrəngli bayrağımızı sancacaq qəhrəmanlarımız olacaqlar.

Allah Sizi qorusun Azərbaycan döyüşçüləri! Qoy bu haqq savaşında nəsibiniz ancaq qələbələr  və uğurlu döyüşlər olsun! Sizin doğma ocağınıza qalib Ordunun igid əsgərləri kimi qayıtmağınızı gözləyirik.