Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Mənsumə Babayeva

Terrorçu dövlətə daha bir humanistlik dərsi

30 oktyabr 2020 18:30
708

Məlum olduğu kimi, sentyabrın 27-də Azərbaycan Ordusunun Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücum əməliyyatın gedişində 3 dəfə humanitar atəşkəs elan edilib. Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşısında humanitar atəşkəslə bağlı öhdəlik götürməsinə baxmayaraq, onun tələblərini hər dəfə pozub.

Humanitar atəşkəs rejimi döyüş bölgələrindən əsgər cənazələrinin götürülməsi və əsirlərin dəyişdirilməsi üçün tətbiq edilir. Ancaq Ermənistan öz hərbçilərinin meyitlərindən imtina edərək onları götürmək və əvəz etmək istəmir. Əks-hücum əməliyyatı nəticəsində ermənilər yaşlı insanları belə atıb qaçıblar. Azərbaycan hərbçiləri isə onları götürərək arxa cəbhəyə aparıblar.

Şübhəsiz ki, Ermənistanın döyüş bölgəsində atıb qaçdığı yaralı, ölü əsgərlərdən imtina etməsi itki sayını gizlətmək məqsədilə olub. Qorxurlar ki, əsgər anaları, ailələri övladlarının başqasının torpağında ölməsini Ermənistan  hakimiyyətinə bağışlamazlar. Ancaq bütün bunlara baxmayaraq, Dağlıq Qarabağda erməni əsgərlərinin ölməsindən rəsmi İrəvan heç də narahat deyil.

Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu məsələyə toxunub: “Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür.

...Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin”.

Azərbaycanın vasitəçilərə və uyğun təşkilatlara çoxsaylı müraciətindən sonra Ermənistan yerindən tərpənib. Oktyabrın 29-da erməni əsgərlərinin meyitlərinin bir qismi və bir qoca Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib. Bununla da Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda həlak olmuş hərbçilərin cəsədlərinin təhvilinə dəstək göstərib.  

Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirilib. BQXK bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib. Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana təhvil verilib. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.

Cəsədlərin təhvili prosesi Minsk qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.

Bununla da torpaqlarını işğalçılardan təmizləyən Azərbaycan Ermənistana meyitlərini qaytarmaqla humanistlik dərsi də verir. “Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir” söyləyən Baş prokuror Kamran Əliyev oktyabrın 30-da keçirilən brifinqdə bildirib: “Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyənləşdirilir”. K.Əliyevin sözlərinə görə, əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır: “Bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi aşkarlanıb. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?