01 may 2020 10:19
3356

SOCAR-ın “Neftqaztikinti” Tresti də xüsusi karantin rejimində fəaliyyət göstərir - FOTO

Karantin rejimi günlərində və ondan əvvəl tətbiq olunan sosial izolyasiya tədbirləri zamanı fəaliyyəti həyati əhəmiyyət kəsb edən sahələr sırasında SOCAR və onun tərkibinə daxil olan müəssisələr də var. Koronavirus infeksiyası yayılmağa başladığı andan etibarən ölkəmizin neft sektorunda 24/7 prinsipi ilə gecə-gündüz çalışan fədakar neftçilərimiz hər zaman olduğu kimi, bu çətin dövrdə də “ön cəbhə”dədirlər.

SOCAR-ın bütün müəssisələri koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə müəssisələrdən biri də “Neftqaztikinti” Trestidir.

“Neftqaztikinti” Tresti SOCAR-ın digər idarələri kimi, artıq mart ayından fəaliyyətini xüsusi rejimdə davam etdirir. Trestdə dərhal bir neçə istiqamətdə işlərin icrasına başlanıldı. Bunlardan biri əksepidemik tədbirlər idi. Pandemiyaya qarşı Trestin istehsalat sahələrində qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Mövcud epidemik vəziyyətlərdə və buna uyğun tətbiq edilən izolyasiya rejimlərində iş prinsipinə gəlincə, xüsusi karantin rejimində SOCAR-ın digər müəssisələri kimi, “Neftqaztikinti” Tresti də fəaliyyətini Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimləyir.

Trestin müdiri Qağaməli Seyfullayev “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, qurumun bütün bölümləri xüsusi iş rejimdə fəaliyyətlərini davam etdirirlər: “Trestin bütün strukturlarında bayram günlərindən sonra karantin tədbirləri daha da gücləndirilib və bu gün hər bir əməkdaş imkan olduğu qədər özünü təcrid etmək şərti ilə işləyir. Trestin İdarəetmə aparatı başda olmaqa tərkibinə daxil olan müxtəlif profilli yeddi Tikinti Quraşdırma Bölümü, İxtisaslaşdırılmış Təmir Tikinti Bölümü, Dəmir-Beton Məmulatları İstehsalı Bölümü, Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Bölümü, Anbar Təsərrüfatı Bölümü üzrə ümumilikdə 4000 nəfər əməkdaşdan 676 nəfəri xüsusi karantin rejimi ilə əlaqədar ödənişli məzuniyyətə buraxılıblar. Ödənişli məzuniyyətdə olan əməkdaşlar evdən (From Home) fəaliyyətlərini davam etdirməkdədirlər.”

Qağaməli Seyfullayev məlumat verib ki, hazırda “Neftqaztikinti” Tresti Azərbaycan Respublikasının əksər regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən SOCAR-ın digər təşkilatları) üçün podratçı olaraq müxtəlif növ işləri və xidmətləri yerinə yetirir: “Bu gün mövcud çətinliklərə baxmayaraq, “Neftqaztikinti” Tresti olaraq üzərimizdə böyük bir məsuliyyət var. Həyati əhəmiyyətli obyektlərdə işlərin dayandırılmaması, cəmiyyətimizin ayaqda durması üçün fəaliyyəti vacib olan neft platformalarında və qurğularında, eləcə də digər sahələrdə təxirəsalınmaz təmir və tikinti işlərinin icrası üçün minimal sayda işçilər işlərə cəlb edilmiş və bu məqsədlə bütün səy və qüvvələr səfərbər edilmişdir. Trestin hər bir əməkdaşı qarşıya qoyulan tapşırıqların layiqincə icrası üçün əlindən gələni etməkdədir. Bu cür böhran hallarında Trest tərəfindən icra olunan layihələrlə bağlı qarşıya qoyulan məsələlər operativ həll olunur.”

Trestin müdiri qeyd edib ki, 2020-cu ilin I rübü ərzində SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən “Abşeronneft” NQÇİ-də 1 SDÖ təhvil verilib, biri N.Nərimanov adına NQÇİ-də, biri “Neft Daşları” NQÇİ-də olmaqla ümumilikdə 2 estakadayanı meydançanın (EYM) əsaslı təmiri işləri başa çatdırılıb: “Rüb ərzində 4 platformada aparılan əsaslı təmir işlər hazırda davam etdirilir. I rübdə Trest tərəfindən 479 metr uzunluğunda estakadanın təmiri, 150 metr uzunluğunda estakadanın tikintisi başa çatdırılıb. Həmçinin 2422,5 m2 estakadayanı meydançanın tikintisi tamamlanıb, yaxın günlərdə istismara təhvil verilməsi planlaşdırılır. Hazırda 2 ədəd platformanın tikinti işləri, 1 ədəd platformanın isə metalkonstruksiyalarının yığılması işləri Zığ istehsalat sahəsində davam etdirilir.”

Q.Seyfullayev vurğulayıb ki, görülən işlərlə yanaşı, “Neftqaztikinti” Trestinin yüzə yaxın əməkdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qana ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqında təşəbbüsünə qoşularaq aprelin 20-də qan verib: “Bütün fədakar neftçilərimizə cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrı cənab Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı, o cümlədən qəhraman neftçilərimizi qorusun.”

Orxan Vahidoğlu, “İki sahil”